“Əfsuslar olsun ki, Şuşadakı bu məscidin təmirində xarici mütəxəssislər iştirak ediblər, özü də bizdən icazəsiz. Necə ola bilər, Azərbaycan ərazisinə bizdən icazəsiz gedəsən, bizim məscidimizi işğalçı ermənilərlə birlikdə guya təmir edəsən?!”
Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev yeni təyin olunmuş Mədəniyyət nazirini qəbul edərkən bildirib.
Dövlət başçısı bununla bağlı sərt mövqeyini açıqlayıb: “Bu, hansı beynəlxalq normalara sığır? Hansı mənəvi çərçivələrə sığır? Hansı şirkət, yaxud da ki, insanlar bunu özlərinə rəva görə bilərlər? Bunlar bizim tarixi abidələrimizdir, bizdən soruşun. Yoxsa, özbaşına gedəsən başqa ölkənin zəbt edilmiş, işğal olunmuş torpaqlarına, orada özün üçün iş görəsən”.
Prezident bildirib ki, Şuşa məscidinin tarixi siması dəyişdirilib: “Ona görə mən sizə tapşırıq verirəm, o məscidin daxili tərtibatına yenidən baxmaq lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona öz simasını qaytaracağıq. Ondan sonra o açılacaq”.