Mixail Qorbaçovun həbsini tələb edən Şeyxülislam –32 il əvvəl 20 Yanvar demarşı

20 yanvar  faciəsinin 32-cü ildönümüdür. Azərbaycan xalqının qan yaddaşına yazılmış bu qanlı qırğın ölkəmizi müstəqilliyə aparan azadlıq mübarizəsini alovlandırdı.

Həmin ağır günlərdə hamı yumruq kimi birləşmişdi. Xalqın önündə gedən siyasətçilər, ictimai xadimlər SSRİ hakimiyyətindən Qarabağla bağlı ədalətsiz siyasətinə son qoymağı tələb edirdi.

Bir sıra siyasi ekspertlərin araşdırmalarına görə, Qarabağ probleminə qərəzli yanaşma Azərbaycanda sovet hakimiyyətinə inamı zəiflətdisə 20 yanvar qırğını artıq bu ölkənin süqutunun əsasını qoyan amillərdən oldu. Dindarını və sekulyarını vahid ideya ətrafında birləşdirmiş Qarabağ hərəkatı xalqın mütəşəkkil birliyini yaratdı və Azərbaycanın azadlıq mayakını yandırdı.

SSRİ rəhbərliyi Bakıya yeridilən ordunun qanlı cinayətinə  bəraət qazandırmaq üçün islam faktorundan istifadə etməyə cəhd etmişdi.

Bu da səbəbsiz deyildi.

Azərbaycan xalqının milli azadlıq hərəkatı ona min illərdir tapındığı dini dəyərlərin intibahı üçün fürsət verdi. 70 il ateist SSRİ tərəfindən qadağan edilən etiqadın dirçəlişi milli həmrəyliyin vacib amilinə çevrilmişdi.

Qarabağla bağlı etiraz dalğasında sözünü deyənlərdən biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə idi. Gənc Şeyxülislamın mitinqlərdə çıxışı, dindarlar qarşısında moizələri sovet rəhbərlərini qıcıqlandırır və əsəbləşdirirdi. Allahşükür Paşazadə sovet kommunist elitasının illərdir bir küncə sıxışdırdığı, səsini boğduğu, müti, susqun, apolitik din xadimi obrazını dağıdaraq sovet vətəndaşlarının etiraz ifadəsinə çevrilirdi.  Milyonluq mitinqlərdə xalqı Qarabağın müdafiəsinə səsləyən QMİ sədri Azərbaycanın qaynar ictimai-siyasi həyatının ayırlmaz hissəsinə çevrilmişdi.

1990-cı ilin yanvarında siyasi gərginlik öz pik halına çatmışdı, Azərbaycan SSR-nin kommunist rəhbərliyinin Moskva qarşısında dişsiz və müti vəziyyəti, xalq qarşısında etimadını itirməsi, ölkənin başının üstünü almış etnik separatizm təhlükəsini lazımi qaydada qiymətləndirə bilməməsi siyasi böhran situasiyası yaratdı.

Moskvanın Qarabağ probleminin həllində tutduğu ədalətsiz mövqe xalqın səbrini tükəndirirdi. Bakıda DTK tərəfindən təşkil olunmuş erməni talanları, SSRİ-İran sərhəddinin sökülməsi, Naxçıvan və Qarabağda erməni silahlılarının dinc azərbaycanlılara hucumları, 200 min soydaşımızın ata-baba torpaqları olan İrəvandan qovulması siyasi böhranı kəskinləşdirən detenator rolunu oynadı.

Bütün bunlarla yanaşı Azərbaycanda “islam təhlükəsi” barədə Moskvanın qondarma ittihamları, respublikanı “islam ekstremizmində” ittiham etmək qəzəbi daha da artırırdı.

Moskva Azərbaycandakı etirazlara dini rəng verməklə respublikamızı SSRİ-də başlanmış demokratik hərəkatdan təcrid etməyə çalışırdı. Bu taktika Azərbaycanın o dövrdəki siyasətçilərinə tətbiq olunurdu. Azərbaycan Kommunist Partiyasının ikinci katibi Viktor Polyaniçko AXC İdarə Heyətinin üzvləri ilə görüşündə AXC-nin proqramına “Quran” və islam təməlçiliyinin prinsipləri də salınmasını təklif etmişdi. Moskvanın canişininin siyasi münasibətlərdə islam faktorundan belə kobud istifadə və manipulyasiya cəhdi gələcəkdə baş verəcək hadisələr üçün bir istinad olmalı idi.

Bu baxımdan  SSRİ Millətlər Sovetinin sədri Yevgeni Primakovun 20 yanvarı qırğını ərəfəsində QMİ sədri Allahşükür Paşazadəyə respublikada hakmiyyəti ələ alması təklifi bu təxribatların tərkib hissəsi idi.

Yanvarın 17-də Azərbaycan SSR-nin Kommunist Partiyasının Mərkəzi Komitəsində xalq şairi Bəxtiyar Vahabzadə, xalq yazçısı İsmayıl Şıxlı, QMİ sədri Allahşükür Paşazadə ilə 1-ci katib Vəzirov, Y.Primakov və şöbə müdiri Mixaylovla keçirilən görüşdə ordunun Bakıya girməməsi istənilmişdi.

Mübahisələrlə keçən bu görüşdə QMİ sədri Yevgeni Primakovun üzərinə yeriyərək sərt şəkildə ondan ordunun şəhərə girməməsini tələb edib və əks təqdirdə bunun pis nəticə verəcəyini bildirmişdi.

“Primakov mənə belə bir təklif etdi ki, biz Qorbaçovla danışmışıq, məsləhət eləmişik, ançaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən respublikaya rəhbərliyi öz üstünə götürsən, onda biz söz verirk ki, hər cəhətdən həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcək”, – deyə Şeyxülislam illər sonra verdiyi müsahibəsində açıqlamışdı.

Allahşükür  Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verərək siyasətçi deyil, din xadimi olduğunu bəyan edir.

Bakıya girən ordu gecə ilə xalqı qanına qəltan etdi. Səhəri qan içində açan şəhər qəzəbli etirazın gur selinə düşdü.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşühkür Paşazadə bəyanat verərək Bakı qırğınına görə, SSRİ rəhbəri Mixail Qorbaçovu ittiham edir və onu lənətləyir.

Şeyxülislamın bəyanatı radio ilə bütün ölkəyə yayılır.

A.Paşazadə öz müraciətində Mixail Qorbaçovu Bakıda baş vermiş qanlı qırğının əsas təşkilatçısı elan edərək onu qatil adlandırdı: “Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikəparça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanədə puç oldu. Çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı “Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz”-deyə bəyanatında Şeyxülislam bildirirdi.

QMİ sədrinin SSRİ rəhbərini belə kəskin ittiham etməsi bütün dünyada böyük rezonans verdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi.

Bakı qırğınından dərhal sonra sovet rəhbəri Mixail Qorbaçov dünyaya bəyan etdi ki, Azərbaycanda dini ekstemist fanatiklər sovet hakimiyyətini devirməyə cəhd ediblər və guya bunun qarşısı alınıb.

Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə “Azərinform”a açıqlamasında  Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq “islam amili”ni “fitnəkar ittiham” adlandırmışdı.

Qanlı qırğından sonra yaranmış hakimiyyətsizlik nəticəsində Təzəpir Məscidi, Qafqaz Müsəlmanları İdarəsi  xalqın müraciət edə biləcəyi yeganə yerə oldu. Şəhidlərin dəfninin təşkili ilə QMİ sanki siyasi hakimiyyətlə kütlələr arasında əlaqəni yaradan əsas həlqəyə çevrilmişdi. Mərkəzi Komitənin qarşısında keçirilən mitinqdə Şəhidlərin dəfni üçün professor Qüdrət Əbdülsəlimzadənin rəhbərliyi ilə İctimai Dəfn Komissiyası yaradılır. Şeyxülislam 10 nəfərlik Komissiyanın tərkibinə daxil edilir.

20 yanvar günü səhər Təzəpir məscidinə ilk şəhid cəsədi  gətirilir. Sovet hərbi komandanlığının kütləvi dəfn mərasiminə yol verməmək cəhdi, hədə-qorxuları iflasa uğrayır. Təzəpirdə bütün  din xadimlərini bir yerə yığan Şeyxülislam onlara “Evinizlə, ailənizlə hallalaşıb gəlin, hər şey ola bilər!” –deyə bildirir.

Şəhidlərin dəfninə hazırlıq başlanır.

Yanvarın 22-də QMİ sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə 20 yanvar şəhidlərinin möhtəşəm dəfn mərasimi keçirilir.

Mərasimi dini ritualdan çıxaraq, xalqın iradə və etiraz nümayişinə çevrildi. Fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq milyonlarla insan şəhidlərə son borclarını vermək, dəfn etmək üçün Bakı küçələrinə çıxdı. Bu nəhəng izdihamda Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı.

Kremlin arzu etdiyi dini təfriqə baş tutmadı.

O dövrün informasiya blokadası Azərbaycanda baş verən qanlı cinayəti dünyaya çatdırmaq üçün əngələ çevrilmişdi.

Qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro çətinliklə Dəfn Komissiyasının üzvü olan Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaradaraq  Bakıda baş verənlərlə bağlı ətraflı məlumat alır. 40 dəqiqəlik telefon danışığı əsasında hazırlanan müsahibə «Reppublika» qəzetində çap olunur. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur.

QMİ sədri “Vətən” cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova etiraz bəyanatını göndərə bilir.

Şeyxülislamın daha bir demarşı SSRİ xalq deputatı mandatından imtina etməsi oldu. 1990-cı ilin mart ayında Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etirazını bununla bildirən Allahşükür Paşazadə sovet rəhbərinin Azərbaycan xalqı qarşısında cinayətini bir daha dünyaya xatırlatdı.

QMİ sədri bu 32 il ərzində daima 20 yanvar qırğınının təşkilatçılarını ittiham edib, Mixail Qorbaçovun məsuliyyətə cəlb olunmasını tələb edib.

Yanvar qırğını Azərbaycan xalqını sındırmadı.  Bu qanlı cinayət xalqı daha da birləşdirdi və müstəqillik uğrunda mübarizənin yeni periodunu gətirdi. Üstündən 32 il ötməsinə baxmayaraq Azərbaycan xalqı azadlığı uğrunda öz canını fəda etmiş əziz Şəhidlərini unutmur. Hər il yüz minlərlə insan övladları, nəvələri ilə Şəhidlər Xiyabanına üz tutaraq bu Qəhrəmanları xatırlayır, onların nakam ruhuna dualar oxuyurlar.

Azərbaycanın müstəqilliyi üçün məhək daşı olan Şəhidlər siyasi və etiqad dirilişinə parlaq bir vəsilə oldular.

Emin ABBASOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dedi-qodular, rəhbərliyin qətiyyətsizliyi məni narahat edir” –

Sonrakı məqalə

Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib