MSK-ya seçkilərlə bağlı hələlik rəsmi şikayət daxil olmayıb

10 Fevral 2020 - 16:22

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) hələlik rəsmi şikayət daxil olmayıb.

“Report” xəbər verir ki, bunu jurnalistərə açıqlamasında Komissiyanın sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, rəsmi şikayət daxil olmasa da, hər hansı hal zamanı MSK toplanacaq və öz fikrini bildirəcək.

R.Qasımov həmçinin xatırladıb ki, əgər 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfər olub: “Builki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Bütün namizədlər təşviqat kampaniyasında bütün lazımi vasitələrdən istifadə ediblər. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, ismarıclarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq”.

MSK sədrinin müavini qeyd edib ki, builki parlament seçkiləri həm namizədlərin qeydiyyatı, həm də namizədlərin ismarıclarını seçicilərinə çatdırması üçün mövcud imkanlar baxımından kifayət qədər zəngin oldu.