Masallıda azyaşlıya qarşı kobud rəftar edən polis əməkdaşları cəzalandırılıb

Masallı rayon Polis Şöbəsinin Boradigah qəsəbə polis bölməsində azyaşlı Valeh İsmayılova qarşı kobud rəftara yol vermiş polis əməkdaşları cəzalandırılıb.
Azpost.info bildirir ki, bu barədə “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” nin rəhbəri Fikrət Cəfərli məlumat verib.
Onun sözlərinə görə, 24 iyul tarixində baş vermiş hadisə ilə bağlı  Valeh İsmayılovun anası Günay Həbibova təşkilata müraciət edib. Qadının şikayətinə görə, onun azyaşlı oğlu 24 iyulda gecə saat 02 radələrində iki nəfər mülki şəxs tərəfindən Boradigah polis bölməsinə aparılaraq orda bir sutka saxlanılıb, işgəncə və qeyri-insani rəftara məruz qalıb.
Araşdırma Mərkəzi Daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək baş verənləri araşdırmağa və azyaşlı Valeh İsmayilova qarşı zorakılıq və qeyri-insani rəftara yol vermiş polis əməkdaşlarının cəzalandırılmasını xahiş edib.
DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov qurumla əlaqə saxlayaraq məsələnin arasdırılacağını bildirib.
“Bundan sonra Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev Mərkəzin Masallı rayon üzrə əməkdaşı Tünzalə Qardaşovanın iştirakı ilə ailəni və hadisəni törədən polis əməkdaşlarını şöbəyə dəvət edib.  Rəis 15 yaşlı yeniyetməyə qanundan kənar hərəkətlər etmiş polis əməkdaşlarını cəzalandırıldığını bildirib. Baş verən hadisəyə görə üzrxahlıq edib“- deyə F.Cəfərli bildirib.
O deyib ki, polis əməkdaşlarına töhmət verilib və tutduqları vəzifədən kənarlaşdırılıblar.
Azpost.info 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.