Mirzoyanın müavini Azərbaycanla danışıqların gedişatını şərh edib

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Azərbaycanla danışıqları şərh edib.

Erməni diplomat bu barədə ölkə parlamentinin bugünkü iclası çərçivəsində jurnalistlərə danışıb.

Safaryan bildirib ki, Azərbaycanla sülh sazişi layihəsi var və hazırda onun ətrafında danışıqlar aparılır.

O, Ermənistanın Azərbaycan tərəfi ilə danışıqlar zamanı Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyi ideyasını rəhbər tutduğunu deyib.

Danışıqlar prosesində hansı ölkənin lazımi mexanizmləri təmin edəcəyi barədə suala cavab verən Safaryan deyib ki, bir neçə variant var – bu, ya ayrı-ayrı ölkələr, ya da BMT Təhlükəsizlik Şurası ola bilər.

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin gözlənilən Moskva görüşü barədə danışan Mnatsakan Safaryan burda kommunikasiyaların açılması mövzusu da daxil olmaqla, digər bütün məsələlərin müzakirə ediləcəyini deyib.

O, Moskva görüşündə Brüssel layihəsi deyil, hər iki tərəfin birlikdə formalaşdırdığı mövzuların müzakirə olunacağını əlavə edib.

“Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasına gəlincə, isə burada hər hansı yenilik yoxdur”, – XİN rəhbərinin müavini əlavə edib.

Danışıqlar üçün platformaya gəlincə, nazir müavini vurğulayıb ki, eyni vaxtda bir neçə platformadan, o cümlədən Rusiya platformasından istifadə olunur.

Əvvəlki məqalə

“Yüksəliş”in onlayn mərhələsinin nəticələri açıqlanıb

Sonrakı məqalə

Duma ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini Rusiyanın daxili işlərinə qarışmaqda ittiham edib