Maşında kondisionerdən necə istifadə etmək lazımdır?– Sürücülərin ən çox etdiyi səhvlər

Yay aylarında avtomobil kondisioneri sürücülər üçün rahatlıq yaratsa da, ondan düzgün istifadə edilmədikdə həm yanacaq sərfiyyatı artır, həm də sistem daha tez sıradan çıxa bilər.

Azpost.info-nun məlumatına görə, mütəxəssislər bildirirlər ki, günün altında uzun müddət qalan avtomobilə əyləşən kimi kondisioneri maksimum gücdə işə salmaq düzgün deyil. Əvvəlcə qapı və ya pəncərələri qısa müddət açaraq içəridə toplanmış isti havanı çıxarmaq tövsiyə olunur.

Kondisionerin temperaturunu çox aşağı səviyyəyə endirmək də məsləhət görülmür. Xarici hava ilə salon arasındakı temperatur fərqi 6-8 dərəcədən çox olduqda orqanizmə əlavə yük düşür və soyuqlama riski artır.

Bir çox sürücü kondisioneri yalnız yayda işlədir. Halbuki mütəxəssislər sistemin qış aylarında da ayda bir neçə dəfə 10-15 dəqiqə işlədilməsini tövsiyə edirlər. Bu, kompressorun və digər hissələrin normal vəziyyətdə qalmasına kömək edir.

Kabin filtrinin vaxtında dəyişdirilməməsi də kondisionerin səmərəliliyini azaldır. Çirkli filtr həm havanın keyfiyyətini pisləşdirir, həm də sistemin daha çox enerji sərf etməsinə səbəb olur.

Avtomobil ustalarının sözlərinə görə, kondisionerin müntəzəm texniki baxışı gələcəkdə bahalı təmir xərclərinin qarşısını almağın ən effektiv yollarından biridir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.