MÜHARİBƏNİN DİQTƏ ETDİYİ SÜLH –Prezidentin vasitəçilərə və Paşinyana xəbərdarlığı (TƏHLİL)

Prezident İlham Əliyev dünən telekanallara verdiyi müsahibədə ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsində tutduğu mövqeyə görə sərt tənqid etdi.

“Biz Minsk qrupundan konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik”-deyən dövlət başçısı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransanın problemə ciddi yanaşmağın vacibliyi barədə mesaj göndərib.

Aparılan danışıqlarda narahat olmalı məqamlar isə artıq gözə çarpmağa başlayıb. Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Qarabağla bağlı danışıqlar yeni çalar kəsb edib. Əgər Serj Sərkisyanın zamanında Minsk qrupunun egidası altında şərti olaraq “Madrid prinsipləri” adlandırılan çərçivə müəyyən olunmuşdusa indi Yerevan qəribə bir inadla bu çəriçivəni dağıtmağa çalışır.

Paşinyan hakimiyyətə Sərksiyanı “Qarabağı satmaqda” ittiham etməklə gəlib. Hələ 2013-2016-cı illərdə müxalifətdə olarkən Paşinyan danışlqlar stolunda olan sənədləri tənqid edirdi və Dağlıq Qarabağın danışıqlar stoluna qayıtmasından dəm vururdu.

2018-ci ildə hakimiyyətə sosial mesajlarla gələn Paşinyan bir müddət sonra Qarabağla bağlı ilk prioritetlərini açıqlamağa başladı.  Onun “Qarabağ danışıqlarda tərəf olmalıdır” bəyanatı rəsmi Bakı tərəfindən etirazla qarşılansa da Minsk Qrupu pauza verməyə üstünlük verdi. Paşinyan bundan sonra ritorikanı davam etdirdi və Qarabağla bağlı danışıqların yönünü tarixə və “miatsum” siyasətinə yönəltməyə çalışdı.

Artıq 1 ildən çoxdur ki, Paşinyan Madrid prinsiplərini bir kənara tullayaraq tamam yeni danışıqlar müstəvi təklif edir. Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı əslində Minsk Qrupu tərəfindən aparılan danışıqlar masasını aşırmaq idi. Paşinyanın Qarabağ siyasətinin prioritetləri “danışıqlar üçün yeni situasiya” yaratmağa hesablanıb. O, bu problemi həm Moskvaya qarşı təzyiq elementinə, Qərblə bazarlığa, həm də daxili əleyhdarlarına qarşı “külüng”ə çevirib.

Belə avantura Azərbaycan üçün deyil, Minsk Qrupu üçün naməlum şərait yaradır. Bu hiyləgər gedişlər beynəlxalq güclərin səssiz müşahidəsi altında davam edir və Yerevanla bağlı sualları artırır.

Odur ki, Minsk Qrupunun quru bəyanatlarla bunu ört-basdır etmək cəhdi Bakının diqqətindən yayına bilməzdi.

Prezident İlham Əliyevin “Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır” sözləri bu baxımdan Minsk Qrupuna xəbərdarlıqdır.

Dövlət Başçısı vasitəçilərdən buna adekvat cavab verilməsini tələb edir. Minsk Qrupu isə siyasi vasitəçiliyi bir kənara ataraq texniki məsələlərin icraçısına çevrilib.

Bu isə onun mötəbərliyini şübhə altına salır.

Paşinyanın Qarabağla bağlı apardığı siyasət əslində danışıqları faktiki olaraq mənasız edir. Yerevan yaxşı anlayır ki, Qarabağın danışıqlar prosesinə cəlb olunması təklifi danışıqların pozulmasıdır.

Bəs o zaman Paşinyan nə üçün bunu edir?

Burada prezident İlham Əliyevin Qarabağla bağlı yürütdüyü dəyişməz və güzəştsiz siyasəti əsas amildir. “İkinci erməni dövləti olmayacaq” bəyanatı, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, üstəlik Bakının Dağlıq Qarabağa muxtar respublika statusunu verməyə razı olması Paşinyana danışıqlarda manevr imkanı qoymur.

Bəs Sərkisyandan necə seçilməli?

Paşinyan uzaq 1998-ci ilə ekskurs edərək Ermənistanın və beynəlxalq vasitəçi dövlətlərin razılığı ilə əldə olunmuş danışıqlar formatını laxlatmağa cəhd edir. Bununla da vaxt qazanmaq, geopolitik maraqların savaşından fürsət gözləyən Paşinyanın bu gedişi Bakını qəzəbləndirir.

Belə mövqe Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz hala gətirir. “Biz aydınlıq tələb edirik”-deyən İlham Əliyev bununla Minsk Qrupuna bəyan edir ki, Azərbaycan belə jonqlyorluğun fərqindədir.

Prezident separatçıları danışıqlar stoluna dartmaq istəyən qüvvələrə də mesajı verdi. Dövlət başçısı bu separat üsul-idarəni “qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri” adlandıraraq Minsk Qrupuna Paşinyanın hoqqalarına dözümlü yanaşmağın fəlakətli nəticələrini də xatırladıb. “Heç kimin yadından Aprel döyüşləri çıxmasın”-deyən İlham Əliyev danışıqlar formatına sadiq olduqlarını deyərək bununla yanaşı hərb variantının da aktual olduğunu bildirib.

Bu çox ciddi məqamdır.

Dövlət Başçısı Minsk Qrupuna dövlətlərin özünü müdafiə hüququ, müharibə etmək hüququ olduğunu xatırladaraq  BMT-nin Nizamnaməsini yada saldı. Daima sülh yolu barədə dişsiz bəyanatlar verən həmsədrlər üçün belə bəyanatı eşitmək iflasın addım səsləri deməkdir.

Prezidentin toxunduğu digər vacib detal münaqişəni dinc yolla həlli üçün aparılan danışıqlarda hər iki tərəfin XİN-in fəaliyyəti ilə bağlıdır. İ.Əliyev faktik olaraq Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici siyasət idarə başçılarının apardığı danışıqları faydasız adlandırdı. Bu, Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasının çat verdiyinə işarədir.

“Biz danışıqları imitasiya üçün aparası deyilik. Danışıqları mahiyyət üzrə aparmaq istəyirik”-deyən dövlət başçısı burada əsas diqqəti danışıqların dəyişməz formatına yönəldib: Format dəyişilə bilməz, masa üzərində olan danışıqlar predmetinə heç bir əlavələr olunmamlıdır.

Prezident İlham Əliyev bir daha Minsk Qrupuna onun görməli olduğu işini yada salaraq bölgədə baş verə biləcək gərginlikdə daşıdıqları məsuliyyəti xatırlatdı.

“Analitik” Təhlil Mərkəzi

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda ən böyük qəsəbənin avtomobil yoluna asfalt döşənir

Sonrakı məqalə

Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan partiyaların görüşü keçirilib –