Ölkəmizdə 500 min hektar torpaq şoranlaşma təhlükəsi ilə üzləşib

14 Avqust 2020 - 11:29

Azərbaycanda 500 min hektara qədər torpaq sahəsi şoranlaşma təhlükəsi ilə üzləşib.

Azpost.info bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, həmin ərazilər orta və yüksək dərəcədə şoranlaşmaya məruz qalıblar. Şoranlaşma təhlükəsi ilə üzləşən ərazilər əsasən, Kür-Araz ovalığında Kürdəmir, Zərdab, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının ərazilərindədir. Torpaqların düzgün suvarılmaması, artıq su itkisi hesabına torpaqlar şorlaşır.

Ə.Quliyev əlavə edib ki, Azərbaycanda istifadə edilən suvarma suyunun 60% qədəri itkiyə gedir. Hər il kollektorlar vasitəsi ilə 7-8 milyard kubmetr su Xəzər dənizinə tökülür.

”Təəssüflər olsun ki, vaxtilə torpaqlar “vəhşi”, başqa sözlə “selləmə” suvarma üsulu ilə suvarılıb. Nəticədə bəzi ərazilərdə torpaqlara su sızır, torpağın xüsusiyyətlərindən asılı olaraq, bəzi yerlərə su çətin gedir. Bu da gələcəkdə həmin ərazilərdə qrunt sularının səviyyəsinin yüksəlməsinə səbəb olur”.

Direktor qeyd edib ki, Azərbaycan torpaqlarının kadastr xəritəsi tərtib edilməlidir və burada kənd təsərrüfatına yararlı və yararsız torpaqlar öz əksini tapmalıdır. Bununla yanaşı, torpaq ehtiyatlarının uçotu aparılmalı, torpaqların aqroekoloji vəziyyəti müəyyənləşdirilməlidir. Bundan sonra kompleks tədbirlər həyata keçirilməlidir ki, bunların sırasında da ən vacib iş suvarma suyuna qənaət etmək, suvarma suyunun düzgün paylanmasını təmin etmək olmalıdır”.