Media Reyestrinin layihəsi Nazirlər Kabinetinə təqdim edilib

“MEDİA Agentliyi tərəfindən Media Reyestrinin aparılması qaydalarının layihəsi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.

Azpost.info bildirir ki, bu barədə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Yeni Azərbaycan” qəzetinə bildirib.

Onun sözlərinə görə, müvafiq Fərmana uyğun olaraq Media Reyestrinin texniki və proqram təminatının formalaşdırılması istiqamətində tədbirlər görülməkdədir.

Media Reyestrinə daxil edilmək üçün jurnalistlər ali təhsili və fəaliyyət qabiliyyətli olmalıdır. Həmçinin ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdırlar. Əgər jurnalist Reyestrə daxil edilmək istəyirsə, məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır. Bununla yanaşı, media subyekti ilə əmək müqaviləsinin olması lazımdır. Fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin isə azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır. Digər tərəfdən, işlədiyi media subyektinin Media Reyestrinə daxil edilmiş olması və davamlı fəaliyyət göstərməsi   (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla), jurnalistika sahəsi üzrə 3 ildən az olmayaraq iş stajının olması və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3  ildən az olmayan müddətdə fəaliyyət göstərməsi və digər bir sıra məsələlər Reyestrə daxil edilmək üçün müəyyənləşdirilmiş tələblər sırasındadır.

Bundan əlavə, P.İbrahimova söyləyib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə onlara müəyyən müddət ərzində vergi tətillərinin tətbiqini nəzərdə tutan ilkin layihə təqdim edilib və hazırda aidiyyəti dövlət orqanları ilə müzakirə mərhələsindədir.

Əvvəlki məqalə

“Bazarda neft az olacaq və qiyməti xeyli yüksələcək”

Sonrakı məqalə

Norveç Ukraynaya 1 milyard avro ayıracaq