Lənkəran Universitetinin elmi jurnalı beynəlxalq indeks bazasına daxil edilib

Lənkəran Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalının “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına daxil edilib.

Bu barədə Azpost.info-ya LDU-nun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, jurnal eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dövri elmi nəşrləri siyahısına da daxildir.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov bu uğuru LDU-nun fəaliyyətə başlamasının 30 illiyinə dəyərli töhfə kimi dəyərləndirib: “Lənkəran Dövlət Universitetinin maddi-texniki bazasının yenilənməsini, universitetin modern ali təhsil müəssisəsinə çevrilməsini bir məqsəd kimi qarşıya qoyduq və bu istiqamətdə   çoxşaxəli fəaliyyətə start verdik. Budur,  artıq əldə etdiyimiz ürəkaçan nəticələr göz qabağındadır. Yeni inşa olunmuş 3 tədris korpusu, 153 nəfərlik yataqxana  binası, tam rekonstruksiya olunmuş Elmi kitabxana, xaricdən alınmış tədris laboratoriyaları, Turizm tədris bazası, aqrar ixtisaslarda oxuyan tələbələr üçün təcrübi biliklərini artırmaları məqsədilə yaradılmış tədris-təcrübə bazası, ehtiyacı olan  müəllimlər üçün xidməti evlər. Bu siyahını uzatmaq da olar. Amma mən bu gün  Lənkəran Dövlət Universitetinin  “Elmi Xəbərlər” jurnalının “Humanitar elmlər” seriyasının  dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına daxil edilməsini  böyük elmi uğur, fəaliyyətimizin əməli nəticəsi hesab edir, bu münasibətlə universitetimizin bütün kollektivini ürəkdən təbrik edirəm. Sevincimiz kimi, hədəflərimiz də böyükdür. LDU-nun dünyanın reytinqli ali təhsil müəssisələri sırasına daxil olması  istiqamətində işlərimizi davam etdirəcək,  bu amal uğrunda  var qüvvə ilə çalışacağıq”.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalının “Humanitar elmlər” seriyası ildə iki dəfə çap olunur və məqalə qəbulu il üzrə mütəmadi şəkildə aparılır.

Yeni-2022/2023-cü tədris ilində bu Lənkəran Dövlət Universiteti (LDU) üçün  əlamətdar hadisə sayıla bilər. Ötən həftə isə universitetin yeni tədris korpusunun təntənəli açılışı olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.