ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliffin Moskvaya səfərinin məqsədi məlum olub.
The Wall Street Journal və Politico nəşrlərinin mənbələrinə görə, Ratkliff Rusiya Prezidenti Vladimir Putinə Baltikyanı ölkələrə mümkün hücumla bağlı xəbərdarlıq etmək üçün Moskvaya gedib.
Politico-nun mənbəsi bildirib ki, söhbət konkret olaraq Litva, Latviya və Estoniyaya qarşı “eskalasiya xarakterli addımların” yolverilməzliyindən gedib.
Bundan başqa, Ratkliffin Moskvanın İrana hərbi və iqtisadi dəstəyini dayandırmasını tələb etdiyi bildirilir.
ABŞ Rusiyanın NATO-nu sınağa çəkə biləcəyindən narahatdır
Avqustun əvvəlində The Wall Street Journal Rusiyanın yaxın illərdə NATO üzvü olan ölkələrdən birinə “məhdud hücum” edə biləcəyi barədə məlumat yaymışdı.
Nəşrin məlumatına görə, belə bir addımın məqsədi NATO daxilində birliyi sınaqdan keçirmək və Ukraynada davam edən müharibə ilə bağlı yaranmış dalandan çıxmaq ola bilər.
Bu iddialar fonunda Ratkliffin Moskva səfəri Vaşinqtonun Rusiyaya verdiyi ciddi siyasi mesaj kimi qiymətləndirilir.
Ratkliff Moskvadan qayıtdıqdan sonra Ağ Evdə müşavirə
CIA rəhbəri Rusiyadan qayıtdıqdan dərhal sonra Ağ Evdə keçirilən müşavirədə iştirak edib.
Prezident administrasiyasını işıqlandıran jurnalist Endryu Leyden sosial şəbəkədə yazıb ki, görüşdə ABŞ-ın müharibə naziri Pit Hegset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin də iştirak etdiyi ehtimal olunur.
Ratkliffin Moskvaya səfəri və onun ardınca Ağ Evdə keçirilən müşavirə ABŞ-Rusiya münasibətlərində yeni diplomatik və təhlükəsizlik mesajlarının verildiyi barədə müzakirələri gücləndirib.
Nadir