“70 yaşımda Opera və Balet teatrında sonuncu tamaşanı oynayıb teatrı tərk etdim. 1975-ci ildən bu teatrda işləmişəm, ta ki, 2015-ci ilə qədər. 70 yaşdan sonra teatrda oynaya, oxuya bilməzdim axı. İnsan gərək teatrı hörmətlə tərk etsin, üzü sulu getsin. Həyatımın mənası hər zaman teatrda olub. 28 tamaşada irili-xırdalı rollarla çıxış etmişəm, hansı yaxşı, hansı zəif olubsa bunu mən deyə bilmərəm. “Şah İsmayıl Xətai” tamaşasını teatrın tarixində 100-cü dəfə oynamışam. Teatrın səhnəsində kimlərlə oynamamışam ki? Xalq artistləri Zeynəb Xanlarova, Arif Babayev, Mənsum İbrahimov və s. sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Onlarla indi də gözəl münasibətim var. “Əsli və Kərəm” tamaşasında Zeynəb Xanlarovanın atasını oynamışam. Sənət yoldaşlarım, teatrın solistləri bəzən zəng edib səhhətimlə maraqlanırlar. Amma aidiyyatı qurumlardan heç biri zəng etmir, heç gözləmirəm də””.
Bunu Moderator.az-a uzun illərdir mətbuatdan qaçan Xalq artisti, bu günlərdə 75 yaşı tamam olan Şahlar Quliyev deyib. Xalq artisti daha sonra oğlunun məşhur aktyor olduğunu bildirib.
“Sizin də yaxşı tanıdığınız gənc aktyor Nofəl Şahlaroğlu mənim oğlumdur. Mən heç istəmirdim ki, oğlum aktyor olsun, çünki bizim sənət çox çətindir. Bütün insanlar bunu dərk etməlidir. Yalan deyərəm ki, ona sənətdə dəstək olmuşam. Nofəl filoloqdur, nitqi çox gözəldir. Aktyorluğu da, parodiyanı da çox gözəl bacarır. Aktyorluq sənəti çox çətindir, məsuliyyətlidir. Bəzən sənətə gəlirlər, amma bu məsuliyyəti dərk edə bilmirlər. Ona görə də ortabab aktyor olmaqdansa başqa sənət sahəsini seçmək daha gözəldir” deyə aktyor bildirib.
Xalq artisti daha sonra əvvəlki illərə nisbətən gənclərin bu gün opera sənətinə maraq göstərdiklərini bildirib.
“Opera çətin başa düşülən sənət növü olsa da həmişəyaşar sənətdir. Eyni zamanda burada təbliğatın da rolu böyükdür. Bu gün efirlərdə şoular, müasir musiqilər təbliğ olunur. Bunun əleyhinə deyiləm, mən özüm də estrada mahnıları, romanslar ifa etmişəm. Amma əvvəlki illərə nisbətən gənclər daha çox meyl edir bu sahəyə. Mən o gənclərdən bir neçəsi ilə səhnəni bölüşmüşəm. Çox istedadlı gənclər var, onlara imkan yaratmaq lazımdır ki, özlərini göstərsinlər. Biz həmin gənclərin səsini çox müsabiqə və festivallardan eşidirik. Bu da təbii ki, bizim üçün çox sevindirici bir haldır” deyə sənətkar bildirib.