LAVROVUN “BAKI TEZİSLƏRİ” –

Kreml Bakı və Yerevanla balans yaratmağa məcburdur ( TƏHLİL)
05 Dekabr 2019 - 09:20

 Bakı ilə Yerevanın Dağlıq Qarabağla bağlı kompromis əldə etməsi mümkündür. Bunu Rusiyanın xarici işər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib.

Ermənistanın strateji müttəfiqi olan Moskva münaqişə tərəfləri arasında humanitar əlaqələrə dəstək verməklə, iki Cənubi Qafqaz respublikası arasında balansı qorumağa çalışır.

Dekabrın 3-də Rusiya xarici siyasət idarəsi rəhbərinin Bakıya səfəri başa çatıb. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla apardığı danışıqların yekununda Ermənistanla Azərbaycan arasında Dağıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromisin mümkün olduğunu bəyan edib. “Düşünürük ki, kompromis üçün imkanlar var. Asan məsələ deyil, bu münaqişə keçmiş SSRİ məkanında ən çox uzanan problemlərdəndir”, – deyə Lavrov bldirib.

O, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın ideyalarına “anlayışla yanaşan azərbaycanlı dostlara” minnətdarlıq da edib.

Bundan əvvəl KİV-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair jurnalistlərin “Lavrov planı” adlandırdığı plan fəal müzakirə olunurdu. Sənədin mahiyyəti ondan ibarətdir ki, Yerevan tanınmamış bölgənin beş rayonunu (ümumilikdə onların sayı 7-dir) Bakının nəzarətinə qaytarır, Azərbaycan isə Ermənistanın iqtisadi blokadasını aradan qaldırır. Dağlıq Qarabağın statusuna gəldikdə, onun uzun müddətə təxirə salınması düşünülür.

Rusiyanın xarici işlər naziri özü isə hələ 2017-ci ldə bəyan etmişdi ki, heç bir “Lavrov planı” mövcud deyil və müzakirə olunan ideyaların əsasında yalnız Mnsk qrupu iştirakçılarının təklifləri dayanır.

Lavrov Qarabağ problemi haqda Azərbaycan prezidenti İlham Əliyevlə də danışıb. Prezident rusiyalı naziri dekabrın 2-də qəbul edib. Görüşdə Lavrov Bakı ilə Yerevan arasında, o cümlədən KİV xəttilə əlaqələrin vacibliyini vurğulayıb.

Moskvanın təşəbbüslərindən biri dövlətlər arasında humanitar dialoqun dəstəklənməsidir. Bu yaxınlarda ölkə XİN-i Azərbaycanla Ermənistan arasındakı jurnalist mübadiləsini də alqışlayıb: bir qədər əvvəl bir qrup erməni müxbir Azərbaycanda, onların azərbaycanlı həmkarları isə Ermənistan və Dağlıq Qarabağda olublar. “Qazeta.ru” Rusiya XİN-dəki mənbəyə istinadən xəbər verir ki, Moskva “jurnalistlər arasında əlaqə ideyasını fəal şəkildə dəstəkləyir”.

MDB ölkələri İnstitutunun rəhbər müavini Vladimir Jarixin isə “Qazeta.ru”ya bildirib ki, Moskva iki Cənubi Qafqaz respublikası arasında kommunikasiya məsələsində münasibətləri balanslaşdırmaqla məcburdur. Ekspert Rusiya prezidenti Vladimir Putinin bu ilin oktyabrında Ermənistana etdiyi səfəri xatırladıb. Onun fikrincə, Nikol Paşinyan dönəmində Moskva ilə Yerevan münasibətləri kifayət qədər konstruktivdir və bu, Ermənistana Moskvanın köməyilə bir sıra əhəmiyyətli layihə reallaşdırmağa imkan verir. Məsələn, ABŞ Ermənistanda “yaşıl enerji”nin inkşafına yardım edirsə, Yerevan Rusiya tərəfinin iştirakı ilə ölkədə yeni AES-in tikintisi haqda danışır. “Biz “Metsamor” AES-in bağlanmasından sonra yeni atom elektrik stansyasının inşası imkanlarını artıq indidən müzakirə edirik”, – deyə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Bununla yanaşı, Jarixin hesab edir ki, Moskva Ermənistanla münasibətlərinə rəğmən, bu günlərdə Azərbaycanın birinci vitse-prezidentini yüksək səviyyədə qarşılamaqla Yerevana “çox sadə siqnal” göndərir: “Bu, ermənilərin Qərbə çox meyllənməməsi üçün işarə ola bilər”.

Azərbaycan Konstitusiyasına görə ölkədə ikinci şəxs olan birinci vitse-prezident noyabrın sonunda Moskvada həqiqətən də yüksək səviyyədə qarşılanıb. O, həm prezident Vladmir Putin, həm də baş nazir Dmitri Medvedevlə görüşüb. Rusiya lideri Əliyevaya “Dostluq” ordenini şəxsən təqdim edib. Xanım Əliyeva “Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə” mükafatlandırılıb. Bu barədə fərman hələ avqustda dərc edilmişdi.

Azərbaycan prezidentinin xanımı 2016-cı ildən ölkənin vitse-prezidentidir. Bu post ölkə Konstitusiyasına edilmiş müvafiq dəyişikliklə yaradılıb. Bununla da Əliyeva faktiki olaraq, öz nüfuzuna görə Azərbaycanın ikinci adamına çevrilib.

Azərbaycan və Rusiya müxtəlif sahələrdə, o cümlədən terrorçuluqla mübarizədə əməkdaşlıq edir. Dekbarın əvvəlində Rusiya Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikov bəzi keçmiş SSRİ ölkələrilə terrorçu yuvalarının dağıdılması sahəsində əməkdaşlıq etdiklərini deyərkən, bu sırada Azərbaycanın da adını çəkib.

Bakı həmçinin Rusiyanın ən vacib silah alıcılarındandır. Son illərdə Azərbaycan Rusiyadan 5 milyard dollardan artıq dəyərdə müxtəlif silah-sursat alıb.

Eyni zamanda, Azərbaycan ABŞ-la da dialoq quraraq, xarici siyasətni şaxələndirməyə çalışır. Noyabrın sonunda Bakı Transanadolu boru kəmərini tam gücü ilə işə salıb. Bu kəmər Azərbaycanın Xəzərdəki yataqlarından çıxarılan qazın Türkiyə və Avropaya çatdırılması üçün tikilmiş “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

“Cənub Qaz Dəhlizi” Bakı yaxınlığındakı yataqlardan İtaliyanın cənubunadək 3,5 min kilometr məsafədə uzanır. O, Xəzərdə yerləşən və 1,2 trilyon kubmetr ehtyyatlara malik “Şahdənz” yatağından hasil olunan qazı nəql edəcək. Layihənin dəyəri təxminən 40 milyard dollardır. Bu, Avropa və Türkiyəyə qaz nəqlində “Qazprom”a rəqabət yarada bilər. Hərçənd, analitiklərin fikrncə, hələlik Rusiya qazına Azərbaycan qazı deyil, Amerikanın satdığı mayeləşdirilmiş təbii qaz daha ciddi rəqibdir. (WorldMedia)

Qazeta.Ru, Rusiya
04.12.2019