Məşq zamanı aldığı xəsarətdən ölən azyaşlının məşqçisi saxlanılıb- Prokurorluq

Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarətdən ölüb.

Sumqayıt Şəhər Polis İdarəsinin məlumatına görə, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa Oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Sumqayıt Şəhər Prokurorluğu bildirib ki, ilkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam edir.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə hökumətləri arasında Protokol imzalanıb

Sonrakı məqalə

Polşa Belarusla sərhəddə elektron sədd qurub