Kremldən Paşinyana cavab –"Ermənistan istəyirsə, KTMT-ni tərk edə bilər"

Ermənistan bu təşkilatda üzvlüyün ölkənin milli maraqlarına uyğun olmadığını düşünərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etmək hüququna malikdir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-dən çıxarılmasından məmnun olacağı barədə fikrini şərh edib.

“Əgər İrəvan milli maraqları baxımından belə mühüm regional təhlükəsizlik təşkilatında üzvlüyə artıq ehtiyac duymursa, müvafiq qərar qəbul etmək və təşkilatı tərk etməkdə azaddır”, – deyə Peskov bildirib.

Kreml sözçüsünün sözlərinə görə, indiyədək Ermənistan rəsmiləri müxtəlif səviyyələrdə ölkənin KTMT-də üzvlüyünü dondurduğunu, lakin hələlik təşkilatdan çıxmağı planlaşdırmadığını bildiriblər.

“Ən azı indiyədək Ermənistan tərəfindən belə açıqlamalar eşitmişik”, – deyə o qeyd edib.

“Aİ-yə üzvlük Ermənistan üçün problemlər yarada bilər”

Peskov Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətinə də münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra ölkə Avropa İttifaqı standartlarına uyğunlaşmaq üçün qanunvericiliyində geniş dəyişikliklər etməli olacaq.

Bu dəyişikliklərin ticarət, fitosanitar, gömrük və digər sahələri əhatə edəcəyi bildirilir.

Peskovun fikrincə, Aİ standartları Avrasiya İqtisadi İttifaqında qəbul edilən qaydalardan fərqləndiyinə görə Ermənistan ciddi hüquqi ziddiyyətlərlə üzləşə bilər. “Burada dərin ziddiyyətlər yaranacaq və bu, ilk növbədə Ermənistanın özünə zərər vuracaq”, – deyə Kreml nümayəndəsi bildirib.

Peskov Ermənistanın Aİ-yə qoşulmaq niyyətindən danışarkən Türkiyə və digər ölkələrin təcrübəsini də xatırladıb. O qeyd edib ki, bəzi ölkələrin üzvlük üçün müraciət etməsindən sonra onilliklər keçsə də, həmin proses hələ başa çatmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.