Mahnı dağlarda qaldı…

Milli yaddaşını oyaq saxlamaq, vətənpərvər nəsil böyütmək, sabahını əmin əllərə tapşırmaq istəyən  xalq öz qəhrəmanlarını –vətənin azadlığı, müstəqilliyi, yurdun şərəfi uğrunda qurban gedən oğullarını  ehtiramla xatırlamalı, təbliğ etməli, gənc nəslin and yerinə çevirməyi bacarmalıdır. Məhz bu səbəblərdən, qəhrəmanlarımızın təbliği, şəhidlərin xalqa tanıdılması məqsədini daşıyan bütün  müsabiqələri, tədbirləri alqışlayır, xeyirxah missiyaya xidmət etdiyi üçün təqdirəlayiq hesab edirəm.

Peşəmlə əlaqədar I və II Qarabağ savaşında  döyüşüb qəhrəmanlıqla şəhid olan çox igidlərimiz haqqında yazı hazırlamış, ailələrində olmuşam. Amma onlardan 3-nü heç cür unuda bilmirəm.  Ölümün gözünün içinə dik baxıb şəhadət şərbətini könüllü içən, müqəddəs saydığı amallar uğrunda canından keçən  Mübariz İbrahimovu, Pəncəli Teymurovu, Vüsal Kazımovu. Bu gənclərin hər üçü Azərbaycan gəncliyinin fəxr, öyənc yeri, milli iftixarı hesab edilə bilər.

Ölümə ölümsüzlüyü ilə qələbə çalan oğullardan biri, bəlkə də, birincisi idi Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov. Biləsuvar rayonunun Əliabad kəndində  doğulub boya-başa çatan Mübarizi Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi 2010-cu ilin iyununa  qədər təkcə yaxınları, hərbçi dostları tanıyırdı. 2010-cu il  iyunun 18-dən  19-na  keçən gecə xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən, səssiz-səmirsiz  Dağlıq Qarabağla təmas xəttində,Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına   hücum edən,  təkbaşına  beş saat döyüşən, xeyli sayda ermənini  məhv edərək qeyri-bərabər döyüşdə özü də  şəhid olan Mübariz İbrahimovun adı  Azərbaycanın ən yeni tarixinə şərəf, qürur salnaməsi kimi yazıldı. Bu döyüşün əsas təfərrüatları bu günə qədər tam açıqlanmasa da, görünən odur ki,  xalqımız uzun illərin tənə,  xəcalət yükünü tək Mübarizin bir gecədəki  şücaəti, şəhhhhadəti  ilə  kürəyindən ata bildi,  belini dikəltdi, milli kimliyini təkrar kəşf etdi,  Mübarizin simasında mübariz  mənliyini  tapdı! Etiraf edək ki, Azərbaycan xalqını II Qarabağ savaşında böyük Zəfərə aparan yol məhz Mübariz İbrahimovun könüllü şəhadətindən keçdi!

M.İbrahimovun  komandanlığın heç bir tapşırığı olmadan düşmən üzərinə getməsi, son damla qanına qədər döyüşərək şəhid olması , şəhadət yolunu könülül seçməsi, ölümə meydan  oxuması Azərbaycan gəncliyinə Vətən sevgisinin ölümdən güclü olduğunu  anlatdı,  ən əsası, milli yaddaşını oyadaraq  kimliyinə inamını qaytardı! Vahimə ilə, ölüm qorxusu altında yurd yerlərini qoyub qaçanların övladlarına  bu xəcalət yükündən xilas olmaq, məğlub durumdan çıxmaq üçün Mübariz İbrahimovun  mübarizlik dərsi su kimi, hava kimi lazım idi!

…Bu vətənpərvər gəncin  ölümqabağı yazdığı son məktubu isə  vətənpərvərlik mövzusunda  yazılan qalın-qalın romanlardan daha  təsirlidir, həm də təkcə valideynlərinə  müraciəti deyil, bütün xalqa, gəncliyə xitabı, çağırışıdır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim… Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”…

… “Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın” …Astaranın Əzərud kəndində doğulan Pəncəli Nurməhəmməd oğlu  Teymurov   toyunda özünə şəhidlik arzulayan  yeganə bəy kimi tarixə düşdü. 3 rəngli Azərbaycan bayrağına bükülü tabutla, şəhid kimi doğma kəndə, ocağına  dönmək arzusunu qorxmadan, ölümün gözünə dik baxaraq, içindəki qorxunu didib dağıdaraq, toydakıları qəfil arzusu ilə mat qoyaraq özü arzulamışdı özünə! Toyunu aparan müğənni Manaf Ağayevə  bir neçə dəfə “Vətən oğlu” mahnısını sifariş verərək “mən bu mahnıdan doymuram” demişdi və toyuna da müğənnini məhz bu mahnıya görə çağırdığını deyərək  ”Vağzalı“ əvəzinə döyüş marşını çaldırmışdı.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda 17 il şərəflə xidmət edən, 2016-cı il Aprel döyüşlərinin qəhrəmanı  Pəncəli doğulduğu kəndə arzu etdiyi kimi  Azərbaycan bayrağına bükülü tabutu ilə geri döndü.  Bütün cənub bölgəsi dəfninə yığışmışdı, böyükdən-kiçiyə hamı bu istedadlı hərbçinin, igid qəhrəmanın vaxtsız ölümünə ağlayırdı. Bircə şəhid anasının  gözündə yaş görmədim  həmin  gün. Övlad ağrısını içində çəkən bu vətənpərvər qadının- Vahimə ananın müsahibə zamanı mənə dediklərini heç cür unuda bilmirəm : “5 oğul böyütmüşəm.Biri qurban gedib, 4 oğlum onun qanını yerdə saxlamazlar. Fəxr edirəm öz oğlumla!”…

Şuşanın dağları, başı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdur gümanlı…

…“Şuşanın dağları” mahnısını çox sevirdi Vüsal. Elə Şuşanın özünü də. Sosial şəbəkədə paylaşımlarına baxsanız, oğlumun Şuşanı necə sevdiyini ruhən hiss edəcəksiniz”- şəhid atası, Lənkəran Dövlət  Universitetinin  prorektoru Kamran Kazımov deyir və söhbət əsnasında Xanın ifasında “Şuşanıın dağları” mahnısını təkrar-təkrar səsləndirir, “bununla rahatlıq tapıram, elə bil oğlumu görürəm”- əlavə edir.

Şəhid baş leytnant Vüsal  Kazımov çalışdığım Lənkəran Dövlət Universitetinin həm məzunu, həm də tələbəsi idi. Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fakültəsini bitirdikdən sonra ikinci ali təhsil kimi iqtisadiyyat ixtisasını seçmişdi, sonuncu -V kurs tələbəsi idi.  II Qarabağ savaşı başlayanda “mən getməsəm, o getməsə, hərə bir bəhanə ilə daldalansa, kim bu vətəni qoruyar?” deyərək könüllü döyüşə yollanmışdı.  Kamran müəllimin sözü ilə desək, “sanki döyüşə, cəhbəyə yox, toya, çal-çağıra  gedirmiş kimi evindən, doğmalarından şad-xürrəm ayrılmışdı, Azərbaycan bayrağı ilə həyətdə şəklini də çəkib paylaşmışdı! Yeni doğulan körpə qızı Aynuru,nübar qızı Nurayı atasına əmanət edib evdən çıxanda qələbə ilə qayıdacağını vəd eləmişdi. Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edən Vüsal Kazımov atasının dediyinə görə ailəsi ilə  son dəfə 26 oktyabrda  əlaqə saxlaya bilib. Ondan sonra ta noyabrın 29-na kimi  Vüsaldan bir xəbər çıxmayıb.  29 noyabrda isə Şuşa ətrafı döyüşlərdə qəhrəmanlıqla şəhid olması xəbəri gəlib, vətən bayrağına bükülü tabutu ilə birgə! Ruhu isə çox sevdiyi mahnıısı ilə birgə Şuşa dağlarını bu gün də dolaşır…Şuşanın dağları başı dumanlı…

Qəhrəmanlıq –içərək

Acı ölüm tasından

İrəliyə atılmaq və

Sonra dönməməkdir!

…II Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi 2020-ci ilin 8 noyabrında Azərbaycanın  möhtəşəm Qələbəsi ilə başa çatdı. 30 ilə qədər erməni tapdağında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət, ordumuzun şücaəti sayəsində düşmən tapdağından azad oldu. Xalqımız illər uzunu həsrətində olduğu böyük Zəfəri yaşadı, Qələbə sevincini daddı.

Qələbə! Dilimizdə ən şirin söz, yaşadığımız ən möhtəşəm ilahi hiss. Amma qələbə həm də məğlubedilməz igidlərin qanıdır, qurban gedən canıdır, ölümün özünü sarsıdan cəsarətidir, hünəridir və buna görə çəkisi çox  ağırdır! Vətən yanğısıdır, Vətən sevgisidir Qələbə! Ölümün gözünə dik baxan, şəhidlik şərbətini könüllü içən  Mübarizin, Pəncəlinin, Vüsalın və minlərlə şəhidin azad olunmuş torpaqlara axan müqqəddəs qanı rəngindədir Qələbə!

Onların və bu igidlərin  qəhrəmanlıq yolunu şərəflə davam etdirən minlərlə  oğullarımızın mətanətidir, hünəridir Qələbə!

Qələbəni bizə bəxş edən oğullar- Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən  şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz hər cür ehtirama, alqışa layiqdir. Onları daim yad etmək, sayğı ilə anmaq hər birimizin vətəndaşlıq borcudur.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsinə təqdim edilir.

 

 

 

 

Əvvəlki məqalə

AMEA-nın sabiq prezidenti Eldar Salayev vəfat edib

Sonrakı məqalə

Azərbaycan və Özbəkistan Prezidentləri Heydər Əliyev Meydanının açılışını edib