Lənkəran icra hakimiyyətinin şöbə müdiri açıqlama verdi –"Məktəbli qızı mən döyməmişəm, atası döyüb"

 Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı  yeniyetmə məktəbli qızı qızı vəhşicəsinə döydüyünə dair iddiaaları rədd edib. 
Azpost.info bildirir ki, o, Sputnik Azərbaycan-a  açıqlamasında bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır.
R.Arifqızı yeniyetmə qızı döymədiyini söyləyib:
“Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm.Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim”.
İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:
“Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, güya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”.
Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran 4 saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.
Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Valideyn bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:
“Sara qızıma deyib ki, “attestatın məndədir, sürücünü göndərirəm gəl bizə”. Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb”.
L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:
“Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir”.
Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavinin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: “Amma diektor qızımı döyməyib”.
Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova isə telefon zənglərimizə cavab vermədi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:
“Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Əvvəlki məqalə

Sumqayıt küçələrində yarışa çıxan “avtoş” xuliqanlar həbs edilib –

Sonrakı məqalə

“Avropa İttifaqı “ağciyərlərinə atəş açdı”, indi də boğulur”