“Medianı 2006-cı ildə tərk etdim…Dostum dedi ki, indi TV-yə baxan yoxdur” –XƏYAL TAĞIYEV (MÜSAHİBƏ)

Rusiyada yaşayan tanınmış Azərbaycan telejurnalisti  Xəyal Tağıyev 1905.az saytına müshaibə verib.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

 

– Siz uzun illərdir mediada deyilsiniz, yaşadığınız Moskva şəhərindən Azərbaycan mediası necə görünür? Ötən illər  ərzində nələr dəyişib?

 

– Asan sual deyil. Çünki istər-istəməz mən mütəmadi şəkildə izləmirəm, bunun obyektiv və subyektiv səbəbləri var. Amma mənim düşüncəmə görə, müşahidələrimə görə müəyyən mənada texniki cəhətdən, proqramların rəngarəngliyi, çeşidi baxımından irəliləyiş var. Bunu formaca dəyişiklik adlandıra bilərik. Televiziyaların, reklamların imkanı artıb. Mənim müşahidələrimə görə, Azərbaycan iqtisadi cəhətdən çox fəal bir ölkəyə bənzəyir. O cəhətdən  reklam bazarı Rusiyadakı kimi geniş olmasa da  hər halda var. Biz bu ilin fevralına qədərki Rusiyadan danışırıq. Bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Bir o qədər də reklam bazarı geniş deyil. Amma buna baxmayaraq mən düşünürəm ki, Azərbaycan televiziyalarının maliyyə imkanlarının artırılması üçün yetərlidir. Türkiyə ilə əlaqələr, Türkiyədə gedən proqramlara diqqət, ümumiyyətlə dünya televiziya kontentinə bizim diqqətimiz ona gətirib çıxarır ki, Azərbaycan televiziyalarında bir çox proqramlar özündə həmin o təcrübəni əks etdirir. Xüsusilə ictimai televiziyada dünya proqramlarına bənzərlər çoxdur. Həm də müəyyən verilişlərin bənzərlərinin yayılması məsələsində müəlliflik hüquqları ilə bağlı məqamlar var. O müəlliflik hüquqlarını əldə etmək imkanları  yaranıb. Bu baxımdan təbii ki inkişaf var.

 

– Siz medianı və ölkəni  nə vaxt tərk etdiniz?

 

– Mən Azərbaycan mediasını 2006-cı ildə tərk etdim. Rusiya Federasiyasınınmediasında işləmədim. Bir müddət çalışdım və telekanallarda müəyyən işlər gördüm.Amma sonra gördüm ki, bu iş mənim üçün yetərli deyil. Tamam ayrı istiqamətdə işləməyə başladım, kifayət qədər uğur əldə etdim, yəni  bu sahədəki fəaliyyətim uğursuz olmadı. Buna baxmayaraq jurnalistika elə bir sahədir ki, bir dəfə jurnalistika sahəsinə girən adam ömürlük o sahədə qalır, keçmiş jurnalist olmur. Digər işlərlə məşğul olmağıma baxmayaraq mən özümü jurnalist hesab edirəm. İnsanlarla ünsiyyət qurmaqda, onların motivasiyasını artırmaqda, müəyyən proseslərin nəbzini dəqiq müəyyən etməkdə mənim bilgilərim, topladığım təcrübə böyük yardım göstərir. Jurnalistikaya qayıtmalı olsam   düşünürəm ki, tamam ayrı keyfiyyətdə qayıdacam. Mən bu illər ərzində digər sahələrdə xeyli təcrübə toplamışam, necə ki mənə jurnalistika sahəsində topladığım təcrübə digər sahələrdə çalışmağıma yardımçı olub, eynən də mühasibat işindən tutmuş tikinti işlərinə qədər topladığım təcrübə mənə jurnalistika sahəsində bütün baş verən prosesləri, hadisələri düzgün, dəqiq, səlist dəyərləndirmək üçün təhlil sahəsində bir çox şeyləri daha dərindən anlamaq üçün yardımçı ola bilər.

 

– Bu illər ərzində hansısa bir kütləvi informasiya vasitəsi tərəfindən Sizə əməkdaşlıq təklifi  daxil olubmu?

– Mənim “Press klub”la əməkdaşlığım olub. Bir neçə məqaləm çıxıb həmin saytda. Biz çox dinamik dövrdə yaşayırıq. Vaxt qıtlığı bizə bir çox zaman mane olur. Yeri gəlmişkən, mən sosial şəbəkələrdə mütəmadi olaraq imkanım dairəsində fəallıq nümayiş etdirirəm. Baxmayaraq ki, ayrı ölkədə yaşayıram mənim elə bir günüm olmayıb ki, Azərbaycanla əlaqəm və bağlılığım kəsilsin. Gündəlik Azərbaycanda baş verən prosesləri, yaşadığım ölkədə baş verən prosesləri, ümumiyyətlə dünyada baş verən prosesləri diqqətlə izləmişəm. İndi bir az vaxt baxımından bir o qədər qıt deyil vaxtım, ola bilsin hansısa təkliflər olarsa, hansısa mütəmadi şəkildə çıxış etmək imkanları olarsa təbii ki, məmnuniyyətlə çıxış edərəm, öz fikrimi söyləyərəm. Nəyə görə deyirəm fikrimi söyləyərəm çünki mən xəbər jurnalisti deyiləm. Mən vaxtilə xəbər jurnalistikasında işləmişəm və bu sahəni pis bilmirəm. Buna baxmayaraq mən təhlil jurnalisti oldum və əslində xüsusən təhlil sahəsində həm də bayaq dediyim kimi həmin təcrübə əsasında müəyyən fikirlər, müəyyən mülahizələr yürüdə bilərəm. Kimin üçünsə maraqlı olarsa öz düşüncələrimi də bölüşə bilərəm.

 

– Son illər  ərzində bizdə yeni internet televiziyaları yaranıb. Belə bir televiziya yaratmaq fikriniz yoxdur ki?

– Mən bu televiziyaları müəyyən fasilələrlə izləyirəm. Bu bizim dövrümüzün bir fenomenidir və çox müsbət haldır. Çünki hər kəsin öz fikrini söyləmək imkanları yaranıb. Və Azərbaycanda da böyük vüsət alıb. Bilirsiniz bu nədir?  İqtisadiyyatın bir qanunu var. Tələb və təklif. Bu təkcə iqtisadiyyatda işləmir, həm də ictimai proseslərdə, televiziya sahəsində işləyir. Tələb varsa o təklif yaranıb və insanlara alternativ düşüncə, alternativ mövqe nümayiş etdirilir. Yeri gəlmişkən mən birinci sualınıza qayıdaraq demək istəyirəm ki, biz formaca nə dəyişikliklərin baş verdiyindən danışdıq. Məzmun baxımından mənim gördüyüm qədərilə xeyli problemlər mövcuddur. Həm ictimai-siyasi baxımından, həm ictimai proseslərin təhlili baxımından, həm ictimai proseslərin təqdimatı baxımından, dil baxımından, vizual görüntü baxımından, reportajların vizuallaşdırılması baxımından, eyni zamanda studiyaların qurulması baxımından problemlər var. Bəzi hallarda zövqsüzlük, bayağılıq sezilir. Xüsusən əyləncəli proqramların əyləncə kontentinə bəlkə də heç adiyyatı olmaması ilə bağlı məsələlər var. Zarafat, yumor hissi yüksək intellektin təzahürüdür. Əgər televiziya bizə çox bayağı, intellektsiz yumoru təqdim edirsə bu bizə gələcəkdə xoş bir şey vəd etmir. Əslində bizim yumor, satira baxımından tarixən böyük örnəklərimiz var. O bağlılıq, o məktəb artıq yoxdur, görünmür. Yeni məktəb yaranmır. O qıtlıq varsa, yəni biz ənənəvi televiziya sahəsində, ictimai-siyasi proseslərin təqdimatında, alternativ fikirlərin təqdimatında bu qıtlıq yaranırsa onların yerini təbii ki, ayrı yayım imkanları yaranmaqla, ayrı variantlar, proqramlar tutur. Mən Azərbaycanda olduğum dövrdə yaxşı dostlardan biri mənə dedi ki, ümumiyyətlə  indi televiziyaya baxan yoxdur. Hamı internet kanallarına baxır. İnsanları həmişə onların sosial problemləri, yaşayış problemləri, məişət qayğıları düşündürür. Və bu alternativi onlara verən varsa mütləq onu gedib tapacaq. Burda qorxulu, təhlükəli heç nə görmürəm əksinə televiziyalar o yöndə düşünməlidirlər. Mən ümumiyyətlə ənənəvi televiziya insanıyam, internet televiziyası adamı deyiləm. Mən düşünürəm ki, bu  mənada mənim bir növ qısqanclığım da var. Nə üçün ənənəvi televiziya bu rəqabətdə uduzmalıdır. Fikrimcə, televiziya əməkdaşları, televiziya rəhbərliyi bu barədə düşünməlidir. Açığı mən bu barədə düşünməmişəm. Ola bilsin gələcəkdə, yaxın və uzaq gələcəkdə bu barədə düşünmək olar.

 

– Azərbaycan tamaşaçısı üçün Xəyal müəllimin fikirləri olduqca maraqlıdır. Eyni zamanda Xəyal müəllimin opponentinə və yaxud həmsöhbətinə verəcəyi suallar da maraqlıdır.

– Diaspor komitəsindən mənə təklif gəldi. Komitənin bir verlişi, proqramı var.  “Vətən uzaqda deyil”. Orada mən rubrika açdım. İctimai TV-da gedirdi. Bu rubrika 1 ilə yaxın davam etdi. Blits-şərh adlanırdı, nəyə görə blits-şərh çünki  15 dəqiqə ərzində mən xaricdə yaşayan Azərbaycanlı jurnalistlərlə müsahibələr edirdim. Müsahibəni internet üzərindən edirdim. İndi müəyyən səbəblərə görə rubrikanı qapatmışıq.

 

Mən sizə deyim ki, ümumiyyətlə jurnalistika sahəsində sual-cavabda bir səmimiyyət olmalıdır. İnsanlar arasında bir səmimi əlaqə, qığılcım yaranmalıdır. Açığı mən sizdən onu duyuram. Bu yaxınlarda Elçin Şıxlinski ilə onun verlişində  söhbətimiz oldu, orada özümü o dərəcədə rahat, sərbəst, asudə hiss etdim ki.  Əgər jurnalist aurası  ilə səni qucaqlaya bilirsə, öz səmimiyyəti ilə səndə bir səmimiyyət yaradırsa onu peşəkar saymaq olar. Bu da bir məktəbdir və mən bu məktəbi keçmişəm. Vaxtı ilə  ANS-dən keçmişəm, bir müddət “Space”də işləmişəm, ondan keçmişəm, bir müddət “İnternyus” təşkilatında işlədim və özüm gənc jurnalistlərlə seminarlarda bir məruzəçi kimi iştirak etdim,  hətta dərs də dedim. Bu səmimiyyətdən başqa həm də hazırlıq məsələsidir. Adicə həyatdan götürək, sizi kimsə maraqlandıranda onun haqqında məlumat toplayırsınız. Bizim vaxtımızda bu bir az çətin idi. İnternet bu dərəcədə  geniş miqyas almamışdı. Biz o imkanlardan istifadə edirdik. Müxtəlif variantlarla o adam haqqında məlumat toplayırdıq. Jurnalistika elə sahədir ki, hər bir şeyə səthi yanaşır, məsələn musiqişünası dəvət ediriksə musiqi  haqqında dolğun məlumatlar əldə etmək imkanımız çox məhduddur. Amma bu sahə üzrə çox adi, sadə üzdə olan məlumatları toplamaq jurnalistin borcudur və bu ona imkan verir ki verilişi maraqlı etsin.

 

Fuad Babayev, Ləman Carçalova,

1905.az

Əvvəlki məqalə

Mayın 13-də pensiyalar ödəniləcək

Sonrakı məqalə

Qazaxıstan Qırğızıstana pulsuz hərbi yardım göstərəcək