Müttəhimlər deputat Səttar Möhbalıyevin məhkəməyə gəlməsini tələb edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyevlə “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun məhkəmə prosesində Milli Məclisin deputatı Səttar Möhbalıyev barəsində vəsatət qaldırılıb.

Bu barədə Azpost.info-ya iş üzrə zərərçəkmişlərdən birinin vəkili Aslan İsmayılov bildirib.

Onun sözlərinə görə, Bakının “Yasamal” rayonunda “Məhsul” stadionunu, həmçinin Gəncə və Göyçayda yerləşən stadionları satmaq adı ilə vətəndaşların pulunu ələ keçirməkdə ittiham olunan müttəhimlər bu məsələdə Səttar Möhbalıyevin adını hallandırıblar. “Onlar deyir ki, pulları Səttar Möhbalıyevə vermişik. Ona görə də onun məhkəməyə çağırılması ilə bağlı vəsatət təqdim edtdim. Vəsatəti zərərçəkmişlərlə yanaşı müttəhimlər də müdafiə etdi”, – deyə vəkil vurğulayıb.

Aslan İsmayılov əlavə edib ki, vəsatətə müzakirəyə çıxarılmayıb. Səbəb isə iş üzrə dövlət ittihamçısının dəyişdirilməsi olub. Prokuror işlə tanış olmadığını bildirib. Bundan sonra hakim prosesi mayın 24-nə təxirə salıb.

Nadir Əliyevlə Alik Həsənov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.

Səttar Möhbalıyev deputat olmaqla yanaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.

Hüseyn

Əvvəlki məqalə

Prokuror İlkin Süleymanova 20 il həbs cəzası tələb edib-

Sonrakı məqalə

Paşinyan Türkiyənin hava məkanını bağlamasına münasibət bildirib