Məhəmməd Əmin Rəsulzadənin səs yazısını Azərbaycana necə gətirdim? –

Nəsiman Yaqublu YAZIR
28 May 2021 - 15:43
1988 – 1989-cu illərdən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları haqqında araşdırmalara başladım.
İlk öncə bu Cümhuriyyəti qurmuş olan insanları axtarıb soraqladım. Yadımdadır ki, Baş Nazir Fətəli xan Xoyskinin qızı, 10 ilə yaxın həbsxanada saxlanılmış Tamara xanımla görüşdüm, Əhməd bəy Pepinovun qızı Sevda xanımla söhbətlər etdim, Şəmkirə gedib Əhməd Cavadın 92 yaşlı həyat yoldaşı Şükriyyə xanımın xatirılərini dinlədim, Qazaxıstana gedib M.Ə.Rəsulzadənin oğlu Azər bəylə görüşdüm. 1990-cı ildə böyük çətinliklə Türkiyəyə getmək imkanı əldə etdim. O zaman yollar bağlı oduğundan Batumdan keçib Türkiyəyə getdim. Burada çox dəyərli dostum olan Yusif bəy Gədikli mənə böyük köməklər göstərdi. İstanbulda Turan Yazqanla görüşdükdən sonra Cümhuriyyətin ikinci Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla və Ə.M.Topçubaşovn yaxın qohumu Zərifə xanımla görüşdüm.
Sonra Ankara səfərim başladı. Ankarada M.Ə.Rəsulzadənin yaxın dostu Feyzi Aküzümlə, Məhəmməd Kəngərli, Əhməd Qaraca, Cəmil Ünal, Məhəmməd Azər Aran, Həmid Atamanın həyat yoldaşı Şəfiqə Atamanla görüşdüm. Bu insanlarla hər görüşüm maraqlı bir xatirədir. Eyni zamanda arxiv və kitabxanalarda çalışdım, şəxsi arxivlərdən çoxlu sənədlər topladım.
Lakin bir istəyimi reallaşdıra bilmirdim – M.Ə.Rəsulzadənin səsi olan lent yazısını əldə etmək mümkün olmurdu. Həmin lent yazısının ancaq M.Kəngərlidə olduğu deyilirdi. Məhəmməd bəy isə israrlı xahişlərimə bu sözlərlə cavab verirdi: ”Siz hələ müstəqil deyilsiniz, Sovetlər Birliyi dağılar, Azərbaycan müstəqil olar. Onda Rəsulzadənin səsyazısını Azərbaycana gətirərik”.
Ankarada işlərimi yekunlaşdırıb İstanbula qayıtdım. Axşam Yusif bəyin evində görüşlərimdən və topladığım sənədlərdən ona bilglər verdim. Lakin sabah Azərbaycana yola düşsəm də narahat getdiyimi söylədim- dedim heyif ki, Rəsulzadənin səsini dinləyə bilmədim. Yusif bəy çox gərgin olduğumu hiss etdi. Razılaşdıq ki, Ankaraya- Məhəmməd bəyə bir də zəng edək. Zəng etdik. Əhvalımı və necə getdiyimi soruşdu. Dedim hər şey yaxşıdır, lakin Rəsulzadənin səsini dinləyə bilmədim. Və ondan xahiş etdim ki, bəlkə telefonla onun səsinə qulaq asım. M.Kəngərli dedi: ”mən sənin belə həssaslıqla yanaşmanı başa düşürəm. Azərbaycandan min bir əziyyətlə buraya-Rəsulzadə haqqında sənədlər toplamağa gəlmisən. Sabah da ana vətənə gedirsən. Səni əliboş yola salmayacağam. İndi onun səsinə qulaq as və imkanın varsa lentə də yaz”.
Yaxşı ki, Yusif bəyin evində diktofon vardı və biz səsi yaza bildik. Bu mənim üçün M.Kəngərlinin böyük hədiyyəsi oldu. Sabahı günü İstanbuldan ayrılıb Hopa şəhərinə, oradan isə Batuma keçdim. Yolda mənə söylədilər ki, Bakıda 20 Yanvar hadisəsindən və Tiflisdəki gərgin olaylardan sonra sərhəddəki sovet əsgərləri çəkiliş və lent yazılarını müsadirə edir, sərhəddən keçirməyə qoymurlar. Dedilər ki, onlara siqaret hədiyyəsi verib diqqətdən yayınmaq mümkündür. Yadımdadır ki, bir-neçə qutu Vinston və Marlboro siqareti alıb sərhədçilərə verdim və mənim əşyalarımı çox diqqətlə yoxlamadılar.
Beləliklə lent yazısını Azərbaycana gətirə bildim. Yenə böyük həyəcan dolu çalışmalardan sonra M.Ə.Rəsulzadənin səsyazısını ilk dəfə 1991-ci ilin fevralın 2-də AZTV-nin o zaman məşhur olan “Dalğa” proqramında səsləndirdim. Bu məndə böyük məmnunluq yaratdı və insanlarımızın ciddi marağına səbəb oldu.
1991-ci ildə M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə məlumat çatdırdı ki, atası Azər bəy Karaqandadan gəlib Bakıya və axşam onlarda olum, mümkün olarsa Rəsulzadənin səsini də gətirim.Əlimdə maqintofon getdim M.Ə.Rəsulzadənin oğlu Azər bəylə görüşə. Onunla Karaqandada bir il əvvəl görüşüb tanış olmuşduq. Mehriban dostlar kimi görüşdük. Sonra lent yazısını təqdim etdim. 71 illik ayrılıqdan sonra ilk dəfə olaraq atasının səsinə qulaq asdı. Və ilk dəfə Rəsulzadənin səsini eşidəndə pıçıltı ilə dedi-“bu odurmu? Maraqlıdır..maraqlıdır..”.
Səsi dinləyəndən sonra mənə üz tutdu: “sən nə böyük işlər görürsən..”.
Sonra Rəsulzadənin lent yazısını təmizləmək və daha yaxşı vəziyyətə salmaq üçün studiyaya apardım, bu gün internetdə, tədbirlərdə dinlənilən vəziyyətə saldıq. İndi o hər dəfə o səsi eşidəndə bu xatirələr yadıma düşür.
M.Ə.Rəsulzadənin 1953-cü ildə “Amerikanın səsi” radiosu vasitəsi ilə 28 May İstiqlal Günündə Azərbaycan xalqına müraciətinin vətənimizə gətirilməsinin belə maraqlı tarixçəsi vardır.
Nəsiman Yaqublu 
https://www.youtube.com/watch?v=H36LPRXnK4Y