Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, MİDA bütün informasiya sistemlərini ilkin mərhələdə “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
MİDA-nın ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib. Həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi hazırlanıb.
Dövlət Agentliyi baş verə biləcək gözlənilməz hallarda dayanmaların qarşısını almaq və işləkliyi təmin etmək məqsədilə öz informasiya sistemlərini əlavə olaraq Yevlax Data Mərkəzində də yerləşdirib. “AzInTelecom” MMC tərəfindən hər iki Data Mərkəzdə MİDA-ya virtual server xidmətinin verilməsi təmin olunub.