Ölkədə işləyən vətəndaşların sayı açıqlandı –

Ən çox hansı sahələrdə çalışırlar?
14 İyun 2020 - 11:14

2020-ci il iyunun 1-i vəziyyətinə əsasən, iqtisadi fəal əhalinin sayı 5206,7 min nəfər olub, onlardan 4901,3 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1676,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 926,6 min nəfər, qeyri-dövlət sektorunda isə 749,5 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 33,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1642,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,8 faizi tikintidə, 7,4 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,9 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.