Laçın şəhərində ucalan bayrağımız

Azərbaycanın Dövlət Bayrağı avqustun 26-da Laçın şəhərində ucaldıldı.

Vətən Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannaməyə əsasən, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altına verilən Laçın şəhəri və Zabuxla Sus kəndləri Azərbaycanın hakimiyyəti altına keçdi.

10 noyabr 2020-ci il tarixli bəyannaməyə əsasən, Azərbaycan 3 il ərzində Qarabağdakı erməni əhalisinin Ermənistana gedib-gələrkən istifadə edəcəyi Laçın şəhərinin hüdudlarından kənarda yeni bir yol çəkib. Azərbaycan bu 32 kilometrlik yolu nəzərdə tutulandan tez başa çatdırıb.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistana gedib-gəlmək üçün artıq yeni yoldan istifadə edəcəklər. Laçında polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub. Hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil olunub.

Bu xəbər Azərbaycan xalqına böyük sevinc hissləri bəxş etdi.

İmzalanmış Bəyanata əsasən, Azərbaycan 3 il ərzində Laçın şəhərindən keçən Laçın dəhlizinə alternativ yolu vaxtından qabaq istifadəyə verdi və  Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt qoydu.

Otuz illik Laçın həsrəti nəhayət ki bitdi. Düşmən ötən 30 ildə Laçında qeyri-qanuni məskunlaşdırma aparsa da, istəyinə nail ola bilmədi. İşğal dövründə qeyri-qanuni məskunlaşdırma zamanı tikilən evlərin bəziləri yandırılıb və ya dağıdılıb. Şəhəri tərk edən ermənilər bu dəfə də öz mənfur əməllərindən əl çəkməyiblər. Təhlükəsizliklərinə Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradılmasına baxmayaraq, onlar köçdükləri evi yandırır, ağacları kəsir, qaz, işıq və su xətlərini darmadağın edir, meşələrə, otlaqlara od vurdular.

Ermənistanın Laçın rayonunda törətdiyi ekoloji fəsadlar ciddi problemdir. İkinci Qarabağ müharibəsindən sonra analoji qaydada hərəkət edən ermənilərdən bu barbarlıq gözlənilən idi.

Lakin nəzarət bərpa edildikdən sonra Laçın rayonunda yenidənqurma prosesi vüsət götürəcək.

Laçının Azərbaycana təhvil verilməsi regiondakı geostrateji mövqeyimizi gücləndirəcək.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan verdi. Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində “biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq “Qaçqınkom”a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq” mesajı bütün cəmiyyət üçün fərəh doğuran açıqlama oldu.

Bu bəyanatdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad olunmuş Laçın şəhərinə, eləcə də rayonun Zabux və Sus kəndlərinə yerli  sakinlərin qayıdışının təşkili ilə əlaqədar müşavirə keçirildi.

Bu ərazilər 1992-ci ildə Ermənistan tərəfindən işğal olunandan sonra Suriyadan, Livandan köçürülən ermənilər üçün yeni evlər tikilib, qanunsuz məskunlaşdırılma aparılıb. Zabuxdakı ermənilərin əksəriyyəti Livandan, Suriyadan və digər ərazilərdən gətirilib və qanunsuz olaraq Azərbaycanın o zaman işğal edilmiş ərazilərinə yerləşdirilmişdi.

Belə qanunsuz məskunlaşma Cenevrə  konvensiyalarının ciddi şəkildə pozulması sayılır. 10 noyabr 2020-ci il Bəyanatından sonra bu kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi səbəbilə artıq orada qanunsuz məskunlaşdırılan ermənilərin köçünə neçə vaxtdır start verilmişdi.

Laçın şəhəri, Zabux və Sus kəndləri on illərlə davam edən işğal müddətində qanunsuz məskunlaşdırılan erməni faşizmindən azad olunub.  Prezident İlham Əliyev 2020-ci dekabrın 1-də xalqa müraciətində Laçının strateji əhəmiyyətini vurğulamışdı: “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır”.

Laçına nəzarətin bərpa olunması Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqənin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir. Bu Vətən müharibəsinin strateji nəticəsidir.

Regionun strateji əhəmiyyətini artıran digər məqam hava limanlarıdır. İşğaldan azad olunmuş Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.

Azərbaycan Ermənistan qoşunlarını sayca 7-ci rayondan çıxarmaqla keçmiş Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

G.HÜSEYNOVA

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Ali məktəblərə ixtisas seçimi sabah başa çatır

Sonrakı məqalə

Alimlər ilk dəfə beyni, ürəyi və orqanları olan embrion yetişdirib –