Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu barədə Fondun yaydığı məlumatda bildirilir.
İyulda isə 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Azpost.info-nun məlumatına görə, ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli meydan.tv –yə açıqlamasında deyib ki, o, hələ bir neçə həftə öncə avqust ayında ölkədə dollar satışının kəskin artacağını bildirmişdi: “Nəhayət, rəsmi məlumat da bunu təsdiq edir Bir ay ərzində 815,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin iyul ayı ilə müqayisədə Fond tərəfindən avqustda satılan dolların həcmi 87,5 faiz artıb”.
İqtisadçı artımın 2 səbəbi olduğunu deyir. Bunlardan biri avqustun məzuniyyətlər ayı olmasıdır ki, azərbaycanlıların xaricə səfərləri artır. Nəticədə, ölkədən dollar (valyuta) çıxarmasında artım baş verir. Yəni, ölkəyə gələn turistlərin xərclədiyi dollar qədər Azərbaycan vətəndaşları da xaricə dollar aparıb xərcləyirlər. İkinc səbəb isə məktəb mövsümünün yaxınlaşmasıdır: “Məktəb (universitet) mövsümü yaxınlaşanda məktəbli qələmindən-dəftərindən tutmuş tələbə corabına qədər hər şey xaricdən gətirilir. Ölkədə normal iqtisadi sistem qurulmayıb ki, bu sahələrdə yerli istehsal mümkün olsun. Ona görə də, məktəb mövsümünə hazırlıq üçün ölkədən yüzmilyonlarla dollar çıxır, əvəzinə dəftər-qələb, corab alınıb gətirilir. Corab, köynək, şalvar, dəftər qələm, pozan istehsalı o qədərmi çətindir ki, bu sahələri belə inkişaf etdirə bilmirik?”