Mingəçevirdə uşaqlar arasında virusa yoluxma aşkarlanıb.
Uşaqların “Hepatit A” virusuna yoluxduğu bildirilir.
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya məlumatı təsdiqləyiblər.
Qurumdan bldirilib ki, son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə Mərkəzi Şəhər Xəstəxanasından 6 nəfər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Hər bir ünvanda həkim-epidemioloq tərəfindən dərhal araşdırma aparılıb. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində bir-biri ilə təmasda olduğu, ikisinin isə qohumluq əlaqəsi aşkarlanıb.
Mingçevir Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İlqar Həsənov APA-ya açıqlamasında bildirib ki, onlara 6 nəfərin virusa yoluxması barədə müraciət daxil olub. Onlardan 4 nəfərin “Hepatit A” virsuna yoluxduğu təsdiqlənib, iki nəfərin virusa yoluxması hələlik təsdiqini tapmayıb.
Qeyd olunub ki, yoluxma olan əraziyə GEM tərəfindən “Su-kanal” ASC-nin əməkdaşları cəlb olunub, mənzillərdən su nümunələri götürülüb, bakterioloji müayinə üçün laboratoriyaya verilib. O cümlədən Mingəçevir su anbarının çıxış nöqtəsindən də nümunə analiz götürülüb: “Bizim laboratoriyada yoxlama zamanı suda heç bir virusun olmadığı məlum olub. Biz həmçinin nümunələri yoxlanmaq üçün Bakıya göndərmişik. Suda virus olsaydı, daha çox insan virusa yoluxa bilərdi”.