Mingəçevir Valideynlər Assosiasiyası yeni layihəsini təqdim edib – FOTOLAR

Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərin bir qrupu İT təlimlərinə cəlb olunacaq.

27 may 2025-ci ildə Mingəçevir Resurs Mərkəzində “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin yeni layihəsinin təqdimatı keçirilib. Tədbirə dövlət və ictimai qurumların nümayəndələri, eyni zamanda layihənin Mingəçevirdən olan benefisiarları qatılıb. Öncə Müstəqillik günü ilə bağlı təbriklər dinlənilib, ardınca şəhidlərimizin xatirəsi yad edilib.

Layihənin rəhbəri Fərman Nəbiyev mərasim iştirakçılarına məlumat verib ki, İctimai Birlik  2025-ci il mayın 1-dən “Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsin maliyyəsi ilə “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsinə başlayib: “İT bacarıqları üzrə təlimlər Mingəçevir və Bərdədə 30 nəfər üçün 2 ay ərzində nəzərdə tutulub. Artıq qruplar formalaşdırılıb. Benefisiarların seçimi zamanı gender balansını təmin etməyə çalışmışıq. Hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu müddətdə Mingəçevirdə və Bərdədə Dövlət Qaçqınkomun, köçkün və yerli icmaların, təhsil və təlim  mərkəziərinin məsul əməkdaşları ilə, eyni zamanda sahibkarlarla bir neçə dəfə görüşümüz olub və biz onlarla təmaslarımızı davam etdiririk”.

Dövlət Qaçqınkomun Mingəçevir və Zərdab rayonları üzrə nümayəndəsi Rauf Nəbiyev belə layihələrin əhəmiyyətindən danışıb: “Torpaqlarımızın işğalı zamanı yurd-yuvasından didərgin düşən bir milyon insanın doğma torpağına qayıtması üçün dövlətimiz böyük işlər görür və hər gün qayıdışla bağlı xəbərləri eşidirik. Bu insanlara dövlət təşkilatları ilə bərabər QHT-lərin də peşə bacarıqları öyrətməsi çox təqdirəlayiq haldır. Ümid edirəm ki, qeyri-hökumət sektoru gələcəkdə tur bələdçisi, otel əməkdaşı, aşpaz və digər ehtiyac duyulan ixtisaslar üzrə də kadr hazırlığına dəstək verəcək”.

MVA İB prezidentinin müavini Yeganə Nəbiyeva,  Mingəçevir Resurs Mərkəzinin psixoliqu Samirə Hüseynova, hüqiuqşünas İsmayılk İsmayılov, Mingəçevir Turizm Kollecinin təşkilatçısı Gülnaz Qarayeva  layihənin aktuallığından danışıblar. Onlar diqqətə çatdırıblar ki, bu layihə uzun illərin həsrətindən sonra yurdlarına dönəcək şəxslərin bilik və bacarıqlarını artıracaq,  yeni sosial-iqtisadi mühitə inteqrasiyasına dəstək göstərəcək, məşğulluq imkanlarını artıracaq. Natiqlər təlimə qoşulanlara məsləhətlərini də veriblər.

Ağdam rayonundan köçkün Zəhra Hüseynova və Alagöz Muradova, Xocalıdan Hədiyyə İsmayılova və başqaları İT təlimlərinin iştirakçıları olduqları üçün özlərini xöşbəxt hesab etdiklərini bildiriblər.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ildən bəri yerli və beynəlxalq donorların maliyyə dəstəyilə  “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi”, “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması”, “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması”, “Mingəçevir şəhərində məcburi köçkün icmalarının səfərbərliyi və bacarıqların artırılması”,  “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: Peşə bacarıqlarının artırılması” adlı layihələri icra edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.