MİLLİ DİRÇƏLİŞ GÜNÜ –

Meydandan Azadlığa aparan tarix (FİLM XRONİKA)
17 Noyabr 2019 - 01:09

 Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Azpost.info bildirir ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr  1988-ci il) başladı.

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

17 noyabr mitinqinin tələbləri

  1. Azərbaycan höküməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki,  Topxanada nə işlər görülür.
  2. Ağdam şəhərində qadağan saatı 24 saata ləğv edilməlidir.
  3. Dağlıq Qarabağ Muxtar Vilayatində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
  4. Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin  63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik…
  5. Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.

Bu tələblərdən göründüyü kimi  mitinqdə Ermənistanın Azərbaycana  qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Sovetinin  sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada “Moskvanın fitnələrinə son qoyulsun!”, “Suverenlik!”, “Azadlıq!” şüarları səslənməyə başlandı.

Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə  şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra –noyabrın 19-da burada ilk dəfə1918-20-ci  illərdə mövcud olmuş  Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi.

Dekabrın 3-də  hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi.Dekabrın 4-də  isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

Meydan Hərəkatı Azərbaycanın müstəqilliyi uğrunda başlanan milli-azadlıq hərəkatının başlanğıcı oldu.  3 ildən sonra – 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdi.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

Azpost.info