İllik proqnoz (hədəf) göstəriciləri hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra avqust ayının 1-dək iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə yaradılmış Komissiyanın Katibliyinə təqdim edilməlidir.
Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Komissiyanın Katibliyinin funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilib. Qərarla Komissiyaya iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının ilkin layihələrinin tərtibi, müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatların Komissiyada müzakirəsi ilə bağlı işlərin həyata keçirilməsi tapşırılıb.
Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər Azərbaycan Respublikasının Nazirlər Kabnetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-dək Komissiyanın Katibliyi funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Naziriyinə təqdim etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və ““Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilmiş və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər qarşısında tələblər müəyyən olunub.