Sabiq dövlət katibi Lalə Şövkət lideri olduğu Azərbaycan Liberal Partiyasının buraxılması barədə müzakirə aparır.
Azpost.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı partiya rəhbərliyi ilə toplantı keçirən Lalə Şövkət siyasi partiyalar haqqında yeni qanun qəbul edilməsi ilə bağlı meydana çıxmış yeni vəziyyətin narahatlıq yaratdığını bildirib.
Partiya strukturlarının cari vəziyyətinin ürəkaçan olmadığını bildirən ALP lideri ya yenidən təşkil olunmaq, ya da partiyanın buraxılmasını təklif edib.
Partiya Mərkəzi Seçki Komissiyasına maliyyə vəziyyəti barədə hesabatı sonuncu dəfə 2021-ci il üçün təqdim edib. ALP sədri Əvəz Temirxanın imzaladığı hesabatda partiyanın heç bir gəliri və xərcləri olmadığı qeyd olunub.
MSK-nın 2022-ci il üçün maliyyə hesabatı siyahısına Liberal Partiyanın adı salınmayıb.
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyevin sərəncamı ilə Lalə Şövkət iyulun 7-də dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında vəzifəsindən istefa verib.
Liberal Partiyası 1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis edilib və Lalə Şövkət sədr seçilib.
Partiya siyasi sistemdə mərkəz-sağ mövqedədir.
7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət prezident seçkilərinə qurumun lideri kimi qatılıb.
2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində qələbə qazanıb və onun mandatı rəsmən təsdiq edilib. Lakin o, seçkilərləd saxtakarlığa yol verildiyini bildirərək deputat millət vəkili mandatından imtina edib.
Lalə Şövkət hazırda fəal siyasi fəaliyyətdən kənardır. Bakıda yaşayır.
Azpost.info