Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir. Qoyunlar 7 min il əvvəl ilk dəfə əhliləşdirilib və insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün inkişaf etdirilib.
Cənubi Qafqazda qoyunçuluğun beşiyi məhz Azərbaycan sayılır.
Azərbaycanda xalq seleksiyası yolu ilə çoxlu qiymətli qoyun cinslərinin genefondları yaradılıb. Həmin cinslərdən Mil-Qarabağ, Abşeron, Qaradolaq, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Azərbaycan dağ merinosu və Pirəsora qoyun cinslərini göstərmək olar.
Gəlirli və az zəhmət tələb edən sahə olduğuna, eləcə də əhali tərəfindən qoyun əti daha çox istifadə edildiyinə görə respublikamızın bütün bölgələrində qoyunçuluğa xüsusi diqqət yetirilir.
İstehsal olunan məhsulun növ müxtəlifliyinə görə, heyvandarlıq sektorunda qoyunçuluq birinci yeri tutur. Qoyunun ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir. Məlumatlara görə, Azərbaycanda mövcud olan qoyun cinslərinin məhsuldarlıq göstəriciləri yüksək genetik potensiala malikdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyunların sayının son illərdə azalması ilə yanaşı, heyvanların diri çəki artımı və cəmdək çəkisindəki mənfi tendensiyalar barədə məlumatlar da öz əksini tapıb.
Həmçinin hesabatda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. Bunlar yem bitkilərinin əkilməsi üçün istifadə edilən sahələrin azalması, iqlim dəyişiklikləri və torpaqların deqradasiyası, işğaldan azad edilmiş otlaqlara kifayət qədər çıxışın olmaması və tələblə təklifin dəyişməsi fonunda tələbin artmasıdır.
Hesabatda deyilir ki, son illərdə qoyun populyasiyası 7,7 mln. başadək azalıb.
Bundan başqa, 2000–2010-cu illərdə heyvanların diri çəkisi orta hesabla 30–36 kq təşkil edirdi ki, bu da 15–18 kq cəmdək çəkisinə gətirib çıxarırdı. 2010-cu ildən diri çəki 25-30 kq aralığında yerləşir ki, bu da orta hesabla 12–15 kq cəmdək çəkisinə gətirib çıxarır. Bu dinamika, çox güman ki, yem bitkilərinin əkilməsi üçün istifadə olunan sahələrin 429 min hektardan 326 min hektara qədər azaldılmasının birbaşa əksidir.
Azərbaycanda qoyunların yetişdirilməsi ilə 184 000 ev təsərrüfatı məşğul olur. Böyük əksəriyyət (80 faiz) ümumi qoyun populyasiyasının 35 faizini təşkil edən 50-dən az qoyundan ibarət sürüyə sahibdir, ev təsərrüfatlarının isə 8 faizi qoyunların başının 46 faizinə malikdir. Kiçik maldarlar üçün qoyun yetişdirilməsi heyvandarlığın təbii formasıdır, böyük sürü sahibləri də daha böyük torpaq ehtiyatlarına və daha yaxşı xidmətlərə çıxışı olan böyük sürü sahibləri isə kommersiya fermerləridir.
İstehsal səviyyəsində əsas problemlər aşağıdakılardır:
-kiçik fermerlər elmi idarəetmə metodları haqqında məlumatlı deyillər.
-Ölüm və xəstəlik hallarının yüksək səviyyəsi dövlət müəssisələri tərəfindən profilaktik və müalicəvi səhiyyə xidmətlərinin kifayət qədər ərazini əhatə etməməsindən irəli gəlir. Xüsusi baytarlıq mağazalarının əsas vaksinlərə məhdud çıxışı bu problemi daha da ağırlaşdırır.
-Fermerlərin əksəriyyəti “ödənişsiz” olmalı olan baytarlıq xidmətləri üçün artıq ödəniş etməlidirlər.
Qoyunçuluğu məhdudlaşdıran əsas amillərdən biri yem və yem bitkiləridir.
Sovet İttifaqının dağılmasından sonra, bazarın olmaması səbəbindən yun üzrə dəyər zənciri çökdü. Fermerlər ətlik cinslərin yetişdirilməsinə keçdiklərindən, Merinos qoyunlarının populyasiyası əhəmiyyətli dərəcədə azaldı. Fermer səviyyəsində, demək olar ki, yun alıcıları yoxdur, çünki yun bazarı çox dardır və satış həcmi çox kiçikdir.
Xalça ən əhəmiyyətli yun məhsuludur, lakin, əsasən, idxal olunan ipliklərdən hazırlanır. Bununla belə, son zamanlar “Azərxalça” yun yığımı mərkəzlərinin təsis edilməsi, xalça istehsalı üzrə bölmələrin yaradılması və xalçaların satışında iştirak yolu ilə xalçaların hərtərəfli dəyər zəncirinin inkişaf etdirilməsinə səy göstərir.
Bundan əlavə, yun bazarın olmaması səbəbindən yunun tam israf edilməsinin, yandırılmasının və ya atılmasının qarşısını almaq məqsədilə yağlı yun toplamaq və ixrac etmək üçün əlavə dəyər zəncirinin yaradılması da mümkündür.
Qiymətli bitkilərin yetişdirilməsi üçün sahələrin artırılmasına yönəlmiş siyasət qoyunçuluq sektoru üçün iki ciddi problemə səbəb olur: birincisi, böyük qoyun populyasiyası üçün əhəmiyyətli yem bitkiləri mənbəyi olan otlaq sahələrinin azalması və ikincisi, gələcək kommersiya təsərrüfatlarının intensiv qoyunçuluq üçün yem bitkilərinin becərilməsi üçün yüksək keyfiyyətli əkin torpaqlarına məhdud çıxış əldə edəcəyi.
Baytarlıq təhsilində problemlər var.
Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti yüksək subsidiyalaşdırılan dərəcələrlə Baytarlıq təhsili verən qovşaq institutudur, lakin çox az sayda tələbə formal olaraq baytarlıq peşəsinə yiyələnməyə can atır. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun heyvandarlıqla bağlı fəaliyyətləri tədqiq etmək səlahiyyəti var. Lakin tədqiqat fəaliyyətinə rəhbərlik etmək üçün ən yaxşı beynəlxalq təcrübələri bilən kadrların hazırlanması baxımından problemlər yüksək keyfiyyətli tədqiqatların aparılması üçün ciddi maneədir.
Ölkə torpaqlarının təxminən 55 faizinin kənd təsərrüfatı torpaqları olmasına baxmayaraq, Azərbaycan kənd təsərrüfatı və qida məhsullarının idxalçısıdır.
Xırdabuynuzlu heyvanlar heyvandarlıqda və kənd təsərrüfatında ümumi istehsalın yalnız kiçik bir hissəsini təşkil edir, lakin onlar ölkənin ucqar və kənd rayonlarına sosial və iqtisadi töhfələri baxımından daha böyük rol oynayırlar.
Azərbaycanda əsasən qoyunlardan ibarət heyvanları sektoru qida mənbəyi və kənd rayonlarında (qeyri-formal) məşğulluq mənbəyidir.
Lakin struktur məhdudiyyətləri ölkənin 1991- ci ildə müstəqillik əldə etməsindən sonra sektorun artımına imkan verməyib. Qoyunçuluq ənənəvi təcrübə əsasında həyata keçirilir və son üç onillikdə ət və yun istehsalından əsasən ət istehsalına tədricən keçid olub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Qiyasəddin Cəlladovun sözlərinə görə, Azərbaycandakı qoyun cinsləri əsasən ildə 1 dəfə bala verir. Balavermə məhsuldarlığı 100-130% təşkil edir ki, bu da əkiz balavermənin hesabına hər 100 baş qoyundan 130 başa qədər quzu əldə etməyə imkan verir.
“Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında 10%-ə qədər azalma müşahidə edilib. Statistik məlumatlara görə, 2016-cı ildə ölkəmizdə qoyunların sayı 8 milyondan çox olduğu halda, 2022-ci ildə bu göstərici 7.314200 təşkil edib”.
Onun sözlərinə görə, əhalinin tələbatı əsasən cavan qoyunların ətinə olduğu üçün ölkəmizdə daha çox 6-15 aylıq heyvanlar kəsilir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir. Digər tərəfdən cinsi yetişkənlik dövründə olan cavan heyvanların kəsimi yerli qoyunçuluqda mövcud genefondun deqradasiyaya məruzqalma təhlükəsi yaradır. Odur ki, heyvanların yaş həddi ilə bağlı kəsiminə dair məhdudiyyətlərin və qadağaların tətbiq olunmasının həyata keçirilməsi zəruri hesab edilir.
İqtisadçı-ekspert Xaliq Məmmədov deyir ki, dünyada, o cümlədən Azərbaycanda yem bahalaşıb. Bu da qoyunçuluğun inkişafına mənfi təsir göstərir və ətin qiymətini artırır. Qoyunların sayının azalmasının qarşısını almaq, bu heyvanın yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq üçün yarım intensiv və intensiv üsulların tətbiqinə ehtiyac var.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası qoyunçuluğun inkişafına müsbət təsir edəcək: “Ötən il həmin ərazilərdə yerləşən yaylaqlara təxminən 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb. Minalardan təmizləmə işləri davam etdikcə daha çox təsərrüfat bu ərazilərə köçürüləcək və sahə inkişaf edəcək”.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənovun sözlərinə görə, son illər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təbii otaqlarda – bitki örtüyündə baş verən dəyişikliklər, yem çatışmazlığı da bahalaşmaya səbəb olan amillərdən biridir. “Yem bazası da heyvandarlığın inkişafı üçün vacib şərtdir, bol olarsa, heyvanların yemlənməsi lazımi səviyyədə aparılarsa, məhsuldarlıq artar. Ölkə üzrə kəndətrafı örüş sahələrində də azalma var”.
Həsənov əlavə edib ki, ölkədə intensiv və yarım intensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir: “Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidir”.
Hazırda Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir. Ətə tələbin yüksəlməsi qonşu ölkələrdən, əsasən də Gürcüstandan Azərbaycana gətirilən ət məhsullarının həcminin artmasına gətirib çıxarır. Son 3 ildir ki, ölkəyə diri qoyun əsasən Gürcüstandan gətirilir.
2023-cü ilin 10 ayında Azərbaycan xarici ölkələrdən 24.211 milyon ABŞ dolları dəyərində (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75% çox) 312 min 933 baş (86% çox) diri qoyun idxal edib. Bunun da 15.952 milyon ABŞ dolları dəyərində (36% çox) 214 min 191 baş qoyun (42% çox) Gürcüstandan, 7.94 milyon ABŞ dolları dəyərində (6.6 dəfə çox) 98 min 152 baş (6.4 dəfə çox) Rusiyadan və 317.62 min ABŞ dolları dəyərində (64% az) 590 baş (71% az) Türkiyədən gətirilib.
2022-ci ildə Azərbaycana İdxal edilən 194 min 562 baş diri qoyunun 90.4%-i Gürcüstanın payına düşüb. Bundan başqa Rusiyadan, Türkiyədən və Bolqarıstandan diri qoyun idxal edilib. 2021-ci ildə alınmış 117 min 574 ədəd diri qoyunun 56% -i Gürcüstanın, 38%-i isə Rusiyanı payına düşüb.
2022-ci ildə Azərbaycana diri qoyun və keçi idxalı 64 faiz artıb. 2022-ci ildə Azərbaycana 15 milyon 909 min dollarlıq 194 min 573 baş qoyun və keçi idxal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2021-ci illə müqayisədə həcm baxımından 64.6 (76 min 428 baş), məbləğə görə isə 43.65 faiz (4 milyon 833 min dollar) çoxdur.
2021-ci ildə ölkəyə 11 milyon 76 min dollarlıq 118 min 145 baş qoyun və keçi gətirilib. Onların idxal qiyməti 93.8 dollar təşkil edib. 2022-ci ildə isə 13 faiz ucuzlaşaraq 81.8 dollara enib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, Azərbaycanda qoyunçuluqla bağlı vəziyyət ürəkaçan deyil: “Səbəbi odur ki, örüş sahələri əkinə verildi. Təxminən 400 min hektara yaxın örüş əraziləri əkinə verilib və artıq qoyunçuluqla məşğul olan sahibkarların imkanı yoxdur ki, heyvanları haradasa yemləsin”.
Ekspertin sözlərinə görə, yem problemi olduğu üçün qoyunların sayı və məhsuldarlıq azalıb. İqtisadçının sözlərinə görə, ölkəyə qoyun əti dondurulmuş halda gətirilir və çox azdır: “Az olduğuna görə ölkədəki ətin qiymətinə heç bir təsir göstərmir”.
Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda qoyunçuluğu inkişaf etdirmək – xırdabuynuzlu heyvanların sayının azalmasının qarşısını almaq, yerli genofondları qorumaq məqsədi ilə strategiya hazırlanır.
Hazırda strategiya müzakirə mərhələsindədir, onun gələn ildən həyata keçirilməsi gözlənilir. Strategiyada yarım intensiv və intensiv qoyunçuluq təsərrüfatlarının, nəsli kəsilməkdə olan yerli genofondların qorunması üçün dövlət dəstəyinin təmin edilməsi, örüş otlaq sahələrinin qorunması üçün işlər aparılması kimi məsələlər var.
Azərbaycanda qoyunçuluq üzrə 14 genefond var və nazirlik onların sayının artırılmasına dəstək verir.
İşğaldan azad edilmiş ərazilərdəki örüşlər hesabına biz qoyunçuluğun inkişafına nail ola biləcəyik. Kəlbəcər və Laçında yaylaqların potensialı genişdir. Həm ötən il, həm də bu il həmin yaylaqlara qoyunçuluq təsərrüfatları köçürülüb. O cümlədən damazlıq qoyunçuluq təsərrüfatlarının 90 %-dən çoxu Kəlbəcər yaylaqlarına köçürülüb. Məqsəd həmin ərazilərdəki bitki örtüyü potensialından istifadə edərək qoyunçuluq sahəsini inkişaf etdirməkdir. Qoyunçuluq təsərrüfatlarının Kəlbəcərə köçürülməsi birmənalı olaraq yüksək məhsuldarlığa səbəb olacaq.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qoyunçuluq sektorunun inkişafına xüsusi diqqət yetirilir. Strateji Yol Xəritəsi sektorun inkişafı üçün hərtərəfli qaydalar olsa da, mövcud mühitin aktual problemləri nəzərə alınmaqla daha məqsədyönlü yanaşma təmsil edəcək heyvandarlıq sektoru siyasətinə ehtiyac var.
V.ABBAS
Yazı MEDİA-nın dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb