Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur qurumlarının vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan verilən məlumata görə, xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.