“Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik – koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir”.
Bunu Birinci vitse-prezident Mehriban Əliyeva bildirib.
Birinci vitse-prezident qeyd edib ki, koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu: “Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə onun öhdəsindən gələ bilmirlər. Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir. Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər. Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir”.
Birinci vitse-prezident vurğulayıb ki, bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik: “Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin – təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər. Əziz tibb işçilərimiz, fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük. Gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz təşəkkürə layiqdir. Əminəm ki, bu qorxunc epidemiyanın qarşısının alınması üçün siz əlinizdən gələni edirsiniz və bundan sonra da edəcəksiniz. Biz sizə, sizin peşəkarlığınıza hədsiz dərəcədə inanırıq. Sizə cəsarət, dözüm və ən əsası cansağlığı arzulayıram! Uca Tanrı sizi qorusun!”.