“Neft bahalaşmasa devalvasiya qərarı qaçılmaz olacaq” –Natiq Cəfərli

Aprelin 28-də Azərbaycan Mərkəzi Bankı (AMB) inzibatçı təyin etdiyi 4 bankla bağlı açıqlama yayıb. Qərara əsasən həmin banklardan ikisinin – Atabank ASC-nin və Amrah Bank ASC-nin lisenziyaları ləğv edilib.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda bank və maliyyə sektorundakı hazırkı vəziyyətindən danışıb. O bildirib ki, Azərbaycanda iki bankın bağlanması pandemiya dövründə psixoloji gərginliyin yaranmasına səbəb olub.

-Mərkəzi Bank əvvəlcə 4 kommersiya bankına müvəqqəti inzibatçı təyin etdi. Artıq bu banklardan ikisinin lisenziyası geri alınıb. Bu baxımdan ölkədə bank sektoruna təsir edən əsas amillər nədir? Bank sektorundakı durumun perspektivlərini necə xarakterizə edərdiniz?

Natiq Cəfərli: Əslində bu, 4 bankla problemlər ikinci devalvasiyadan sonra başlamışdı. Problemlər bir çox banklarda var idi. Bəziləri bu problemi həll edə bildilər. Bu dörd bankda problemlər artan xətt üzrə davam edirdi. 2019-cu ildə bu problemlər pik həddə çatdı. Bu bankların bir çoxları, dördündən ən azı üçü hətta vətəndaşlara depozitləri belə geri qaytara bilmirdi və ciddi problemlər yaranmışdı. 2019-cu ildə zatən bu banklar bağlanmalı idi. Bununla bağlı qərar olunmalı idi. Sadəcə o dövrdə bu qərar ertələndi .Çünki, bank sektiorunda yeni bir güvən təsis olunmuşdu. Manatın məzənnəsi sabit idi. Üç il idi sabit saxlanılırdı. Manatla depozitlər artırdı. Banklara yeni güvən yaranırdı. Məhz Mərkəzi Bank və hökümət düşünürdü ki, belə bir addım atsa güvənsizlik ortamı yarana bilər. Əslində keçən il atmalı olduğu addımı indi atdı. Bu gözlənilən idi. Sadəcə zamanlama nöqteyi nəzərindən indi atılması pis idi. Çünki sosial-iqtisadi vəziyyət gərginləşib. Həm dünya bazarlarında gedən proseslər, həm də pandemiya ilə əlaqədar durum. Bu bankların indi bağlanması ümumilikdə bank sektorunda ən azı psixoloji gərginliyin yaranmasına səbəb oldu.

– Xüsusi tədbirlərə qalan bankların müştərilərini və səhmdarlarını nə gözləyir? Müştərilər vəsaitlərini geri ala biləcəklərmi?

Natiq Cəfərli: Manatla qoyulan depozitlərlə bağlı bir problemin yaşanacağını düşünmürəm. Çünki 4 bankda 800 milyon manata yaxın depozit var. Hüquqi şəxsləri kənara qoysaq, fiziki şəxslərin depozitləri ən azından ləğvetmə komissiyası qərar verəndən sonra hissə-hissə qaytarılmağa başlanacaq. Çünki depozitlərin tamamı sığortalanıb. Elə bu qərardan bir neçə gün öncə prezident fərmanı da oldu, bu ilin yanvarına qədər yenə uzadıldı sığorta müddəti. Sadəcə, problem nədən ibarətdir? Problem odur ki, Əmanətlərin Sığortalanması Fondunda indi pul yoxdur. Bu vəsait ən çox Standart Bank bağlanarkən xərcləndi. İndi çox guman ki, Mərkəzi Bank yenidən əmanətlərin sığortalanması fonduna kredit xətti açacaq, ən azı 500-600 milyon manatlıq kredit xətti açacaq. Fond həmin vəsaitlərin qaytarılmasına başlayacaq. Yəni fiziki şəxslərin əmanətləri ilə bağlı ciddi problemin yaşanacağını düşünmürəm. Amma, proses uzanacaq çox güman ki, payızın sonlarına qədər. Hətta bu ilin sonuna qədər proses uzana bilər. Amma hüquqi şəxslərin hesabları ilə bağlı problem yaşanacaq. Çünki orada hüquqi şəxslərin də hesabları var, cari hesabları var. Hətta onların da hesablarında depozitlərində vəsaitləri var idi. Onların geri çəkilməsi çox güman ki, çox böyük bir zaman alacaq. Səhmdarlara gəldikdə isə səhmdarlarırn çox böyük əksəriyyəti öz səhmlərinin müqabilində vəsaitsiz qalacağı indidən açıq görünür.

– Ölkədə son illərdə ondan çox bank bağlanıb. Bank sektorunda yaranmış vəziyyətə görə kimlər və hansı qurumlar məsuliyyət daşıyır?

Natiq Cəfərli: Əslində bank sektoru istəniən iqtisadiyyatın qan-damar sistemidir. Yəni iqtisadiyyatın digər sahələri normal çalışmasa bank sektorunun ayrılıqda normal çalışması mümkün deyil. Azərbaycanda çox primitiv bir iqtisadi model var. İllərdir bu model tətbiq olunub. Bank sektoru da həmin primitiv modelə uyğunlaşıb. Bank sektoru 80, 90-ci illərin dünyasında qalıb, hətta irəli gedə bilməyib. O zaman nə idi bank sektoru? Kassa rolunu oynayırdı. Depozit götürürdü, kredit verirdi, pul qazanırdı. Amma 80-ci illərdən sonra dünyada bank anlayışı dəyişdi. Banklar investisiya mərkəzinə çevrildilər. Müxtəlif təkliflərlə çıxış elədilər, iş adamlarına, biznes krediti götürənlərə. Bizim banklar hələ primitiv modeldən çıxa bilməyib. Hələ də aşağı faizlə depozit götürür, yuxarı faizlə kredit verir. Əsasən də istehlak krediti verir. Ona görə də, bu, sırf bankların günahı deyil. Azərbayanda ümumi iqtisadi model çox primitivdir. Nəyə görə istehlak kreditləri yüksəkdi? Çünki banklar qısa müddətə istehlak krediti verir. Yüksək faizlə verir. Çox pul qazanmaq istəyir. Amma, biznes kreditlərinə niyə maraq azdır? Çünki biznesin gələcəyinə güvən yoxdur. Götürdüyü vəsaiti xərclədikdən sonra gəlir əldə etmə güvəni olmayan yerdə biznes kreditlərinə də maraq olmur. Ona görə də iqtisadiyyatn bütün sahələrində ciddi islahatlara ehtiyac var ki, bank sistemi də, bu, primitiv vəziyyətdən çıxa bilsin.

-Digər banklar barədə də inzibati tədbirlər gorülə bilərmi?

Natiq Cəfərli: Devalvasiyadan öncə Azərbaycanda ümumilikdə 44 bank fəaliyyətdə idi. İndi 28-ə düşüb. Yəni devalvasiyadan sonrakı dövrdə bu iki bankın da lisenziyası əlindən alınması ilə 28-ə düşüb. Problem nədir? Problem odur ki, Azərbaycan höküməti və mərkəzi bank çox təəssüf ki, həmişə qabaqlayıcı tədbirlər görmək əvəzinə problemlər artandan sonra vəsait xərcləyərək o problemləri həll etməyə çalışır. Effektiv tədbirlər ala bilmir. İndi də bank sektorunda payız aylarında çox ciddi problemlərin, dalğalanmaların olması ehtimalı var. Nəyə görə bu ehtimal var ? Çünki hökümətin aldığı qərarla həm istehlak kreditləri ilə, həm də biznes kreditləri ilə bağlı sentyabr ayına qədər faizlərin ödənilməsi gecikərsə, dəbbə pulu yəni faiz hesablanmayacaq. Cərimələr olmayacaq. İndiki əhalinn durumunu nəzərə alsaq əhalinin böyük bir qismi istehlak kreditlərini qaytara bilmir. İş yerləri bağlanıb. İqtisadi aktivlik zəifləyib. Biznes də o vəziyyətdədir. Hətta rəsmən qapadılan sahələr var. Kafelər, restoranlar, gözəllik salonları onların da kredit öhdəlikləri var. Onların da gəlirləri yoxdur. Çox güman ki, sentyabr ayına qədər geri dönüşü olmayan kreditlərin həcmi artacaq. Sentyabr ayında problemli kreditlərin həcmi o qədər yüksələ bilər ki, indiki durumda hökümət məcbur qalacaq sentyabr-oktyabr aylarında bankaların xilası paketi açıqlasın. O paket daha baha başa gələcək. Daha çox vəsait xərcləməyə ehtiyac yaranacaq. Bu gün önləyici tədbirlər alınsaydı, məsələn, 6 aylıq bütün kreditlərin faiz hesablanması dondurula bilərdi. Ertələmək yox məhz dondurmaq. Çünki ertələmək o deməkdir ki, sonradan hesablanacaq. Amma bu 6 aylıq dondurulmalı idi. Banklara dəyən ziyanın əvəzində isə 6 ay bütün banklar vergi öhdəliklərindən azad edilməli idi. Vergilərdən azad edilməli idi. Mərkəzi Bank banklara 0 faizlə uzunmüddətli kreditlər verə bilərdi. Bunun hesabına bank sisteminə dəyən ziyanı da amortizasiya etmək mümkün olardı. İndiki dönəmdə çox təəssüf ki, payız aylarında növbəti bank böhranın dalğalarının gəlməsi ehtimalı var.

– Maliyyə bazarında durumun perspektivlərini necə görürsünüz? Banklarla bağlı atılan son addımlar devalvasiyaya gətirib çıxara bilərmi?

Natiq Cəfərli: Devalvasiyaya bir az fərqli rakursdan baxılmalıdır. Çünki bank sektorunun devalvasiyada oynayacağı rol çox cüzidir. Hətta mərkəzi bankın da rolu çox cüzidir. Çünki bu siyasi qərarla olur. Bizdə devalvasiya, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və siyasi sabitlik simvoluna çevrilib. İqtisadi katiqoriya olmaqdan çıxıb təəssüf ki. Ona görə də bu nə banklardan, hətta mərkəzi bankdan aslı olan məsələ deyil. Hökümətin strateji vizionundan aslıdır. Əgər hökümət dollar ehtiyatlarına qənaət rejimini götürsə və ətraf ölkələrin milli valyutalarında dəyərdən düşməsini ölkəyə dəyən ziyanını hesablaya bilsə, bir müddətdən sonra strateji qərar verəcək və məzənnəni dəyişəcək. Bunun başqa alternativi çox təəssüf ki, hələ ki, görünmür. Amma hələlik bunu karantin dönəmində etmək doğru olmazdı. Zatən sosial-iqtisadi vəziyyətdə problemlər var. Çox güman ki, karantin bitdikdən sonra bir neçə aydan sonra dünya bazarlarındakı vəziyyətə baxıb, ümid edirlər ki, neftin qiyməti qalxa bilər. Əgər bu baş verməsə bir neçə həftədən, aydan sonra devalvasiya ilə bağlı qərarın olması çox böyük ehtimaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Kim Çen Indan danışdı:

Sonrakı məqalə

“Aprel döyüşlərində 800 yox, 2300 hektar torpaq itirmişik” –