Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi başlayıb.
Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.
İclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova partiya sədrləri ilə görüşüb.
İclası vitse-spiker Fəzail İbrahimli açıq elan edib.
“Son zamanlar Azərbaycanda islahatlar həyata keçirilir”-deyə vitse-spiker, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli deyib.
O bildirib ki, keçirilən islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq güclənir, iqtidar-müxalifət dialoqu başlayıb:
“Baş verən proseslərdən Milli Məclis kənarda qala bilməzdi. Biz parlamentdə iştirak edən 11 siyasi partiya “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət etmişik. Mövcud qanun 30 il bundan əvvəl qəbul edilib. 30 ildə Azərbaycan dəyişib, məğlub Azərbaycan qalib Azərbaycan statusuna yüksəlib, beynəlxalq münasibətlər sistemində söz sahibi olub. Bütün bu zərurət yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verdi. Sahibə xanıma təşəkkür edirəm ki, bizim bu təklifimizi qəbul etdi. Hüquqi cəhətdən Azərbaycan Avropa məkanının tərkib hissəsidir. Ona görə Avropa məkanında olan qabaqcıl ölkələrin qanunlarına baxıldı. Azərbaycan Avropaya inteqrasiya edir. Məhz bu qanun layihəsi də Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınmaqla hazırlandı. Bizim ilk söykəndiyimiz mənbə Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi tövsiyələrdir. Bundan başqa, biz ekspert Komissiyası yaratdıq və 20 ölkənin bu sahədəki təcrübəsi diqqətlə öyrənildi və araşdırıldı. Qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynadı. 47 siyasi partiyadan 250-yə qədər təklif gəlib. Biz bu təklifləri qruplaşdırıb, təhlil etdik. Eyni zamanda Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə sorğular aparmaq qərarına gəldik. Bütün bunların hamısı nəzərə alınaraq dinləmələr keçirilməsi ilə bağlı qərara gəldik. Gələn təkliflərin ardı-arası kəsilmədiyi üçün bir ay əvvəl keçirilməli olan dinləmə bu gün keçirilir. Artıq bu dinləmə vasitəsilə qanun ictimai müzakirəyə təqdim olunur”. (APA)