Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəl olduğu kimi jurnalistlər buraxılmayıb.
Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.
İyunun 6-da keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun oğlu İntiqam Sultanov şahid qismində ifadə verib.
Məlum olub ki, 2009-cu ilin əvvəllərində təqsirləndirilən şəxs Vüsal Ələkbərov İntiqam Sultanovu istintaqa dəvət edib. Ondan “Texnikabank” ASC-nin Bakı filialından 1 oktyabr 2007-ci il tarixli müqavilə götürülən 1 milyon dollar məbləğində kreditlə maraqlanıb.
İntiqam Sultanovu həbs etməmək müqabilində onun atası Bahəddin Sultanovdan əvvəlcə 1 milyon dollar tələb edib.
Bahəddin Sultanov bildirib ki, oğlunun hər hansı bir cinayəti yoxdur, bu səbəbdən də tələb olunan vəsaiti ödəməyəcək.
Çünki faktiki olaraq krediti gecikməsi səbəbindən almayıblar. Kredit götürülməmiş bağlanıb. Kredit müqabilində qoyulan girov da ona qaytarılıb. O zaman Bahəddin Sultanovun bu izahatı Vüsal Ələkbərovun xoşuna gəlməyib. Bahəddin Sultanova deyib ki, oğlunu da, özünü də həbs edəcəklər, o zaman pulu tez bir zamanda ödəyəcək. Belə də olub.
16 iyun 2009-cu ildə İntiqam Sultanova Cinayət Məcəlləsinin mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə ittiham elan edilib.
Bundan sonra barəsində həbs qətimkan tədbiri seçilib. İntiqam Sultanov məhkəmədə deyib ki, onu faktiki olaraq girov götürüblər və atasından azad edilməsi üçün pul tələb ediblər.
Bahəddin Sultanovun oğlunun həbsindən sonra Vüsal Ələkbərov ona deyib ki, tələb olunan pulu verməsə, rəhbərliyin göstərişi var ki, onun özünü də həbs etsinlər.
Bahəddin Sultanovun özünü də 1 gün MTN-də, Vüsal Ələkbərovun xidməti otağında girov saxlayıblar.
Vüsal Ələkbərov Bahəddin Sultanova deyib ki, tələb olunan pulu ödəyəndən dərhal sonra onun özünü, 1 gün sonra isə oğlunu da azad edəcəklər. Bahəddin Sultanov 370 min dollar ödəməyə razılaşıb. Vüsal Ələkbərov ona telefon verərək qardaşı ilə danışmasına şərait yaradıb.
Bahəddin Sultanov qardaşına deyib ki, 370 min dollar hazırlayaraq MTN-də Vüsal Ələkbərova çatdırsınlar.
İntiqam Sultanov deyib ki, həbsdə olduğu zaman əmisi Mirzə Paşayev və dostu Əsgər İbrahimov MTN binasında, Vüsal Ələkbərov xidməti otağında sonuncu ilə görüşərək onun tələb etdiyi məbləğdən 360 min dolları veriblər.
Yerdə qalan 10 min dolları isə Bahəddin Sultanov azad ediləndən sonra elə həmin gün Vüsal Ələkbərovla onun evinin yaxınlığında – İ.Qutqaşenli küçəsi, 8 saylı evin qarşısında verib.
Şahid deyib ki, bundan 1 gün sonra onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və o, azad olunub.
Daha sonra hazırda həbsdə olan Rauf Kərimov məhkəmədə zərərçəkən qismində sərbəst ifadə verib.
Onun sözlərindən məlum olub ki, 2000-ci ilədək prokurorluq orqanlarında çalışıb:
“Öz ərizəm əsasında işdən çıxaraq sərbəst biznes fəaliyyəti ilə məşğul olmağa başladım. 2002-2003-cü illərdə Türkiyə vətəndaşı, Bakıda tanınmış iş adamı Əli Evsendən onun işçisi İlqar Həsənovun adına sənədləşmiş “Çinar” dükanını, Artyom adlı qaynının adına olan 1 saylı hamamı, 1 saylı taksi parkının ərazisini, “Kosmos” adlı mağazanı, hazırkı “Kral” mebel dükanını və İçərişəhər ərazisində 4 mərtəbəli yaşayış binasını, “Bakı” mehmanxanasını satın aldım. Bundan sonra sement satışı ilə məşğul olmaq üçün 120 ədəd “KAMaz” alaraq Qaradağ sement zavodundan Bakı və ətraf ərazilərdəki mağazalara, tikinti obyektlərinə sementin daşınmasını təşkil etdik. Daşıma işi ilə əlaqədar 2008-ci ildə Cavidan Hacıyevlə tanış oldum. Onunla birlikdə işləyib, özümüzə məxsus “Bəzz”, “Sağlam rəqabət”, “Faktum”, “İnter Alyans” şirkətləri vasitəsi ilə fəaliyyət göstərdik. Biznesin inkişafı üçün 30 dekabr 2008-ci ildə şirkətlərin adından müvafiq girovları, eləcə də mənə məxsus “Bakı” mehmanxanasını girov qoymaqla “Texnikabank”dan 30 milyon manat məbləğində uzunmüddətli kredit götürdük”.
Rauf Kərimov qeyd edib ki, 2009-2011-ci illər ərzində həmin banka götürülən kreditin həcmindən artıq məbləğdə ödənişləri həyata keçiriblər:
“2012-ci ilin mart ayının ortalarında “Texnikabank”ın rəhbəri Etibar Əliyev MTN tərəfindən həbsə alındıqdan sonra, həmin ilin may ayında MTN İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov Cavidana və mənə zəng vurdu, bizi MTN-nə çağırdı. Cavidan Türkiyədə olduğuna görə MTN-nə tək getdim”.
Zərərçəkənin sözlərindən aydın olub ki, may-iyun ayları ərzində Vüsal Ələkbərov demək olar hər gün onu MTN-nə çağırıb, öz xidməti otağında ondan “Texnikabank” ASC-dən krediti necə, kimin vasitəsilə götürdükləri, Etibar Əliyevə rüşvət verib-vermədikləri, krediti nəyə xərclədikləri barədə ifadələr alıb:
“Söhbət zamanı ancaq eyni qaydada, yəni guya ki, “Texnikabank”-dan götürdükləri 30 milyon krediti təyinatı üzrə istifadə etmədiklərinə görə həbs edilmək təhlükəsi ilə hədələdi. Cavidan ölkəyə qayıdandan sonra Vüsal Ələkbərov hər ikimizi birlikdə MTN-nə çağırdı, həbs olunmamaq müqabilində bizdən 1 milyon manat pul tələb etdi”.
Zərərçəkən deyib ki, Vüsal Ələkbərov onlarla söhbət apararkən 1 milyon pulun Mövlam Şıxəliyev tərəfindən tələb olunduğunu bildirib: “Vüsal Ələkbərov bizi Təhsin Ağayevin qəbuluna apardı. Təhsin Ağayev də bizdən 1 milyon manat tələb etdi. Bunu rəisinin göstərişi ilə tələb etdiyini dedi”.
Rauf Kərimov bildirib ki, şəriki ilə bərabər Vüsal Ələkbərovla Təhsin Ağayevin tələbi ilə razılaşmaq məcburiyyətində qalıblar:
“Lakin pulu deyilən vaxt vermədiyimizdən yenidən MTN-ə çağırdılar. Bu dəfə Təhsin Ağayev məni Vüsal Ələkbərovun otağından özü ilə Mövlam Şixəliyevin otağına apardı. Cavidan isə Vüsalın otağında qaldı. Otaqda Mövlam Şıxəliyevə dedim ki, məsələsini həll etmək üçün Eldar Mahmudova xahişə çıxacağıq. Mövlam Şıxəliyev də cavab olaraq bildirdi ki, bu məsələlər hamısı məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısız. Bundan sonra Mövlam Şıxəliyevə “Texnikabank”la münasibətlərimizi ətraflı izah etdim, məhkəmənin qərarını gözləməyi istədim. Mövlam Şıxəliyev isə dedi ki, sabah vəkillərinizlə gəlin, həbs olunacaqsınız. Bundan sonra demək olar ki, danışmadım və Təhsin Ağayev məni Vüsal Ələkbərovun otağına apardı. Vüsal Ələkbərovun otağında Cavidana bildirdim ki, tələb olunan pulu verməsək, həbs olunacağıq. Bundan sonra Vüsal Ələkbərovdan vaxt istədik. Banklardan kredit götürməklə hissə-hissə 1 milyon manat pulu Təhsin Ağayevlə Vüsal Ələkbərova verdik”.
Rauf Kərimov deyib ki, 27 mart 2014-cü ildə Baş Prokurorluq onu və Cavidanı “Texnikabank” ASC-yə olan kredit borclarına görə həbs edib:
“Lakin Baş Prokurorluq tərəfindən istintaq aparılanda MTN-də barəmizdə heç bir sənədləşmə aparılmadığı müəyyən olundu. Vüsal Ələkbərov məni dəfələrlə dindirib, sənədlərə imza atdırıb. Mənim və şərikim Cavidanın əməllərində hər hansı cinayət olmadığını Vüsal Ələkbərov, Təhsin Ağayev və Mövlam Şixəliyev yaxşı biliblər. Buna görə də məqsədli şəkildə bizi qeydiyyatsız olaraq MTN-in inzibati binasına girişimizi təşkil ediblər. Bizə qarşı MTN-də baş vermiş cinayət müflisləşmələrinə gətirib çıxarıb”.
Bundan sonra iş üzrə zərərçəkən Zaur Əliyev sərbəst ifadə verib. O, məhkəmə prosesinə özü ilə 1 böyük çanta sənəd gətirib.
Keçmiş müstəntiq olan Zaur Əliyev hakim heyətinin diqqətinə çatdırıb ki, illərdir bu məhkəmə prosesinin baş tutmasını gözləyib. Ona qarşı baş vermiş cinayətlə bağlı topladığı sənədləri göstərərk 4 cilddən ibarət hazır cinayət işi olduğunu vurğulayıb.
Zaur Əliyev deyib ki, 8 aydır davam edən məhkəmədə Mövlam Şıxəliyev və başının dəstəsinin cinayətləri sübut olunub: “Diqqətinizə çatdırıram ki, ibtidai istintaqa verdiyim ifadədən imtina edirəm. İmtinam səbəbsiz deyil və əsaslıdır. Hazırda məhkəmədə verdiyim ifadəni əsas götürməyinizi xahiş edirəm. İbtidai istintaqda dindirildiyim vaxt bu gün məhkəmə qarşısına çıxarılan mütəşəkkil cinayətkar dəstənin aktiv üzvlərindən olan Zakir Qaralov baş prokuror, Rüstəm Usubov isə onun 1-ci müavini idi. Mövlam Şıxəliyev bu gün məhkəmə qarşısında olan dəstə üzvlərini himayə edirdilər. Həmin vaxt mən oğrudan oğruya, quldurdan quldura şikayət etmək məcburiyyətində idim.
Düşünürdüm ki, şikayətimi edim, iş məhkəməyə gedib çıxınca Zakir Qaralovla Rüstəm Usubov tutduqları vəzifədən gedərlər, üzləşdiyim cinayətlər barədə məhkəmədə ətraflı məlumat verərəm. Belə də oldu. Möhtərəm cənab prezident MTN-dəki çirkaba bulaşmış Zakir Qaralovla Rüstəm Usubovu vəzifədən uzaqlaşdırdı. Bu iş üzrə Zakir Qaralovla və Rüstəm Usubovun rəhbərliyi altında aparılan cinayət işi yeganə bir məqsədə yönəlmişdi. Cinayətləri gizlətmək və cinayətkarları məsulliyətdən yayındırmaq.
Belə ki, ibtidai istintaqın ilkin mərhələsində mən və digər şikayətçilər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindiriləndən sonra, birbaşa barəmizdə təkrar məhkəmə tibbi ekspertiza təyin olundu. Bizi təkrarən “Semaşko” adlanan tibbi müəssədə müayinədən keçirdilər. Məqsəd isə MTN-də barələrimizdə təyin olunub və alınan saxta ekspert rəylərini təsdiqləmək idi.
Buna dair göstərişi Zakir Qaralov şəxsən özü vermişdi. Sonradan belə də oldu. Məni tibbi müayinədən keçirdilər və barəmdə MTN-də alınan saxta rəyə uyğun rəy aldılar. Guya barəmdə MTN İstintaq İdarəsində qondarma cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri və sonradan onun dəyişdirilməsi qanun çərçivəsində həyata keçirilib”.
Proses iyunun 7-də zərərçəkən Zaur Əliyevin ifadə verməsi ilə davam edəcək. (APA)