“Məşədi İbad”ın Sərvəri –Aktyorluqdan imtina edən doktor niyə kinodan uzaqlaşıb? (FOTO)

Bu günlərdə Azərbyacan kinosunun şedevrlərindən sayılan “O olmasın, bu olsun” filmində baş rolu –Gülnazı oynamış Tamara Gözəlova dünyasını dəyişdi.

Üzeyir bəyin komediyası əsasında çəkilmiş bu filmin əsas rollarını-Sərvər və Gülnazı canlandıran aktyorlar bununla tanınsalar da sonralar uzun müddət filmlərə çəkilmədilər.

Bu baxımdan filmdə Sərvəri oynamış aktyor Arif Mirzəquliyevin həyat hekayəsi oxucular üçün maraqlı olacaq.  Cəmi iki filmdə – “Görüş” və “O olmasın, bu olsun” filminə çəkilən Arif Mirzəquliyev tamaşaçıların yaddaşında həmişəlik iz qoya bildi.

Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda dünyaya gəlib. Atası Teyyub Mirzəquliyev Azərbaycanın Qusar rayonunun Uqur kəndindən olan həkim idi. O, oğlunu da gələcəkdə özü kimi həkim görməyi arzulayırdı. Arif Mirzəquliyev taleyini kinoya bağlamağı düşünürdü. Bu arzu onu Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutuna aparıb çıxarmışdı.

Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunun sonuncu kursunda təhsil alarkən Arif Mirzəquliyev böyük kino arzuları ilə yaşayırdı. İstedadlı gənc bu arzuların qanadında dalbadal iki filmə – “Görüş” filmində Kamil və “O olmasın, bu olsun” filmində Sərvər obrazlarına çəkilərək, aktyor kimi özünü sübut etmiş və populyarlıq qazanmışdı. Rejissorlar da şöhrətin astanasında olan gəncin gələcəkdə böyük aktyor olacağını düşünürdülər.

“Görüş” filmində Arif Mirzəquliyev Nelli Ataullayeva, Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Əliağa Ağayev, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Sona Aslanova, Əzizə Məmmədova, Məmmədəli Vəlixanlı və digər sənətkarlarla bərabər yaddaqalan ifası ilə tamaşaçıların diqqətini özlərinə cəlb edə bilib.

“O olmasın, bu olsun” komediyasında da Arif Mirzəquliyev görkəmli sənətkarlarla birlikdə çəkilib. 1956-cı ildə Bakı kinostudiyasında lentə alınmış filmdə Əliağa Ağayev (Məşədi İbad), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Möhsün Sənani (Qoçu Əsgər), Lütfəli Abdullayev (Baloğlan) kimi nəhəng aktyorlar yer alıb.

Uzun illərdir hər bir evdə bu filmə böyük maraq və məmnuniyyətlə tamaşa edirlər. Şübhəsiz ki, komediyanın uğur qazanmasında tələbə Sərvərin – Arif Mirzəquliyevin də öz payı var…

Amma nahaq yerə deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır…

Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşan Arifə günlərin birində Bakıdan teleqram gəlir.  Bir cümləlik teleqramda yazılmışdı ki, “Arif, atan ağır vəziyyətdədir. Səni görmək istəyir”. Tələbə-aktyor təcili Bakıya gəlir, atası Teyyub həkim son nəfəsində ona deyir ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”.

Teyyub Mirzəquliyevin rəhmətə getməzdən əvvəl Arifi aktyor yox, həkim görmək istəyini dilə gətirməsi oğlunu öz yolunu dəyişməyə məcbur edir.

Və Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna qayıtmır.

Atasının xahişi ilə Moskavadakı təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmış Arif imtahan verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur.  Onların ailəsində hamı həkim idi…

Arif Mirzəquliyev üçün ata sözündən çıxmaq valideynlərə xəyanət etmək demək idi. Beləliklə də o, Azərbaycan Dövlət Tibb İnstutunda təhsilini başa vuraraq, nevropatoloq ixtisasına yiyələnir. Atasının vəsiyyətinə əməl edərək incəsənətdən uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi Bakıda həkim işləyir. O, gələcək həyat yoldaşı ilə də çalışdığı xəstəxanada tanış olur. Və sonralar da hər ikisi eyni tibb müəssisəində həkim işləyir.

İki övlad – bir oğul və bir qız atası olan Arif Mirzəquliyev 1990-cı ildə Bakıda ürək çatışmazlığından vəfat edib.


Qızı Teyyubə Mirzəquliyeva atası haqda xatirələrində bildirir ki, Arif Mirzəquliyev  həyatda xaraktercə mülayim, ailəsinə bağlı insan olub.

“İxtisasca həkim olmasına baxmayaraq, hər bir işlə yaxından maraqlanırdı. Çox həyatsevər insan idi. Nə mənim, nə də qardaşımın üstünə bir dəfə də acıqlanmamışdı. Atamın həyatda kinoda oynadığı Kamil obrazı ilə oxşarlğı var, çünki o, Kamil kimi sevgisinə hər zaman bağlı olub. Mən də Kamil obrazını daha çox sevirəm, hər dəfə o filmin sonluğuna baxanda göz yaşlarımı saxlaya bilmirəm”.

İllər keçməsinə baxmayaraq, hələ də Teyyubə xanıma atasının son günlərini xatırlamaq ağır gəlir: “O günləri yada salmaq çox çətindir. Atam siqareti çox çəkirdi. İki dəfə infarkt keçirmişdi. Bir dəfə ürəyindən ağrı tutanda özünə söz vermişdi ki, sağalsın, daha siqaret çəkməyəcək. Amma siqareti tərgidə bilmirdi.

1990-cı il avqustun 4-də işıqlı dünyaya vida etdi. Atam hamıya həmişə kömək etmişdi, amma son nəfəsində ona heç kim kömək edə bilmədi. Hətta təcili yardım maşını da hadisə yerinə gecikmişdi. Ürəyindən qəflətən sancı tutması nəticəsində gözlərini əbədi yumdu”.


Teyyubə xanımın sözlərinə görə, atasının vəfatından sonra anası çox əziyyət çəkib, Arif Mirzəquliyevin yoxluğuna alışa bilməyib: “Çünki onlar həm də bir-birini dərindən sevən iki dost idi. Bir-birlərinə çox bağlı idilər. Anam 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Mən çox xoşbəxtəm ki, Arif Mirzəquliyev kimi atanın qızıyam. Bəzən filmlərinə baxanda sevinirəm, bəzən də göz yaşı tökürəm.
Heç bir film onu əvəz edə bilməz. Atam bu gün mənim üçün unudulmayıb. Hər bayramlarda, doğum gününüdə onun qəbrini ziyarət edirəm”…

Arif Mirzəquliyevin yaratdığı Kamil və Sərvər obrazları tamaşaçıların yaddaşına əbədi həkk olunub. Elə təkcə bu iki rola görə o, fəxri ad almağa layiq idi… Amma istedadlı sənətkar bu dünyadan fəxri ad almadan köçüb. (Yazıda Modern.az-ın materialından istifadə olunub)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜTT-nin rəhbəri postunu tərk edə bilər

Sonrakı məqalə

İranda pandemiya qurbanlarının sayı 6 854-ə yüksəldi