2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 118 ədəd və ya 25,9% artıb.
2023-cü ilin yanvar-fevral aylarında bu göstərici 456 ədəd təşkil edib. 2024-cü ilin 1 mart tarixinə hazır məhsul ehtiyatı 232 ədəd təşkil edib.
13 ildir ki, Azərbaycanda avtomobil istehsal olunur. Naxçıvanda “Lifan”, “FAW”, “Changan”, Neftçala zavodunda isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur.
Amma bu müddət ərzində yerli avtomobillərin satış tempi qalxmayıb. Son illər isə yerli istehsal olan avtomobillər satılmır. İstehsal bir qədər artsa da, istifadədə kəskin azalma müşahidə edilir. Hətta bir vaxtlar dövlət müəssisələri yerli istehsala üstünlük verirdisə, hazırda bu prosesin əksi baş verir.
Bu sahəni inkişaf etdirmək üçün dost və qonşu olan ölkələrin bu sahədəki təcrübəsindən yararlanmaq yaxşı olardı. Məlumdur ki, son illər Özbəkistanda avtomobil sənayesi çox inkişaf edib. Elə Azərbaycanla memorandum imzalayan “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin özünün də bir neçə avtomobil zavodu fəaliyyət göstərir. Həmin şirkətin illik dövriyyəsi isə təqribən 4 milyard dollara yaxındır.
Hazırda ölkəmizdə minik avtomobillərinin yeganə istehsalçısı Neftçala avtomobil zavodudur. Neftçala Sənaye Məhəlləsində 10 hektar ərazidə tikilmiş “Khazar” avtomobil zavodunda müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun illik istehsal gücü 10 min avtomobildir. “Khazar” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər yerli bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi altında xarici bazarlara da çıxarılır.
Azərbaycan–Özbəkistan birgə avtomobil zavodunun 2025-ci ilin mayında işə salınacağı gözlənilir. İki il ərzində zavodun inşasına və burada istehsal prosesinə başlanmasına 88 milyon manat investisiya yönəldiləcək. Müəssisədə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə olunmaqla “Chevrolet”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” markalı minik avtomobillərinin istehsalı nəzərdə tutulur. Bütövlükdə isə, zavod işə salındıqdan sonra layihə çərçivəsində burada il ərzində 30 min ədəd avtomobil istehsal olunacağı gözlənilir. Həmin avtomobillərin isə daxili bazarda satışı ilə yanaşı, ixrac olunması da planlaşdırılır.
Azərbaycanda “Lada”nın istehsalına başlanılır. Rusiyanın “AvtoVAZ” ASC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır. ASC-nin rəhbəri Maksim Sokolovun verdiyi məlumata görə, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib.
Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilər Tolyattidən olan mütəxəssislərdən lazımi təlim keçiblər. Onun sözlərinə görə, Azərbaycanda “Lada”nın illik istehsal həcmi növbəti bir neçə ildə 4-5 min avtomobilə çata bilər. Maksim Sokolovun dediyinə görə, ilkin olaraq “Lada Granta”, ilin sonuna kimi “Lada Niva” ailəsinin avtomobillərinin iki modelini – Legend və Travel, eləcə də Vesta ailəsinin avtomobillərini yığmağa başlamaq niyyətindədirlər. “AvtoVAZ” rəhbərinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması şirkətə bu ölkədə bazar payını bərpa etməyə və brendin mövcudluğunu artırmağa kömək edə bilər.
2020-ci ilin fevralında Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar qəbul edib. Qərarla minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin Azərbaycana idxalı gömrük rüsumlarından azad olunub. Qurum bunu ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə etdiyini açıqlayıb.
Ekspertlərin fikrincə, Azərbaycan böyük dünya şirkətləri ilə əməkdaşlıq çərçivəsində ölkədə bu sahədə dəyi.iklik yarada bilər.
Nəqliyyat eksperti Fərid Həşimovun sözlərinə görə avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Belə olmasın deyə biz ehtiyat hissələrinin istehsalına önəm verməliyik. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaşlarımız eyni qiymətə olan yerli istehsaldan daha çox xarici istehsala üstünlük verirlər.Bu fikrin aradan qaldırılması üçün Azərbaycan brendləri özünü yerli bazarda sübut etməlidir. Dövlət müəssisələri və vətəndaşlar bu avtomobillərin alıcılarına çevrilməlidirlər. Əks təqdirdə bu problem illərlə davam edəcək.
Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda minik avtomobillərinə olan illik tələbat təxminən 60 min ədəd təşkil edir. Bununla belə, iqtisadiyyat inkişaf etdikcə, əhali sayı çoxaldıqca nəqliyyat vasitələrinə tələbat da ildən-ilə artır. Bu səbəbdən də Azərbaycanın özünün milli avtomobil sənayesinin qurulmasına və inkişaf etdirilməsinə böyük ehtiyac var.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, bazarın həcmi və ekosistem baxımından Azərbaycanda avtomobil sənayesinin inkişafı çox məhduddur: “Əvvəla, yeni bir avtomobil modeli yaradıb istehsalı qurub, onun bazarını təmin edəcək elmi-texniki nailiyyətlər əldə olunmayıb. İkincisi, hətta belə nailiyyət olsa da, uzunmüddətli sərmayə qoyuluşu üçün maliyyələşməni təmin edəcək kreditləşmə imkanları mövcud deyil. Digər tərəfdən, dünya iqtisadiyyatı ilə inteqrasiya o səviyyədə deyil ki, istehsal olunacaq yeni avtomobili xaricə ixrac edib, gəlir əldə olunsun. Nəhayət, yerli bazar belə müəssisənin gəlirliliyini təmin edəcək həcmdə deyil. hazırda Azərbaycan bazarında xarici avtomobil markalarının çoxsaylı çeşidi var, seçim imkanları genişdir. Bu şəraitdə yerli istehsalın davamlılığını təmin etmək mümkün deyil. İndiyədək qurulan müəssisələrin taleyi sübut edir ki, daxili bazarın tələbi yüksək olmadığı üçün Azərbaycanda avtomobil istehsalının inkişafı real deyil”.
Yol hərəkəti üzrə ekspert və hüquqşünas Ərşad Hüseynov milli brendlərə inamın az olmasını, ilk növbədə, keyfiyyətlə əlaqələndirdi. Ekspert vuğulayıb: “Hazırda avtomobillərin həm texniki göstəricilərinə, həm də dizaynına verilən tələblər çox yüksəkdir. Bir neçə on il bundan əvvəlin parametrləri ilə indiki rəqabət şəraitində insanların zövqünü oxşamaq sadəcə mümkün deyil”.
Ölkəmizdə istehsal olunan avtomobillərə alıcı marağının aşağı olmasını şərtləndirən digər amillər də var. Alıcı marağının artmasında brendlər də mühüm rol oynayır. İndiyədək respublikamızda avtomobillərin istehsalı bütün hallarda xarici şirkətlərin iştirakı ilə təşkil olunub. Ölkəmizdə avtomobil istehsalına dünyada tanınan, özlərini təsdiqləyən şirkətləri cəlb etmək lazımdır. Əks halda, alıcı marağını artırmaq mümkün olmayacaq.
Ekspert Elməddin Muradlının sözlərinə görə, maşınqayırma sənayesindən danışırıqsa, heç olmasa onların hissələrinin 30 faizi ölkəmizdə istehsal olunmalıdır.
Ekspertlər güzəştli satışın da ölkə daxilində avtomobil istehsalına müsbət təsir göstərəcəyi qənaətindədirlər. Yerli istehsal olan avtomobillər daxili bazarda alıcılara daha aşağı qiymətlərlə təklif olunmalıdır. Dövlət büdcəsindən maliyyələşən təşkilatların nəqliyyat parkları da yerli istehsal hesabına təzələnməlidir.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, maşın istehsalı üçün detallarının ən azı 25-30 %-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir.
Avtomobillərin utilizasiyasını nəzərdə tutan qanunvericilikdə tərəflərdən biri də yerli avtomobil istehsalçılarıdır. Qanuna görə, avtomobilini utilizasiyaya verən şəxsə bu barədə təsdiqedici sənəd veriləcək və onun əsasında 3 il ərzində yalnız ölkədə istehsal edilmiş yeni avtomobili güzəştli qiymətə almaq mümkün olacaq. Beləliklə, maşınını “metalloma” vermiş şəxs bu güzəştlə yanaşı, ƏDV ödəmədən yeni avtomobil ala biləcək.
Yerli minik avtomobillərinin təkcə satışı yox, onların yığımı (minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı) üçün nəzərdə tutulmuş 45 adda xammal və materialların ölkəyə gətirilməsi də ƏDV-dən azad edilib. Təcrübə onu göstərir ki, vergi və gömrük güzəştlərinin tətbiqi avtomobillərin ilkin bazarında qiymətə təsirini göstərir. Bu baxımdan yerli bazarda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin istehsalı olan avtomobil qiymətlərinin digərləri ilə müqayisədə aşağı olması təkcə texnologiya ilə yox, həmçinin bu ölkələrdən Azərbaycana idxalda gömrük rüsumunun olmaması ilə bağlıdır.
Bundan başqa, Azərbaycana elektrikli avtomobillərin gətirilməsi (2019-cu ildən), eyni zamanda satışı (2022-ci ildən) ƏDV-dən azaddır. Ötən il istehsal ilindən 3 ilədək ötmüş belə avtomobillərin idxalı üçün gömrük rüsumu da 15 faizdən 0 faizə endirilib. Bu avtomobillərdə daxili yanma mühərriki olmadığından onlar üçün aksiz vergisi də hesablanmır.
Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. Vergi və gömrük güzəştlərinin fonunda belə avtomobillərə maraq artıb. Belə ki, rəsmi göstəricilərə görə, 2023-cü ilin birinci yarısında ölkəyə idxal olunmuş hibrid avtomobillərin sayı 17,9 faiz, elektromobillər isə 7,3 dəfə artıb.
Dövlət Statistika Komitəsi yanvar-aprel ayında ölkədə istehsal olunan avtomobillərin sayını açıqlayıb. Yanvar-aprel aylarında 145 ədəd yük avtomobili (artım 52,6%) istehsal edilib. 2023-cü il mayın 1-nə anbarlarda 9 ədəd yük avtomobili var. Apreldə yük avtomobilləri istehsal olunmayıb.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
Vergidən azadetmə faktoru yerli minik avtomobillərinə marağın artması fonunda bazarda rəqabəti artıracaq və nəticədə qiymətlər enə bilər. Azərbaycanda ildə 2 minə qədər minik avtomobili istehsal edilir. ƏDV-dən azadetmə sahibkarlar üçün avtomobil istehsalının həcmini artırmağa görə bir fürsətdir. ƏDV olmadığından onların istehsal etdikləri avtomobillərin qiyməti rəqabətədavamlı olacaq.
V.ABBAS
Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb