“Münaqişənin danışıqlar yolu ilə həlli üçün atılan addımlar nəticə vermir” –

PREZİDENTİN KÖMƏKÇİSİNDƏN MÜHÜM AÇIQLAMA
16 İyul 2020 - 14:31

“İyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib. Hacıyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bu təxribatların qarşısını alır: “Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir. Qarabağ Azərbaycanın tarixi torpağıdır, bütün torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq ictimaiyyət də cəmiyyətimizdəki bu yekdil fikri görməlidir. Ən əsası Azərbaycan xalqının iradəsidir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir: “Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sürükləyir”. Hacıyev nəzərə çatdırıb ki, Bakıda həmrəyliklə bağlı aksiyaya xələl gətirmək istəyən zümrələr olub : “Onlar da öz layiqli cəzalarını alacaqlar. Dövlət və xalq birliyinə xələl gətirənlərə yer yoxdur”. (APA)