Milli müstəqillik tariximizin şərəf salnaməsi

Dünyanın bütün xalqları kimi, Azərbaycan xalqının da dövlətçilik anlayışı, dövlətçilik təcrübəsi və ənənələri yüz illərlə təşəkkül və təkmilləşmə dövrünü yaşayıb.

XX əsrin əvvəllərində dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqı öz istiqlaliyyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlamışdı. Bu mübarizənin başlıca hədəfi Rusiya imperiyasından qopmaq, Azərbaycan xalqının itirilmiş dövlətçilik ənənələrini bərpa etmək və yeni dövlət modelində irqindən, dinindən və milliyyətindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt yaşaması üçün demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyətin yaradılması idi.

Xalqın öz milli dövlətini qurmaq uğrunda bu şərəfli mübarizəyə qalxdığı dövr 1-ci dünya müharibəsinin yenicə başa çatdığı, beynəlxalq hüquq normalarının hələ oturuşmadığı, mürəkkəb geosiyasi proseslərin baş verdiyi ağır bir dövr idi. Dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycan ziyalılarının apardığı ardıcıl siyasi mübarizənin uğurla nəticələnməsini şərtləndirən bir sıra ciddi amillər də mövcud idi.

Hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidi ruhlu realistik-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın milli özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik rejiminə qarşı ardıcıl mübarizənin təşkilində önəmli rol oynamışdı.

Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərakatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan “Müsavat” və “Difai” kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.

Bütövlükdə, İslam dünyasında siyasi-mədəni dekadansın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi.

1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın yaradılması xalqımızın milli və dini köklərə sadiqliyi ilə yanaşı mütərəqqi və bəşəri ideyalara açıqlığının və müasirliyə can atmasının əyani təzahürü idi.

Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində birbaşa əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı.

Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında müasir dövlət idarəçiliyinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. İl yarımlıq fəaliyyəti dövründə parlament tərəfindən qəbul olunan qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişə səbəb oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti qarşısında əsas hədəf kimi dayanan siyasi, iqtisadi, mədəni, təhsil, ordu quruculuğu istiqamətində ən qabaqcıl qayda və standartların ölkədə tətbiqini həyata keçirməklə, həm parlament, həm də milli hökumət bütün qüvvələrini səfərbər etmişdi.

114 min kvadrat kilometrlik əraziyə sahib olan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidirdi. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik  təcavüzünün qarşısının alınmasına yönəltməyə məcbur edilirdi. Yalnız 3 aydan sonra – 1918-ci ilin sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak birliklərindən tam təmizlənməsindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində əhəmiyyətli dərəcədə sabitliyin bərqərar edilməsinə nail oldu və siyasi-diplomatik fəaliyyətdə, iqtisadi-sosial sahələrdə ciddi uğurlar əldə edilməyə başlandı.

Artıq 1918-ci il dekabrında Bakıda yeni hökumətin formalaşdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Bakıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıması barədə xüsusi bəyanat verdi. Həmin bəyanatda bütün Azərbaycan ərazisində milli hökumətin qanuniliyi təsdiqlənir və müttəfiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin, milli hökumətin nümayəndələri ilə mütəmadi görüşlərdən sonra general Tomson Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndələrinin iştirakına dəstəyini də ifadə etdi.

Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Həmin dövrdə Birinci Dünya müharibəsindən qalib çıxmış Antanta ittifaqına daxil olan dövlətlərin birlikdə və hər birinin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, hərbi məqsəd və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, məhdud resurslarla dövləti və milli maraqların müdafiə olunması kimi olduqca çətin vəzifə dayanırdı. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınması üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsini verdi.

1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsələsi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət rəhbərlərinin təmsil olunduğu Dördlər Şurasının iclasında geniş müzakirə edildi. 1920-ci ilin yanvarında isə Böyük Britaniyanın təşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Xalq Cümhuriyyəti də daxil olmaqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsələsi qaldırıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qərarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanınması bəyan edildi.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkədə ictimai-siyasi həyatda olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.

Xalq Cümhuriyyəti dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz İldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin nümunəsində müstəqil Azərbaycanda mədəniyyət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana dilində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi. Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığa  can atırdı. Siyasət, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə təmasında yeni fəaliyyət mexanizmlərini hərəkətə gətirirdi.

Cümhuriyyət qurucularının əksəriyyəti – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Xudadat bəy Rəfibəyli, Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqaları yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq.

Onlar xalqımızın tarixi-mədəni və ictimai-siyasi dünyagörüşünün seçkin dəyərləri üzərində Qafqazın ən böyük dövlətini yaratmışlar! Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. Əgər cümhuriyyətçilər 1918-1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda varislik xətti ilə yaşayıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıda bilmədi. Azərbaycan siyasi mühacirətinin nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər. 1991-ci ildə milli müstəqilliyimizin bərpa edilməsindən sonra milli dövlətçilik tariximizin qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti irsinin dərindən araşdırılması istiqamətində mühüm addımlar atıldı, Cümhuriyyət tarixi bu gün də yüzlərlə tədqiqatçılar tərəfindən öyrənilməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın istiqlaliyyət arzusu ilə əlaqələndirən Heydər Əliyev söyləyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”

Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə silinməz izlər buraxdı. Xalqımız Cümhuriyyət dönəmində daha da zənginləşmiş mili-mənəvi dəyərləri qoruyub saxladı, hətta Sovet hakimiyyəti illərində də özünün dövlətçilik atributlarına dərin ehtiramını ürəyində yaşatdı. Heç şübhəsiz ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasında Cümhuriyyət dönəmində möhkəmlənib inkişaf etdirilmiş dövlətçilik şüuru, milli-mənəvi dəyərlər, milli özünüdərkin yetişməsi həlledici amillər oldu. Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu gün cümhuriyyətçilik dəyərlərinin yaşadılması və tətbiqi istiqamətində tarixi addımlar atmaqda və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirməkdədir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Bakı, 27 may 2021

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq gətirmiş ər-arvad kimdir? –

Sonrakı məqalə

Mehriban Əliyeva 28 May Günü ilə bağlı paylaşım etdi: