Masallıda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad rayon, qətlə yetirilən 40 yaşlı Sirus Mehdiyev isə Samux rayon sakinləridir. Onlar Masallıya parnik qurmaq üçün gediblər. Onların ötən gecə kirayə qaldıqları evdə spirtli içki qəbul edib, daha sonra mübahisə etdikləri bildirilir. Mübahisə zəminində bıçaqlanma olub, Sirus Mehdiyev çoxlu qan itirməsi nəticəsində ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, noyabrın 26-sı saat 01 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Masallı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.