Rejissor, aktyor Kamal Yaşar ölkədə keçirilmiş Kino Forumu, orada qaldırılan məsələlərlə bağlı təhlil və təkliflərini qələmə alıb.
Azpost.info rejissorun məqaləsini oxuculara təqdim edir.
Kino
“Mənə də yer verin ən son sırada,
Mən də bu kinonu görüm, nə olar?!
Görüm nəyə gülür bu qədər adam,
Mən də hamı kimi gülüm, nə olar?!”
– deyən Ramiz Rövşənin də ən ön sırada oturduğu ilk milli kinoforuma bu gün kinoya məhrəm olan hər kəs ümidlə toplaşmışdı. Bu ümid bizi bundan sonra hara daşıyacaq, əlbəttə, buna da zamanla hər birimiz şahidlik edəcəyik. Bu başdan mühüm olan isə məhz bu forumun keçirilməsidir. Hər bir halda bu bir dərdləşmədir, bölüşmədir, ürkək addımlarla da olsa, həll axtarmağa istiqamətlənən bir addımdır və buna görə də təşkilatçılara, Heydər Əliyev Mərkəzinə və Mədəniyyət Nazirliyinə böyük təşəkkür düşür. Nəzərə alsaq ki, bu forum məhz belə bir tarixdə, sağlığında kinoya, mədəniyyətə yüksək dəyər verən bir şəxsiyyət kimi yaddaşlarda qalan ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilir, əlbəttə, bu zaman ümidlər birmənalı olaraq daha da artır.
Reallıq
Bu, artıq hamımıza məlumdur. Mövcud durumun ürəkaçan olmadığını kinoya məsul şəxslər başda olmaqla hamı bilir və bilavasitə bir kino işçisi olaraq içi mən qarışıq hamımız bu dərddən müztəribik. Bu yükü hamılıqla daşımaq və reallığımızı dəyişmək də yenə bizə düşür. Bunun üçün isə həqiqətən biz olmaq, bir olmaq və qütbləşmələrdən, intriqalardan, yeyintilərdən, qurumlar və yaradıcı şəxslər arasındakı uçurum böhranından qurtulmağımız qaçılmazdır.
Çağırışlar
Bu, an etibarilə işin ən vacib tərəfidir. Çünki bundan sonrakı “Hədəflər” istiqamətini də məhz hazırki “Çağırışlar”ımız təyin edəcək. Çağırışları necə etdiyimiz isə bizim vizyonumuzdan asılıdır və forum aşkar etdi ki, hələlik vizyonumuz elə də ürəkaçan deyil. Nələrisə istəyirik, amma bu istəklərimiz hələ ki dəqiqlikdən, aydınlıqdan, konseptuallıqdan nisbətən uzaqdır, naşıcasınadır və ciddiyyətdən daha çox emosionallıq daşıyır. Əlbəttə, forum özü polemik bir mühitdir və insanlar fikirlərini sərbəst ifadə etməlidir. Bu baxımdan da fikirlərin hamısından ciddiyyət ummaq özü də bir xəta olardı. Amma faiz nisbəti ilə yanaşsaq, görə bilərik ki, spikerlərin bəziləri də daxil olmaqla forum iştirakçılarının böyük faizinin çıxışı, məsələyə və onun həlli istiqamətinə yanaşması, kino dili ilə desək, “nifoks”dur, bulanıqdır. Bu əsnada onu da demək yerinə düşər ki, forumun formatında da gələcək üçün bəzi nüanslara xüsusi diqqət edilməsi yaxşı olar və daha effektiv nəticə verə bilər. Məsələ budur ki, iştirakçılara fikir bildirməkdən daha çox sual vermək şansı verilirdi və bu, moderatorların dilindən dəfələrlə xatırladılırdı. Belə olan halda isə iştirakçı, üzərində bir mənəvi basqı hiss edir və o, fikir bildirmək, təklif irəli sürmək əvəzinə sual verməyə fokuslanır. Hətta dəfələrlə oldu ki, kimsə fikir bildirərkən moderatorlar “hə, zəhmət olmasa, sualınızı verin” ifadəsi ilə onu istiqamətləndirməyə çalışdılar.
Burada xəta ondan ibarətdir ki, ora toplaşanların hamısı bu və ya digər formada, statusda kino işçisidir. Eynilə spikerlər kimi. Spikerlər isə özləri də elə “dərdlilər” siyahısındadır və bu baxımdan iştirakçı rejissorun spiker rejissora sual verməyinin hansı məntiqi və mənası ola bilər? Bu detal nə qədər sadə görünsə də, forumun əsasını təşkil etdiyi üçün prosesin axışına və daha aydın fikirlərin eşidilməsinə mane olur. Adından da məlum olduğu kimi bu, forumdur, hansısa ustad dərsi deyil ki iştirakçı spikerə sual verib, cavab alsın. Doğru variant isə bu olmalı idi ki, forumun axışını istiqamətləndirmək üçün şərti olaraq spikerlər sənət adamlarından ibarət olsa da, sualları qəbul etmək üçün tribunada rəsmi təşkilatçı tərəfin ciddi bir personası, yaxud rəsmi nümayəndə kimi sualları cavablandıran bir şəxs və ya şəxslər olsun. Çünki məhz belə olan halda verilən sualların və alınan cavabların ciddiyyət yükü, mahiyyəti daha kəsərli olardı. Baxmayaraq ki, bu bir polemikadır, amma bunun bir rəsmi ciddiyyət tərəfi də mütləqdir. Formatda arzuolanan digər məqam isə verilən təkliflər və çıxışların sadəcə videoyazı formatında saxlanılması ilə kifayətlənməmək və onların həm də məhz ənənəvi forma olsa da, kağız üzərində işçi qrupu tərəfindən anındaca qeyd olunması olardı. Çünki hər hansı təklifləri dinləyib qeydlər aparmaq üçün yenidən saniyəbəsaniyə videoyazını izləmək daha ağır və əlavə prosesdir, nəinki interaktiv qeyd edilən vacib detalların hazır xülasəsi. Üstəgəl bu, forumun formatına da yenə əlavə bir vacib uyğunluq detalı olardı. Doğrudur, iştirakçılara öz fikirlərini yazılı formada təqdim etmək imkanı verildi, amma bunun üçün onlara forum prosesində yazı yazmaq şansı (masa, dəftər-qələm) verilməmişdi. Amma mühüm olan budur ki, deyilənə əsasən iştirakçılar forum sonrası da hər hansı fikirləri olarsa, bunu nazirliyin rəsmi saytına göndərə biləcəklər. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bir çox mədəniyyət profilli forumlarda çəkiliş qrupu rəhbəri və yaxud dəvətli qismində iştirak etmişəm və ən son iştirakçı qismində olduğum forum Gənlər və İdman Nazirliyinin iki ay öncə keçirdiyi forum idi ki, orada sualları birbaşa nazir Fərid Qayıbov özü cavablandırırdı. Bu xüsusi detal rəsmiyyət və ciddiyyət baxımından çox vacibdir. Amma, əlbəttə, hazırda başadüşüləndir ki, nazir Adil Kərimlinin təyinatı da yenidir və prosesin ona qədər olan hissəsində ciddi boşluqlar olduğu üçün, ola bilsin ki, məhz bu variant seçilməyib. Hər bir halda bu forumun keçirilməsi olduqca vacib idi və ölməkdə olan ümidləri, çox şükür ki, yenidən alovlandırdı.
Hədəflər
Bu, elan olunduğu kimi 2020-2040-cı illər perspektivini təyin edəcək və istiqamətləndirəcək. Olduqca ciddi bir zaman kəsimidir və düşünürəm ki, hədəflər də buna uyğun olaraq ciddi şəkildə diqqətə alınmalıdır ki, öncə baş verən xətalar burada yaşanmasın. Maksimum həssas yanaşılsa, həqiqətən də, çox ciddi nəticələr almaq mümkündür. Çünki kino sənəti özlüyündə gənc və interaktivdir, zamanla həmahəngdir. Təsadüfi deyil ki, dünya kinosunun yönverici cərəyanları belə heç gözlənilmədən hansısa on və iyirmi illik dönəmlərdə (İtaliya neorealizmi 50-ci illər, Fransa yeni dalğası 60-cı illər və.s) ictimai-siyasi və sosial bazadan qaynaqlanaraq ciddi axınlar yarada bilib. Amma burada yenə bəzi məqamlara, xüsusilə forumun birinci gününün proqramında olan ideologiya bölümünə bir az emosionallıqdan uzaq şəkildə qiymət verilməlidir deyə düşünürəm. Çünki biz müstəqillikdən öncəki dönəmdə məhz bu sarıdan əziyyət çəkmişik, ideoloji konsept kinoda vacib faktor olub. Amma ağrıları hələ də canımızdan çıxmır. Çünki olduqca həssas məqamdır və daim populizmə, ekstra emosionallığa açıq bir məfhumdur. Bu və ya digər formada ideoloji xətt onsuz da qorunmalıdır və qorunacaq da. Amma sırf bu istiqamətə köklənmək və bütün yolçuluğu məhz buradan etmək düşüncə və vizyon müxtəlifliyinin, yaradıcı ifadə azadlığının üzərinə kölgə sala bilər. Düzdür, biz bunu alqışlayırıq, Ayaz Salayevin alovlu nitqinə də əl çalırıq, özümüzü sevməyi və anlatmağı təşviq edirik. Bunlar, həqiqətən, gözəldir. Amma bir yerdə özümüz də buna hazır deyilik. Çünki biz, sevgisindən, yanğısından dolayı kino və mədəniyyət naminə bir kəlmə söz deyən adamı da çox rahatca işindən məhrum edən, az qalsın “qara siyahı”ya salıb indiyə qədər olan bütün işlərinin üzərinə xətt çəkməyə hazır olan və sonra onunla ümumiyyətlə, heç maraqlanmayan bir toplumuq hələ ki. Ona görə də özümüzü və sevgimizi bir də təftiş etməliyik. Vətəni, milləti, dövləti, insanı bütün kənar duyğulardan, qorxulardan, riyalardan arınmış formada, yəni diktə və konseptlə yox, həqiqətən sevməliyik. Belə olan halda ideologiyanı ultra konsept kimi götürməyə ehtiyac da qalmayacaq və biz hətta öz ağrılarımızı belə ifadə edəndə bunda bizim sevgimiz, qayğımız, şəfqət hissimiz daha öndə gələcək. Nəticə etibarilə adı da üstündə olduğu kimi bu vətən, bu dövlət bizimdir, bu forum da, bizim kino da millidir, bizimdir, kökümüzdür, əslimiz-nəslimizdir və dünyaya da ancaq buradan, özümüzdən, öz pəncərəmizdən, öz orijinallığımızdan baxacağımız halda, açıla, yayıla bilərik.
İdeologiya mövzusunda xüsusilə ciddiyə alınmalı olan məsələ müharibə filmləri və batal səhnələrin olmadığı “müharibəsiz müharibə” filmlərinin istehsalıdır. Bu gün geosiyasi-ideoloji kontekstdə ən vacib və üzərində dayanılmalı olan məsələ budur. Müharibədən yenicə çıxmış bir ölkə olaraq bu mövzuda ideoloji xətti və dünyaya demək, anlatmaq istədiklərimizi də məhz bu tip filmlərlə, əsasən də, yuxarıdakı təsnifatda qeyd etdiyim ikinci tip filmlərlə edə bilərik. Xüsusilə ciddi festivallara çıxış üçün qan-qada, partlayış və hay-küydən daha çox hekayə, mövzu və mahiyyət ağırlıqlı materiallar daha uyğundur. Eyni zamanda bu növ müharibə hekayəli filmlərin büdcə xərci də pirotexnikanın gen-bol istifadə olunduğu batal səhnələrlə zəngin müharibə filmlərindən daha azdır. Amma, əlbəttə, həm yerli, həm də xarici bazar üçün hər ikisi olmalıdır.
Hədəflər: Heydər Əliyev və Azərbaycan kinosu: Təkliflər
Forumun adının, niyyətinin məhz ümummilli lider Heydər Əliyevin adıyla səsləşməsi bizi daha ciddi düşünməyə vadar edir. Çünki məhz onun şəxsiyyətinin timsalında mədəniyyət naminə yetərincə örnək addımlar var ki, bunlardan bəzilərini qeyd etmək istəyirəm. Bu məqamlar hədəfləri təyin etmək üçün bizə olduqca vacibdir. Məhz bu başlıqdakı adda: “Bizim Kino: Heydər Əliyev və Azərbaycan kinosu” sənədli filmini də özündə ehtiva edən və yaradıcı qrupunda mənim də yer aldığım “Bizim Kino” silsiləvi layihəsi milli kinomuzun ta ibtidasından bu günə qədər olan tarixi özündə əks etdirən ən gözəl müasir televiziya layihələrdən biridir ki, təxminən bir il öncə Mədəniyyət Nazirliyi, İctimai Televiziya və “Azərbaycanfilm” kinostudiyasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlmişdi. Layihədə il ərzində istehsal olunan bütün silsilə sənədli filmləri mən – Kamal Yaşar və həmkarım Esmira Bədəlova səsləndirmişik və hazırda da bütün seriyaları yutub platformasında var. İstəyənlər məhz qeyd etdiyim bölümə buyurub baxa bilər və mən yenə də ehtiyat üçün məhz o filmdən bəzi örnək məqamları qarşıdakı hədəflərimizi daha aydın müəyyənləşdirə bilməyimiz niyyəti ilə qeyd etmək istəyirəm.
1979-cu ildə “Babək” filminin çəkilişində Moskva Dövlət Kino Komitəsi tərəfindən təyin olunan büdcə 650 min rubl olsa da, Heydər Əliyevin göstərişi ilə Azərbaycanın büdcəsindən əlavə 1milyon ayrılır. Ekran əsərinin Naxçıvan və Culfa arasındakı çəkilən dekorativ Bəzz qalası hissəsində isə Heydər Əliyev Naxçıvan rəhbərliyinə göstəriş verir ki, hətta bu il Naxçıvan üzüm yığımında az nəticə versə də, olar, təki filmin keyfiyyətli ərsəyə gəlməsi üçün bütün imkanlar səfərbər edilsin və nəticə də göz önündədir. İndi mövcud tarixə qayıdaq, qanunvericiliyə nəzər salaq və yuxarıdakı örnəklə müqayisə edək. Düşünürəm ki, burada bəzi mühüm məqamlar var və bunlar mütləq həllini tapmalıdır. Bu gün filmə ayrılan dövlət büdcəsi istehsalat prosesinə çatmamış qayçılanır. Prosesi yaşamış, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də dövlət sifarişi ilə bədii film çəkmiş rejissor kimi (“Dan yeli” b/f, 2018) deyə bilərəm ki, bu məqam yaradıcı qrupa, prosesə, ümumi nəticəyə ciddi təsir edir. Sən bütün büdcəni sıxıb hesablayınca nəfəsini dərməmiş Maliyyə Nazirliyinin ayırdığı vəsait Vergilər Nazirliyi tərəfindən dərhal tutulur. Düşünürəm ki, qanunvericiliyə əlavə və dəyişikliklərlə bu məqam həllini tapmalıdır. ƏDV kimi çıxılan 18 faizdən əlavə, komandada çalışan bütün işçilərə verilən pulun da üzərindən əlavə 5 faiz tutulur. Bu, hamımızın bildiyi problemdir. Məsələn nəşriyyatlar (ANAİB) bu işi müraciətlə həll etdilər. Amma bizdə, kinoistehsalatda hələ də boşluqda qalır. Ümid edək ki, forumun nəticəsi olaraq qarşıdakı kino inkişaf planlamasında bu məqam nəzərə alınacaq.
“İstintaq” bədii filminin ekran həyatı qazanması tarixçəsində də yenə Heydər Əliyev imzası var. Sovetlər dönəmində ölkədə mafiyanın varlığından, üstəgəl dövlət hüquq-mühafizə orqanlarında onları dəstəkləyənlərin olmasından bəhs edən bir filmi ekranlaşdırmağın yaratdığı risklər, məhdudiyyətlər də məhz Heydər Əliyevin filmi müdafiəsindən sonra onun ekran həyatı qazanmasına səbəb oldu. Bunun da detallı tarixçəsini bu məqalənin sonunda yerləşdirəcəyim sənədli xronikadan izləyə bilərsiniz. Bu nüansı qeyd etməyim əbəs deyil. Bu gün kinoda, ümumiyyətlə yaradıcılıqda hamımızın qarşılaşdığımız süni əngəllər var. Biz öz problemimizdən hətta sevgi ilə, yüngülcə toxunuşla belə danışmaqdan məhrum buraxılırıq. Halbuki bütün problemlər məhz deyilərək, göstərilərək həllini tapmalıdır və kino, vizual sənət bunun ən yaxşı yollarından biridir və məhz belə olan halda milli kino milli ideologiyaya xidmət edə bilər. Nəinki ideologiya bəhanəsi ilə yersiz xoflanmaq və ifadə azadlığına süni baryerlər yaratmaq. Çünki bu gün hələ də kinomuzda “bizim əsgər yeridiyi yerdə yıxıla bilməz”, “kişi ağlamaz”, “siqaret göstərmək olmaz”, “polisimiz rüşvətxor kimi göstərilməsin” və.s kimi süni maneələr var. Bu siyahını uzatmaq da olar və yəqin ki, çoxumuz bununla rastlaşmışıq. Amma arınmaq və yanlışlardan qurtulmaq istəyiriksə, o zaman ehtiyac yaranarsa, xilas naminə özümüzə güzgü tutmağı da bacarmalıyıq. Çünki yuxarıda qeyd etdiyim kimi bunun bariz nümunəsi olan “İstintaq” filmi və Heydər Əliyev yanaşması var. Bəli, biz kinoda, sənətdə ancaq problemdən, mənfilərdən danışmamalıyıq. Kino və sənət zatən estetikadır və orada gözəlliklər, gözəl ifadə vasitələri, ifadə təzahürləri yer alır. Amma nadirən ehtiyac yaranarsa, özümüzə güzgü tutmağı da bacarmalıyıq.
Bu mövzuda digər bir nümunə: Anarın “Şəhərin yay günləri” pyesi. Bu pyes ölkədə o zaman da, indi də yetərincə ciddi sayıla biləcək bir problem haqqında idi; ali məktəblərə qəbul prosesinə müdaxilə edən maxinatorlar və korrupsiya mövzusu. Heydər Əliyev tamaşanı izlədikdən sonra buna mütləq ali məktəb auditoriyalarının baxmağının vacibliyini deyir və hətta bu dram əsərini ssenariləşdirib film kimi ekranlaşdırmağı təklif edir. İndiki xoflu yaradıcı mühitin əksinə olaraq yetərincə azad və demokratik bir davranış sərgiləməsidir bu. Yeri gəlmişkən, illər öncə bənzər hekayə mənim tələbə olduğum illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaşanmışdı. O dönəm qəfil təyinatla Fərəh Əliyevanın rektor kimi fəaliyyətə başlamasından qısa müddət sonra universitetdə korrupsiyanın kökü tamamilə kəsilmiş və bu işdə günahlandırılan bir çox məsul şəxslər işdən azad edilmişdi. Deməli, bu və bu kimi problemlər bütün zamanlarda var və nələrisə yaradıcı platformalarda dilə gətirmək bir qəbahət deyil, əksinə, xalqa xidmətdir. Kinoforumdan öncə teatr forumunun da keçirildiyini nəzərə alsaq, hər ikisi üçün və ümumiyyətlə, bütün incəsənət növləri üçün keçərlidir bu mətləb. Təsadüfi deyil ki, bu gün teatrlarımız xüsusilə mövcud gündəmdən, reallıqlardan daha çox nə zamansa olub-bitmiş tarixlərlə, hekayələrlə əlləşir. Nadir istisnalar xaricində istənilən teatrın repertuarına nəzər salıb bu problemi görmək olar. Halbuki mövcud gündəmi daha yaxşı duyan, hiss edən və lazım gələrsə, onu yetərincə yaxşı dramaturji materiala çevirə biləcək Pərviz Seyidli, Ülviyyə Heydərova, Jalə İsmayıl və s. kimi gənc pyes müəllifləri var. Zənnimcə, bütün bunlara növbəti hədəflər prosesində diqqət edilməlidir. Çünki əgər biz öz problemlərimizdən danışmasaq, bundan mütləq başqaları danışacaq. Biz öz sənətçimizə diqqət etməsək, başqaları ona “diqqət” göstərib “azad kino və teatr” adı ilə istədiyi vəsaiti ayıraraq istədiyi işi gördürməyə çalışacaq. Ola bilsin ki, kimlərinsə bu şeylərdən xəbəri yoxdur. Amma bu və bu kimi yad təkliflər həmişə var və pusqudadır. Əlbəttə, vicdanlı sənətçi öz kimliyini heç zaman satmayacaq. Sadəcə, məlumat üçün bir daha təkrar edirəm ki, bu variantlar var və hər zaman pusqudadır. Amma vicdanlı sənətçiyə də vicdanlı münasibət göstərməyimiz vacibdir.
Forumun panelinə də daxil edilən kinoda kadr hazırlığı məsələsi ən ciddi problemlərdən biridir və bu, indi yaranan problem deyil. Mən mücərrəd yox, real nümunələr üzərindən danışmaq istəyirəm. Bu problem həm kopseptual həlli olmayan bir problem kimi mövcuddur, həm də bu təşəbbüsü özü göstərən, gedib haradasa öyrənməyə can atan, bunun yolunu-izini araşdırıb cüzi yardım üçün müraciət edən adamlar belə zamanla diqqətdən kənar buraxılıblar. Məsələn, illər öncə dublyaj sahəsində səs rejissoru kimi fəaliyyət göstərən Natiq Şəkərəliyev danışdığı xarici ölkə kursuna gedərək biliklərini təkmilləşdirmək üçün Mədəniyyət Nazirliyinə müraciət edib dəfələrlə ora ayaq döysə də, heç bir cavab hasil olmadı və nəticədə, o və onun kimi mənim bilmədiyim, bəlkə də, bu addımları atan neçə şəxs gedib təhsil alıb gələrək yerli industriyaya öz qatqısını edə bilmədi. Amma bundan daha ağır nümunələr də var. Məsələn, mənim hələ uzun illər öncə “Bakı Film Akademiyası”nda tanış olduğum Pərviz Məmmədov öz vəsaiti hesabına on min manat civarında pul xərcləyib müstəqil olaraq Rusiyada Aleksandr Mittanın kursunda dərs alıb peşəkar kimi geri gəlsə də, bu günə qədər bir dənə də olsun dövlət layihəsinə cəlb olunmayıb və onunla ümumiyyətlə maraqlanan olmayıb. Hətta forumda belə gözə dəymədi. Zəng edib niyə burda olmadığını soruşdum və dedi ki, qeydiyyatdan keçdim, amma dəvət etmədilər. Bu, problem içindən doğan ikinci problemdir; baryer problemi. Düşünürəm ki, idarəedici adamlarla yaradıcı adamlar arasında ciddi uçurum böhranı var. Aşağıdakılar tanınmaq və görünmək, xidmət etmək istəsələr də, yuxarıdakılar bunu görmək istəmir, yaxud necə olursa, nə baş verirsə, görə bilmir. Bu məqamlar vacib həll olunmalı məsələlərdir. Nazirlik və yaradıcı şəxslərlə bu və ya digər formada görüşlər, ünsiyyət, yaradıcı platformalarda davamlı müzakirələr mütləq keçirilməli və bu yadlıq sindromu aradan qaldırılmalıdır. Ümumiyyətlə, nazirlikdən kənar müstəqil olaraq fəaliyyət göstərən adamlara da yad kimi baxılmamalıdır. Bu kompleksimizi yenməliyik. Nəticədə hamımız bir ölkəyə, bir niyyətə xidmət edirik. Müstəqil fəaliyyəti ilə bir çox filmlərə, seriallara imza atan prodüserlər belə forumlardan, müzakirələrdən kənarda qalmamalıdır. Çünki onlar bu çətin yaradıcı mühitdə işləməyin, müstəqil olaraq maliyyə cəlb eyməyin yolunu tapa bilən azsaylı şəxslərdəndir. Təsəvvür edin ki, Maliyyə Nazirliyi ilə Mədəniyyət Nazirliyinin “soyuq müharibə” illərində prodüser Elməddin Cəfərov düz 10 il, qosqoca 10 il dayanmadan “Bacanaqlar” adlı sitkom serial çəkə bilib. Bu, yerli bazarda prodüser fəaliyyəti və istehsalat prosesi adına ciddi göstəricidir. Ona görə də şairanə desək, bizim dost itirən vaxtımız deyil, indi hamı kino və mədəniyyət naminə əl-ələ verməli və dirçəlməlidir.
Diqqət etsək, görərik ki, bu günə qədər Mədəniyyət Nazirliyi ilə çalışan, dövlət sifarişi ilə film çəkən adamlar elə də çox deyil. Amma nisbətə nəzər salsaq, görərik ki, ADMİU-nin rejissor kimi məzun etdiyi şəxslər nə qədərdir. Elədirsə, kimə və nəyə lazımdır bu qədər rejissor və yaxud lazımdırsa, niyə onlar kənarda qalıb? Bu günə qədər Mədəniyyət Nazirliyi adətən o vaxt adamı ciddiyə almağa başlayıb ki, adam artıq özü nəsə əldə etmiş olsun. Məsələn, məni də illər öncə ilk dəfə çalışmaq üçün dəvət edəndə mən artıq müstəqil olaraq 2017-ci ildə “Berlin Film Festivalı”nda olmuşdum və bundan bir müddət sonra “Azərbaycanfilm”ə dəvət olundum. Amma hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Belə məhdud şəraitdə hamının dişlə-dırnaqla özünü sübut etməyə gücü və vaxtı çatmır. Halbuki yerli yaradıcı mühitimizdə nə qədər bacarıqlı gənc istedadlar var. Məsələn, mənimlə həmyaşıd olan rejissor İlkin Yusif dünyada cəmi bircə dənə qalan durna növü (Ağ Sibir durnası, Qərb populyasiyası) haqqında poetik sənədli film çəkir və hələ də Şirvan qoruğuna gedib filmin son səhnələrini tamamlamaq üçün ona lazım olan on min manatı tapa bilmir. Niyə bizim belə orijinal işlərdən, müəlliflərdən xəbərimiz olmamalıdır və bu adamlar niyə öz sevgiləri ilə təkbaşına avara-sərgərdan buraxılmalıdır? Niyə mənim, onun, bunun min bir sevgi ilə işlədiyimiz ssenarilər qalıb bizimlə birgə yaşlanmalı və kompüterimiz ssenari fayllarının qəbiristanlığına dönməlidir? Bütün bu və bu kimi məsələlər mütləq nəzərə alınmalı və həllini tapmalıdır.
Bu gün kinoda ən vacib iki peşə növü olan səs rejissorluğu və işıq məsələsi hələ də havada qalır və əgər yanılmıramsa, hələ də heç biri ilə bağlı ADMİU-də dərs keçilmir. Səs rejissorluğu ümumiyyətlə yoxdur, işıq isə operatorluqda öyrədilir. Halbuki kinoda bədii işıq anlayışı ümumiyyətlə ayrıca sahədir. Eynilə də pirotexnika və dublyaj sahəsi konkret olaraq tədris edilmir. Kinostudiyadakı Alik dayımız başını yerə qoyandan sonra pirotexnika üçün hara, kimin yanına gedəcəyik? Olmazmı elə onun özünə lap kurs səviyyəsində kimlərisə yetişdirməsi üçün imkanlar yaratmaq? Bunlar çox xırda məsələlər kimi görünə bilər, amma nəticədə vacib məqamda böyük problemə çevriləcək. Xüsusilə qarşıda bizi gözləyən müharibə hekayəli filmlərin istehsalını nəzərə alsaq.
Regionlarda kino sənəti ilə alışıb yanan, xəyallar quran nə qədər gənclər var. Varmı hansısa regionda belə bir mərkəzlər, yaradıcı qruplar? Yoxdur, əlbəttə. Amma etmək olar. Məsələn bəzi regionlarımızda bölgə TV kanalları və onların yetərincə avadanlıqları var. Bir mexanizm müəyyənləşdirərək o avadanlıqlardan pulsuz istifadə etsinlər deyə regionlardakı yaradıcı gənclərə heç olmasa sənədli filmlər çəkmələri üçün bir dəstək mexanizmi hazırlamaq olar. Bu, çox asandır. Sadəcə bu işə məhrəm olan adamları prosesə cəlb etməli və bütün ölkənin incəsənət mühitini dirçəltməliyik.
Kinoda ən vacib problemlərimizdən biri və bəlkə də, birincisi isə filmlərin satışını edə biləcək prodüserlərin çatışmazlığıdır. Hətta dövlət sifarişi ilə çəkilən filmlər belə havada qalır çox zaman. Xarici festivallarla əlaqə quran, filmlərin satışını həyata keçirə bilən çox ciddi prodüserlərə ehtiyac var. Kadr hazırlığı məsələsində, düşünürəm ki, ilk üzərində dayanılmalı olan məhz bu kateqoriyadır. Filmin satışını təşkil etmək rejisorun üzərinə düşən öhdəlik deyil.
Digər bir mexanizm problemi isə qanunvericilikdə nəzərdə tutulan maddə ilə filmlərin festival büdcəsinin hesaba qatılmamağı, nəzərə alınmamağıdır. Festivala göndərilən filmlər isə nəyinsə qulağından, ucundan-bucağından kəsilən kiçik maliyyələrin hesabına görülür. Halbuki bunun özü bir maliyyə maxinasiyasına yol açan yolverilməz haldır və bu, mütləq həllini tapmalıdır. Ola bilər ki, əksəriyyətin bundan xəbəri olmasın. Amma illərdir kinoya məhrəm olan adamların bundan, əlbəttə, xəbəri var və hər halda mən bunu qeyd edirəm ki, hamımıza məlum olsun.
Forumun çox yaxşı tərəflərindən biri məhz xarici mütəxəssislərin dəvəti idi. Ümid edirəm ki, o konsepsiyalardan perspektivdə yetərincə faydalana biləcəyik. Ümumiyyətlə, mədəniyyət naziri Adil Kərimlinin açılış nitqində “Evroimaj”a üzvlük məsələsinə toxunmağının özü artıq çox ümidverici bir haldır.
“Azərbaycanfilm” Kinostudiyası və prodakşnlarla iş münasibətində də tender-müsabiqə məsələləri anlaşmasında ciddi boşluqlar var. Film çəkərkən bu problemlə üzləşmişəm və mən indi köhnə palan içi tökmək istəmirəm və nə də, ümumiyyətlə, kimdənsə, nədənsə şikayət etmirəm. Bütün məqaləni əsasən nümunələr üzərindən qeyd etməyimin səbəbi odur ki, bunlar faktiki real problemlərimizdir və aradan qaldırılmalıdır. Kinostudiya və prodakşnlar arasında tərəflərin öhdəlikləri, çıxarları dəqiq təyin olunmalıdır ki, hər iki tərəf istehsalata maraqlı olsun. Detallara toxunmadan sadəcə onu deyim ki, yaranan anlaşılmazlıq üzündən şəxsən mən 2018-ci ildə dövlət sifarişi ilə çəkdiyim filmi kinokamerayla yox, fotoaparatla çəkmək məcburiyyətində qalmışdım. Bunlar hamısı keçmişdə qalıb və bu gün artıq mühüm deyil. Sadəcə, gərək bundan sonra heç bir yaradıcı şəxs yaradıcı prosesin içində belə streslər yaşamasın. Bunun üçün isə bu proseslər, ümumiyyətlə istehsal prosesinin özü yaradılacaq işçi qrupları tərəfindən ciddi təftiş olunmalıdır. Məsələn, dövlət sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunacaq filmin çəkilişi zamanı düz üç ay ilkin hazırlıq görülür. Məsələ burasındadır ki, bu üç hazırlıq ayı ərəfəsində elə filmlər olur ki, onlara qonorardan əlavə üç ay ərzində hər ay maaş ödənilir, elələri də olur ki, üç ayda heç nə almır və ancaq film bitəndən sonra təyin olunan qonorarı alır. Amma, əslində, necə olmalıdır, bax bu və bu kimi bütün məsələlər də dəqiq həllini tapmalıdır. Yeri gəlmişkən, forumun ən maraqlı və gözlənilməz çıxışlarından biri “Azərbaycanfilm”in hazırkı direktoru Nazim Hüseynovun cəsarətlə açıqladığı son illərin maliyyə statistikası oldu. Bu məbləğlər hələ də ciddi müəmma olaraq qalır. Düşünürəm ki, ayrılan vəsaitlər, onların bölüşüdürülmə mexanizmi xalqa, ictimaiyyətə açıq olmalıdır. Çünki bir çox sualların cavabı məhz burada yatır.
Forumda müəllif kinosu məsələsinə də toxunuldu. Düşünürəm ki, müəllif kinosu çəkmək istəyən rejissorlara xortdan kimi baxılmamalıdır. Ümumiyyətlə, nadir istisnalar xaricində yaradıcılığa müdaxilələr olunmamalıdır. Rejissora mənəvi təzyiq edilməməlidir. Nəzərə alaq ki, zatən dövlət sifarişi olan filmlərin də əksəriyyəti məhz müəllif filmləri kateqoriyasına yaxındır. Bu baxımdan müəlliflərə daha çox yaradıcılıq azadlığı tanınmalıdır. Ən əsası bu filmlərin xarici festivaldan əlavə yerli bazarda da çox ciddi şəkildə marketinq-piar işi təşkil olunmalıdır. Bunun üçün yol yenə də televiziyalar və kinoteatrlarla işdən keçir. Özlüyündə hər biri azad olsalar da, müəyyən vacib hədəflər naminə bu qurumların birgə fəaliyyətini təmin edəcək bir qanunverici öhdəliklər planı hazırlanmalıdır.
Ən son keçirilən “Bakı Qısa Filmlər Festivalı”nın icraçı prodüseri qismində təşkilat komitəsinin üzvü olmuş şəxs kimi deyə bilərəm ki, bu mövzuda da ciddi boşluq var. Az qala bəzən öz yerli mühitimizin ağız büzdüyü festivala dünyanın ən nüfuzlu festivallarında iştirak etmiş filmlər göndərilmişdi. Deməli, bizdə olmasa da, dünyada bu prosesə ciddi maraq və bundan ciddi gözləntilər var. Amma əlimizdə olan sadəcə “Bakı Qısa Filmlər Festivalı”, “Doku Baku” Sənədli Filmlər Festivalı, “Animafilm” Beynəlxalq Animasiya Festivalı və ən son yaranan “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalıdır. Bunlar da az işçi qüvvəsi ilə min bir zəhmətlə başa gəlir. Amma müxtəlif ad və statuslarda daha tematik festivallar təşkil etmək və dünyanın diqqətini özümüzə bir az daha artıq çəkmək olar. Çünki hamımızın bildiyi həqiqətdir festivalların praqmatik missiyası və səmərəliliyi. Bu, həm turistik, həm də mədəni əlaqələr baxımından birmənalı olaraq səmərəlidir.
Maddi-texniki baza məsələsi də sual altında qalan məsələlərdən biridir. Film dövlət sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunursa belə, yenə də götürülən avadanlıqların kirayəsi filmin büdcəsindən ödənilir. Bu, kinostudiyanın prodakşn kimi fəaliyyəti deməkdir. Burada dəqiqləşdirilməli məsələ budur ki, əgər texnika kinostudiyanın öz hesabına, yəni rəsmi qayda olaraq hər istehsal olunan filmdən kinostudiyaya ayrılan müəyyən faiz hesabına alınıbsa, o zaman texnikanın birdəfəlik pulu dövlət tərəfindən ödənilməli və orada istehsal olunan filmlərə bundan sonra texnika üçün heç bir büdcə sərfiyyatı edilməməlidir. Yox, əgər bu imkan kobud ifadə etsək, kinostudiyaya öz başını girləmək, özünü bu avadanlıqların kirayəsi hesabına həyatda saxlamaq üçün verilibsə, o zaman başqa məsələ. Bu isə nə qədər doğrudur, yenə düşünülməlidir. Hesab edirəm ki, mexanizm düzgün tənzimlənsə və davamlı istehsal prosesləri olsa, studiya filmlərdən öz haqqı olan faiz hissələrini götürəcək və bundan sonra da məhz dövlət sifarişli filmlərdə avadanlıqlardan gələn kirayəyə göz dikməyə ehtiyacı qalmayacaq. Çünki hər çəkilən film “Azərbaycanfilm” üçün də əlavə gələn müəyyən faiz ciddi bir məbləğdir. Kinostudiya prodakşn kimi isə dövlət sifarişi olmayan filmlərə və digər audiovizual nümunələrin çəkilişinə yenə də kirayə formasında avadanlıq verə bilər. Ümumiyyətlə, əgər texnika heç “Azərbaycanfilm”in öz qazanc faizləri hesabına yox, birbaşa dövlət vəsaiti hesabına alınıbsa, o zaman inkişaf naminə bu avadanlıqlardan kirayə alınması məsələsi dövlət sifarişli filmlərdə birdəfəlik ləğv edilməlidir. Bu, filmin büdcəsinə ciddi şəkildə bir dəstək deməkdir. Hər halda bu, bir təklifdir.
Yerli sahibkarların kinoya sərmayə qoyması üçün vergi güzəştləri konsepsiyası daha da təkmilləşdirilməlidir. Bu, nisbi şəkildə qanunvericilikdə yer alır. Amma tam işlək olmadığına görə şirkətlər üçün yenə də dolanbac yollar açır və nəticədə bunun faydasını heç kimi görmür. Qonşu Gürcüstan isə daha da irəli gedərək illər öncə onun naturasında film çəkən xarici kinoşirkətlərə belə filmin ümumi büdcəsinin müəyyən faizini öz üzərinə götürəcəyini elan edərək maraqlı bir qanunvericilik dəyişikliyi etmişdi. Bizdə də həm yerli, həm xarici sərmayədarları film istehsalına cəlb etmək üçün bu və bu kimi addımlara, qanuni güzəştlərə ciddi ehtiyac var.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bu və ya digər formada kinoistehsalat prosesinə könüllü kimi, yaxud təcrübəçi olaraq cəlb edilməlidir. Çünki təhsil aldıqları müddətdə bu şeylərdən tamamilə kənar qalırlar. Kinonu isə çəkiliş meydançasından daha yaxşı öyrədəcək bir yer yoxdur. Bu məqam xüsusilə diqqətə alınmalıdır. Yerli və xarici kino mütəxəssislərinin davamlı olaraq universitet tələbələri ilə sıx görüşləri, ustad dərsləri keçirilməlidir.
Dövlət sifarişli filmlərdə rəsmi qonorarlar məsələsi və xüsusən tammetrajlı filmlə qısametrajlı filmin büdcə nisbəti mütləq dəyişməlidir. Məsələn, bəzən çəkilən qısametrajlı film tammetrajlının yarısı həcmində olsa belə, ona ayrılan büdcə nisbət fərqi ilə tammetrajlıdan yarı qədər yox, bir neçə dəfə az olur. Hətta tammetrajlı üçün ssenariyə görə büdcələri dəyişmək, müzakirə etmək mümkün olsa da, qısametrajlı filmlər üçün bu şans verilmir və onların büdcəsi birmənalı olaraq 30 min manatdan o tərəfə keçmir və sanki qısametrajlı filmlərə film kimi yox, nəsə üçüncü növ bir iş kimi münasibət sərgilənir. Ümumən qonorar sistemi isə məlum 38-ci maddəyə əsasən tənzimləndiyi üçün burada ciddi boşluqlar var. Son dövrlər Mədəniyyət Nazirliyi ilə olan görüşlərimdə dublyaj qonorarları məsələsi üçün bu məqamı yetərincə bölüşmüşük və müzakirələrin nəticəsi olaraq prosesin başlandığını bildiyimə görə bu mövzuda əlavə nə isə deməyi düşünmürəm. Sadəcə, qısa xatırlatma olaraq deyim ki, hələ 80-ci illərdə təyin olunan və sonra 1997-ci ildə yenidən eynilə təsdiqlənən qonorarlar büdcəsi o dövrdən bu günə qədər olan inflyasiyaları da nəzərə alsaq, tamamilə reallıqdan kənardır. Ancaq Mədəniyyət Nazirliyi ilə müzakirələrin nəticəsi olaraq və eləcə də təkcə dublyaj üçün yox, ümumiyyətlə kinoistehsalat prosesi üçün bunun qarşıdakı perspektivdə dəyişəcəyinə və yeni qanunvericiliklə tənzimlənəcəyinə ümidli olduğumdan bu mövzuda bütün kinoistehsalat işçiləri adına o günün tezliklə reallaşacağını səbirsizliklə gözləyir və inanırıq. Ümumilikdə isə kinoistehsalatda, kinoteatrlarda və eləcə də televiziyalarda dublyaj məsələləri ilə bağlı təkliflər planının işçi mətnini artıq Mədəniyyət Nazirliyinə və eləcə də dublyaj problemlərinin həll olunması üçün mənimlə görüşlər keçirən digər qurum və məsul şəxslərə təqdim etdiyim və yaxın bir-iki gündə də tam hazır detallı təkliflər paketi mətnini yenidən təqdim edəcəyim üçün bu məqalədə dublyajla bağlı əlavə heç bir nüansı qeyd etmirəm.
Uşaq kinosu və uşaq cizgi filmləri məsələsi də illərdir hamımıza məlumdur. Ümumiyyətlə, müasir milli kinoda uşaq hekayələri yox səviyyəsindədir. Animasiya mütəxəssisləri ölkəmizdə az sayda olsa da, var. Bunların arasında incəsənət sahəsində çalışmayan çoxsaylı həvəskar gənclər də var. Hər hansı həvəsləndirici klublar, animasiya üçün ssenari müsabiqələri, sırf animasiyaların istehsalı üçün müsabiqələr təşkil etmək mümkündür. Bu, rəqabət mühiti və kiçik də olsa bir bazar formalaşdıra bilər. Son illər “Animafilm” Beynəlxalq Animasiya Festivalı da fəaliyyətə başlayıb və bu özü, kiçik olsa da, çox mühüm bir addımdır. “Azanfilm”in hazırkı fəaliyyətindən xəbərsizəm, amma onun da fəaliyyətini stimullaşdırmaq olar. Bir məsələ də budur ki, bizdə animasiya ənənəsi əsasən qısa metraj üzərindədir. Belə olan halda isə məhsulun kinoteatrda satışını təşkil etmək faktiki olaraq qeyri-mümkün olur. Amma kinoteatrlara nəzər salsaq, əslində, xarici tammetrajlı animasiya filmlərinin bizdə yetərincə uşaq tamaşaçısı olduğunu görə bilərik. Düşünürəm ki, animasiya filmlərində tammetrajlı layihələrə keçməyin zamanı çoxdan yetişib. Əks halda məhsulun qazanc niyyəti ilə əmtəə kimi bazara təqdim edilməsi mümkünsüz olur və qoyulan maliyyə də geri qayıtmır.
Yeri gəlmişkən, məlumat üçün deyim ki, bugünlərdə ssenarist Pərviz Məmmədov məşhur “Loraks”, “Minyonlar”, “Çirkin mən”, “Qravitasiya” və s. animasiya filmlərinin müəllifi amerikalı animator və rejissor Kayl Balda ilə onlayn platforma vasitəsilə bir ssenari üzərində şəxsən danışıqlar aparır. Bu, bir fərdin peşəkar ünsiyyəti olsa da, Mədəniyyət Nazirliyi prosesi üzərinə götürərək daha da sürətləndirə və qısa zamanda nəticələr ala bilər.
Sonda forumun adından yola çıxaraq qeyd etdiyim və hədəflərimizin təyinində bizə mayak ola biləcək sənədli xronikanı, “Azərbaycanfilm”in bazasında səsləndirdiyim “Heydər Əliyev və Azərbaycan kinosu” filminin linkini baxış üçün təqdim edirəm. Hesab edirəm ki, hamılıqla bu mübarək yolçuluqda əl-ələ versək, mütləq nəticə əldə edə biləcəyik. Qoy həmişə günəş olsun!
Kamal YAŞAR
Kinorejissor