“Hardan başlanır Vətən?”

Gənc nəsildə vətənpərvərlik tərbiyəsinin aşılanmasında məktəblərin məsuliyyəti və rolu çox böyükdür.

Vətən Müharibəsində qalibiyyətdən sonra bu məsələ xüsusilə aktuallıq kəsb edir. Qalib ordumuzu, əziz şəhidlərimizi və cəsur qəhrəmanlarımızı uşaqlar arasında təbliğ etmək, öyrətmək vacib işə çevrilib. Bu, gələcək nəslin vətənə məhəbbət hissinin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Prezident İlham Əliyev  gənc nəslin vətənpərvər ideyalar zəminində yetişdirilməsini əsas prioritetlərdən biri elan edib. Son 20 ildə bu trendlərlə böyüyən nəsil torpaqlarımızın işğaldan azad edilməsinin əsas yükünü çəkdilər.

Gənclərin inkişafı üçün Prezident İlham Əliyevin imzaladığı sənədlər və dövlət proqramları Azərbaycanın gələcəyi baxımından çox mühümdür.

Vətənpərvərlik tarixən Azərbaycan xalqının taleyini müəyyən edən əsas məqamlardan olub. Tarixin ən müxtəlif periodlarında düşmənə qarşı döyüşən, torpağını müdafiə edən xalq bir yumruq kimi birləşib və vətənini müdafiə edib. Bu tarixi zaman kəsiyi özünün böyük qəhrəmanları ilə yadda qalaraq özündən sonra gələn nəsil üçün azadlıq mayakına çevrilib, vətənpərvərlik ideyasının fundamentini təşkil edib.

SSRİ-də milli şüurun qorunması, xalqın soy-kökündən ayrılmaması üçün elm, təhsil, sənət sahələrində olan fədakar oğul  və qızlarımızın hər biri bu fundamentə bir kərpic qoymağı özünün mənəvi borcu hesab edib.

XX əsrin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda başlanan hərəkat məhz bu müstəviyə söykənərək özünün ən müqəddəs məqsədi olan milli-azadlıq mərhələsinə keçdi.

Bu gün vərənpərvərlik anlayışı xalqın, dövlətin milli maraqlarının müdafiəsi, bunun üçün cəmiyyəti birləşdirən bir sistem kimi çıxış edir.

Vətənimizin bu zəngin tarixi, azadlıq və müstəqillik uğrunda gedən mübarizə tarixi şüuru möhkəmləndirən bilikləri gənc nəslə öyrədilməsini tələb edir, bu biliklər isə öz növbəsində əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

Bu baxımdan vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Müəllimin qarşısında duran ən mühüm vəzifələrdən biri gənc nəslə vətənpərvərlik hissi aşılanmasıdır.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmiz üçün müasir düşüncəli insan kapitalının formalaşdırılması bir istiqamət kimi qoyulub. Bu sırada ümumi təhsilin  keyfiyyətinin yüksəldilməsinin vacib indikatoru olaraq vətənpərvərlik tərbiyəsinə mühüm əhəmiyyət verilir. Digər tərəfdən qloballaşmanın fəsadları qarşısında duran bu günkü cəmiyyət üçün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi vacib amilə çevrilib.

Orta məktəblərdə tarix fənninin üzərinə daha böyük məsuliyyət düşür. Şanlı tariximizin gənc nəsldə izini saxlamaq birbaşa tarix müəllimlərinin vəzifəsidir.

Onların qarşısında duran ən mühüm vəzifələrdən biri gənc  nəslə vətənin nə olduğunu, onun haradan başladığını aşılamaqdır. Çünki   vətənpərvərlik tərbiyəsi məhz vətən anlayışını şagirdlərin nə dərəcədə dərk etməsi, vətəni necə sevməsi ilə birbaşa bağlıdır.

Vətənə məhəbbət hissi olmayan adamda əxlaqi kamillikdən danışmaq olmaz. Vətən torpağı, xalqın mənəvi həyatı tükənməz bir xəzinədir.

Məktəblər gənc nəslə güclü vətənpərvərlik hissi aşılanmasının əsas məbədidir. Məktəb divarları, pedaqoqların aşıladığı vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda güclü mənəvi təsir gücünə malikdir.

Vətən təəssübkeşliyi, milli qürur və milli ləyaqət hissi vətənpərvərliyin özəyini təşkil edir. Dərk olunmuş vətənpərvərlik milli ruhun əsasıdır. Milli idelogiyaya söykənməyən vətənpərvərlik faydasızdır.

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin “milli vətənpərvərlik prinsipi körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun” sözləri bu gün xüsusi aktuallıq kəsb edir. Heydər Əliyev vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi.

Vətənpərvərlik həmçinin azərbaycanlıların bir millət kimi dünyada özünə layiq yer tutması barədə düşüncənin formalaşması üçün obyektiv istinaddır.

Vətən uğrunda canından keçən qəhrəmanların bu torpaq üzərinə tökülən qanı gənc nəslin qarşısında böyük öhdəliklər qoyur. Onların oxuduqları, öyrəndikləri Şəhid hekayələri, qəhrəmanlıq faktları bu uşaqların vətəndaş kimi borcunu anladır, cəmiyyət qarşısında borclarını xatırladır. Şəhidlik zirvəsi isə yalnız mənəvi gözlə görülə biləcək bir  zirvədir.

Bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda Vətən Müharibəsinin dastan yazmış qəhrəmanları, əziz şəhidlərimizin həyat yolu onlar üçün yol göstərən mayak olmalıdır.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

“Ermənistanın təcavüzünü legitimləşdirdilər” –

Sonrakı məqalə

Sumqayıt-Bakı qatarlarının sayı azaldılıb?