“Necə olur, ermənilərlə görüşür, amma Qərbi azərbaycanlılarla görüşmür?” –POLİTOLOQ ŞƏRHİ

“Azərbaycana qarşı bu gün hibrid savaş aparılır. Eyni zamanda, ikili standartlara əsaslanan siyasət həyata keçirilir. Necə ola bilir ki, Almaniya kimi hegemon dövlətin XİN başçısı bölgəyə səfər edir, Ermənistanda Azərbaycandan “etnik təmizləmə” ilə “qovulan” azsaylı ermənilərlə görüşür, amma Ermənistandan qovulmuş 300 minlik Qərbi azərbaycanlılarla görüşmür? Sadəcə Bakıda bir restoranda 4 nəfərlə görüşür. Məgər bir dövlətin, bir cəmiyyətin maraqları yalnız o 4 nəfərlə məhdudlaşır?”.

Bu sözləri Azpost.İnfo-ya politoloq Natiq Miri Almaniya xarici işlər naziri Annalena Berbokun Cənubi Qafqaz səfərinə münasibət bildirərkən deyib.

Analitik bildirib ki, Berbok əvvəlcə Qərbi Azərbaycandan didərgin düşmüş 300 minə yaxın şəxslə, eyni zamanda, Qarabağdan qaçqın və məcburi köçkün düşmüş bir milyona yaxın azərbaycanlı ilə görüşməli idi: “Niyə Almaniya XİN başçısı 35 ilə yaxındır ki, müharibənin əzabını çəkmiş azərbaycanlılarla görüşmür. Halbuki Qarabağdan Ermənistana öz xoşu ilə getmiş ermənilərlə görüşür, onların “etnik təmizləmə”yə məriz qaldığını həqiqət kimi qəbul edir. Yenə deyirəm, bu, Azərbaycana qarşı ikili standartlar siyasətinin nəticəsidir”.

“Hesab edirəm ki, Berbokun səfəri zamanı Qərbi Azərbaycandan olan qaçqınlarla görüşü rəsmi protokola salmaq lazım idi. Berbok bundan rəsmi şəkildə ya imtina edəcəkdi, ya da uzun illərdir zülüm çəkən bu insanları dinləmək məcburiyyətində qalacaqdı. Bununla Berbokun necə riyakar yanaşması bütün dünyaya əyan olacaqdı”, – N.Miri vurğulayıb.

Politoloq əlavə edib ki, Qərbi azərbaycanlıların öz ata-baba yurduna dönüşü ilə bağlı təbliğat daha da gücləndirilməlidir: “Tələb edilməlidir ki, bu insanların hüquqları beynəlxalq müstəvidə Ermənistan tərəfindən təmin olunsun. Beynəlxalq təşkilatlara istənilən platformada bu məsələ xatırladılmalıdır. “Etnik təmizləmə” iftirası ilə Azərbaycanın üzərinə gələn, Azərbaycana təzyiq göstərən beynəlxalq təşkilatlar və Qərbin qərəzli dairələri zəhmət çəksinlər həqiqəti görsünlər. Əsl etnik təmizləməyə azərbaycanlıların məruz qaldıqlarını qəbul etsinlər. Bunun üçün Azərbaycanın diplomatiyası, səfirləri, eləcə də Qərbi Azərbaycan İcması dayanmadan iş görməlidir, aktiv fəaliyyət göstərməlidir”.

Anar ABDULLA

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.