Ölkədə heyvandarlığın perspektivləri nə vəd edir?

 Azərbaycanda heyvandarlığın inkişafı onun ixtisaslaşdırılması, təmərküzləşdirilməsi və inteqrasiyasından asılıdır.

SSRİ zamanında bütün növ istehsal sahələri dövlətə məxsus olduğundan respublikamızda heyvandarlığın artırılmasında zəhmətkeşlərin maddi – marağı yox idi.  Həmin dövrdə respublikamızda 4,5 milyon baş qoyun və keçi, 1,5 milyon baş qaramal olduğu halda, kənd təsərrüfatının bütün sahələri özəlləşdirildikdən sonra əhalinin maddi marağının artması nəticəsində qoyunların baş hesabı ilə sayı  sürətlə artaraq 8 mln başı, qaramalın miqdarı isə 2,2 milyon başı ötüb keçdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra başqa sahələrlə yanaşı kənd təsərrüfatı və onun əsas sahəsi olan heyvandarlıqda inkişaf etdirilməyə başlandı. Hazırda respublikada satılan məhsullardan gələn gəlirin 40-45%-i heyvandarlığın payına düşür.

Maldarlıq respublikanın əhalisinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişaf etdirilməsi üçün hazırda bir çox işlər həyata keçirilir. Mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə xaricdən müxtəlif cinslərə aid yüksək məhsuldar heyvanlar gətirilərək lizinq yolu ilə fermerlərə verilir. Bu cinslərə südlük cins olan Holştein-friz, Şvis, Simmental, ətlik cins olan Aberdin-anqus, Hallovey, Şarole və Limuzin kimi cinsləri misal göstərmək olar.

Eyni zamanda ailə-kəndli və fermer təsərrüfatlarında çoxlu miqdarda mələz və məhsuldarlıq istiqaməti bilinməyən heyvanlar da saxlanılır ki, dövri olaraq bu heyvanların təmiz qanlı damazlıq heyvanlarla və ya məqsədli formada yetişdirilmiş mələzlərlə əvəz etmək zəruridir.

Ölkəmizdə qoyunçuluq heyvandarlığın xüsusi ənənələrə malik sahələrindən biridir. Təbii ehtiyatlardan maksimum istifadə etmıək imkanı yaradan bu heyvandarlıq sahəsi maldarlıqla yanaşı ət istehsalında özünəməxsus yer tutur. Respublikamızda Qaradolaq, Balbas, Qarabağ, Qala, Azərbaycan dağ merinosu, Bozax, Herik, Gödək, Caro, Şirvan, Ləzgi, Mazex, Zaanen, Alpin, Dağıstan və Orenburq qoyun və keçi cinsləri uğurla inkişaf etdirilir.

Son illərdə ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq sənaye üsulu ilə quşçuluğun inkişafında mühüm nailiyyətlər əldə edilmişdir. Hazırda respublikada quş əti və yumurta ilə tam təminat yaranmış ixrac potensialı formalaşmışdır.

Heyvandarlığın davamlı inkişafının təmin edilməsi və onun müasirləşdirilməsi üçün bir çox tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, artıq ətlik-südlük istiqamətli modern ailə-kəndli təsərrüfatı nümunələrinin yaradılaraq nümayiş etdirilməsi həyata keçirilməkdədir. Modern təsərrüfat dedikdə mümkün qədər az maliyyə sərfiyyatına malik tövlə kompleksi (mexanikləşmiş sağım, südün soyudulması üçün avadanlıq, kompüterləşmiş qeydiyyat sistemi və s.), yem bitkilərinin (yonca, qarğıdalı, sorqo, arpa, buğda və s.) əkin sahəsi və yüksək aqrotexniki qaydada bitkilərin becərilərək yemlərin hazırlanması nəzərdə tutulur. Heyvanların süni mayalama tədbirlərinin idarə edilməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə Zona Baytarlıq laboratoriyaları heyvan toxumları və maye azot ilə təchiz edilir. Toxumun respublikada 13 məntəqədən paylanması təşkil edilib. Bu da mütəxəssislərin vaxt itkisinin qarşısının alınmasına və xərclərinin azalmasına şərait yaratmışdır.

Ölkədə yem bitkilərinin əkin sahələrini genişləndirməklə möhkəm yem bazasının yaradılması heyvandarlığın inkişaf etdirilməsində vacib məsələlərdən biridir. Xüsusilə, yem istehsalını artırmaq məqsədilə təbii yem bazası olan çəmən və otlaqların yaxşılaşdırılması üçün real tədbirlər həyata keçirilməklə, mal-qaranın tam qiymətli balanslaşdırılmış yemlərlə yemləndirilməsinə nail olmaq mümkündür.

Azərbaycanda 2023-cü ilin birinci yarısının yekunlarına görə ət istehsalı ötən ilin eyni dövründəki 276 min ton ilə müqayisədə 285 min ton təşkil edib. Eyni zamanda, ölkə üzrə təxminən 30 min ton ət istehsalı azad edilmiş ərazilərin payına düşüb. 2022-ci ilin yanvar-iyun aylarında bu rəqəm 28,4 min ton olub. Bu ilin altı ayının yekunlarına əsasən, Azərbaycanda süd istehsalı 2022-ci ilin eyni dövründəki 1,093 milyon tonla müqayisədə 1,122 milyon tona qədər artıb. Ölkənin işğaldan azad edilmiş ərazilərində süd istehsalı 2022-ci ilin yanvar-iyun aylarındaki 191 min tonla müqayisədə 205 min ton təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev mediaya açıqlamasında son 20 ildə bu sahədə əladə olunan uğurlardan, həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, 2003-cü illə müqayisədə 2022-ci ildə iribuynuzlu mal-qaranın baş sayı 20,2 faiz artaraq 2,62 milyon baş, qoyun və keçilərin baş sayı 11,0 faiz artaraq 7,75 milyon baş, quşların baş sayı isə 1,7 dəfə artaraq 29,8 milyon baş olub: “Müqayisə olunan dövr ərzində kəsilmiş çəkidə ət istehsalı 2,0 dəfə artaraq 368,2 min ton, süd istehsalı 1,9 dəfə artaraq 2264,7 min ton, yumurta istehsalı 3,0 dəfə artaraq 2018,1 milyon ədəd, yun istehsalı 30,6 faiz artaraq 15,8 min ton, bal istehsalı isə 12,3 dəfə artaraq 7,4 min ton olub”.

Bayandur Rzayev qeyd edib ki, 2003-cü illə müqayisədə 2022-ci ildə kəsilmiş çəkidə mal əti 1,6 dəfə artaraq 148,6 min ton, qoyun-keçi əti 1,6 dəfə artaraq 89,0 min ton, quş əti istehsalı isə 3,5 dəfə artaraq 130,1 min tona çatıb. 2022-ci ildə kəsilmiş çəkidə ət istehsalının 40,4 faizini mal əti, 35,3 faizini quş əti, 24,2 faizini isə qoyun və keçi əti təşkil edib. Artıma əsasən heyvandarlıqda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, yem bazasının gücləndirilməsi, müasir texnika və texnologiyaların tətbiqi hesabına nail olunub.

Bundan başqa, 2018-ci ildən arıçılıq sahəsinə göstərilən xüsusi diqqətin nəticəsi olaraq 2017-ci illə müqayisədə 2022-ci ildə arıçılıq təsərrüfatlarının sayı 1,6 dəfə artaraq 32,9 min, arı ailələrinin sayı isə 2,4 dəfə artaraq 656,1 min vahid olub. Nəticədə arıçılıq məhsulları olan bal, mum, vərəmum, güləm və arı südü kimi məhsulların istehsalı da əhəmiyyətli dərəcədə artıb.

Şöbə müdiri qeyd edib ki, 2003-cü illə müqayisədə 2022-ci ildə ət və südün emalı məhsullarının istehsalında kəskin artım var. Belə ki, kolbasa məmulatlarının istehsalı müqayisə olunan dövrdə 25,3 dəfə artaraq 29,7 min ton, dondurma istehsalı 40,6 dəfə artaraq 5,9 min ton, qaymaq və xama istehsalı 5,2 dəfə artaraq 8,2 min ton, pendir və kəsmik istehsalı 1,8 dəfə artaraq 57,9 min ton, kərə yağı istehsalı isə 1,9 dəfə artaraq 25,9 min ton olub.

Nazirliyin rəsmisi bu sahədə aparılan islahatlardan danışarkən bildirib ki, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə 2009-cu ildən etibarən Avropa ölkələrindən idxal olunan safqanlı damazlıq cins heyvanların fermerlərə güzəştli satışı həyata keçirilir.

Hazırda ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların satış qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır və lizinq yolu ilə güzəştli satışı həyata keçirilir. Həmçinin 2015-ci ildən yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə 100 AZN subsidiya verilir. Habelə 2014-cü ildən Süni Mayalama Mərkəzinin və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun müasir tələblərə uyğun yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi tədbirləri dəstəklənib.

Heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı 2020-ci ildən etibarən əlavə dəyər vergisindən azad edilib, həmçinin müvafiq yem xammalı və yem məhsullarının idxalı Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 1 iyul tarixli Fərmanı ilə əlavə dəyər vergisindən azad edilib, həmçinin yem məhsulları gömrük rüsumundan azaddır. Bundan başqa, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 5 il müddətinə 10 manat məbləğində subsidiya müəyyən edilib. Bütün atılan bu addımlar isə heyvandarlığın inkişafına səbəb olur.

Ekspert Qadir Bayramlı bu sahə üzrə problemləri də açıqlayıb. O, otlaqlar, yem bazası, damazlıq təsərrüfatları və digər sahələrdə problemlərin olduğunu diqqətə çatdırıb.

Q.Bayramlının sözlərinə görə, Azərbaycanda heyvandarlığın inkişafı üçün potensial var. Onun sözlərinə görə, həm təbii şərait, həm su mənbələri, həm də yem bazası ölkəmizdə mövcuddur: “Təəssüf ki, bu potensial lazım olan səviyyədə qiymətləndirilmir. Azərbaycanda birinci problem heyvandarlığın inkişafı ilə əlaqəli birinci problem intensiv deyil, ekstensiv yolla inkişaf etdirilməsidir. Yəni heyvan sayı çox, məhsuldarlıq isə aşağıdır. Əldə edilən həm ət, həm süd, həm də yunun miqdarı azdır”.

Azərbaycanda heyvandarlıq potensialından istifadənin çox aşağı olmasının səbəblərindən biri təsərrüfatlarda işlərin həyata keçirilməsində elmi prinsiplərin əsas tutulmaması, pərakəndə işlər görülməsidir: “Təsərrüfatlarımızın da sayı çox, effektlilik dərəcəsi aşağıdır. Buna kənd təsərrüfatında “kiçik təsərrüfat hakimiyyəti” deyirlər. Kiçik təsərrüfatlarda isə proqressiv metodları tətbiq etmək çox çətin olur”.

Digər problem  yem bazası ilə bağlıdır. Ekspertin fikrincə, sovet dövründə Azərbaycanda müəyyən yem təsisləri var idi. Bu kimi təsislər indi əvvəlki səviyyədə fəaliyyət göstərmir. Heyvandarlıqda ciddi problemlərdən biri də örüş qıtlığıdır. “Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı bizim heyvandarlığa xeyli mənfi təsir etmişdi. Bu çox önəmli yem bazasının, qış və yay otlaqlarının əldən çıxmasına səbəb olmuşdu. İndi işğaldan azad edilmiş torpaqların səmərəli istifadəsi heyvandarlığın inkişafına öz töhfəsini verə bilər. Qeyd edim ki, heyvandarlar vitaminli yem tapmaqda çətinlik çəkirlər. Tapılanlar isə çox baha olur. Bu da məhsuldarlığa mənfi təsir göstərir”.

Mütəxxəsisin fikrincə, sovet dövründə geniş fəaliyyət göstərən damazlıq təsərrüfatları var idi. İndi damazlıq təsərrüfatları çox azdır. Xaricdən gətirilən heyvanların yerli iqlimə uyğunlaşdırılmasının özü də bir problemdir. Bəzən gətirilən heyvanlar lazımi keyfiyyət tələblərinə cavab vermir. Digər tərəfdən, onların yerli şəraitə uyğunlaşması üçün müəyyən hazırlıq tədbirləri görülməlidir. Bu tədbirlər görülmədən həmin heyvanlar ölkəmizə gətirilir və çox vaxt da istənilən nəticə əldə edilmir.

O, hesab edir ki, ölkədə qış otlaqları ilə də bağlı ciddi problemlər var: “Qış otlaqlarını daha çox imkanlı şəxslər əldə edə bilirlər. İmkanı aşağı olan fermerlər çox zaman özlərinə qışlaq tapa bilmirlər”.

Onun sözlərinə görə, heyvandarlıq sahəsinə ayrılan kreditlərin məbləği az, faizləri isə yüksəkdir. Bu sahədə əlavə təşviq vasitələri tətbiq olunmalıdır. Subsidiyalar verilsə də, onların da miqdarı azdır. Müəyyən bölgələrdə subsidiyaların şəffaflıqla verilməsində də problemlər var. Eyni zamanda müəyyən bürokratik əngəllər də mövcuddur.

Ən ciddi problemlərdən biri aqrar sığortanın tətbiq olunmamasıdır. Fermerlər min bir əziyyətlə heyvan bəsləyir, amma təbii fəlakətlər və ya heyvanlarda xəstəlik onların bütün zəhmətini heç edir. Onların bu itkilərini təzmin edən ən yaxşı vasitə aqrar sığortadır. Bu məsələni bizdə yeni qaldırmağa başlasalar da, hələ ki, effektli şəkildə tətbiq edilmir.

Heyvandarlıq məhsullarının bazara çıxarılmasında da fermerlərin problemləri var. Bazar fəaliyyəti pərakəndə şəkildə həyata keçirilir. Effektli fəaliyyət göstərən tədarük məntəqələri yoxdur. Son dövrdə pandemiyanın da vurduğu zərərləri nəzərə almalıyıq. Əlavə olaraq, həmin məhsulların alqı-satqısını aparan müəyyən vasitəçi qurumlar var ki, onlar qiymətlərin bahalaşmasına səbəb olur. Ölkədə yun satışında da ciddi problemlər var.

Q.Bayramlı hesab edir ki, fermerlərin yerlərdəki vəziyyətini araşdırmaq lazımdır: “Fermerlər üçün çox sayda yüksək səviyyəli və davamlı keçirilən treyninqlər təşkil olunmalıdır. Tək-tək belə təşəbbüslər var. Lakin bu bütün fermerləri əhatə eləməlidir. Heyvandarlıq sahəsində maarifləndirmə zəifdir. Fermerlərin bir çoxu elektron resurslardan istifadə edə bilmir. İnkişaf eləmiş ölkələrin demək olar hamısında kənd təsərrüfatı üzrə ayrıca televiziya kanalları var. Bu kanallar həm bitkiçiliyin, həm də heyvandarlığın problemlərini, burda olan proqressiv inkişaf meyllərini əks elətdirirlər, fermerlər də bundan faydalanırlar.

Bölgələrdə yüksək bacarıqlı, baytarlar da çatışmır. Savadlı və müasir yenilikləri izləyən baytarlarımız azdır. Baytarların da savadının artırılması, müasir elmi biliklərə yiyələnməsi üçün şərait yaradılmalıdır.

Heyvandarlıq sahəsi üzrə mütəxəssislərin iştirakı ilə effektli bir proqram hazırlansa, heyvandarlara verilən kreditlərin miqdarı artırılsa və faizləri azaldılsa, subsidiyalar fermerlərə şəffaf şəkildə verilsə, bunların müsbət nəticəsi ola bilər.

Prezident İlham Əliyevin  tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq.

R.VAHİDQIZI

Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb

 

 

 

 

Əvvəlki məqalə

Premyer Liqada klubların sayı artırılır –

Sonrakı məqalə

Bakıda “narkotik əməliyyatı”