Limonlu su içmək immuniteti gücləndirir- FAYDALARI

Limon yüksək qidalılıq, diyetik və müalicəvi əhəmiyyətə malikdir. Susuzluğu yatırdığına görə ondan hazırlanan içkilər limonad və ya sitro adlanır. Ümumiyyətlə, limonun tərkibi kimyəvi cəhətdən çox zəngindir.

Bu fikirləri Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov deyib.

O bildirib ki, limon sinqa, tənəffüs yollarının xəstəliyi, mədə-bağırsaq xəstəlikləri zamanı, podaqra, əzələ revmatizmi, angina, südəmər körpələrdə mədə həzminin pozğunluğu və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir. Meyvələrin qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif meningit, qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotikdir.

“Bir fincan limonlu çay orqanizmi isidir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir. Hər səhər bir stəkan limonlu ilıq su içmək enerji verir, immuniteti gücləndirir, artıq çəkidən azad olmağa kömək edir. Limon soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. İmmunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü büruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda, mikrobları öldürür,” – deyə H.İdrisov bildirib.

Həmçinin mütəxəssis sitrus meyvələrinə qarşı allergiyası olan, böyrək xəstəliyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analara, 3 yaşına qədər uşaqlara limondan istifadə etməyi məsləhət görmədiyini də diqqətə çatdırıb.

Əvvəlki məqalə

“Son 2 həftədə Laçın şəhərində 1300-dən artıq mina aşkarlanıb”

Sonrakı məqalə

Təhsil tələbə krediti almaq üçün tələb olunan bal aşağı salınıb