“Ölkəmizdə xəstələrin sayı azalır” –

PREZİDENT
31 Avqust 2020 - 12:29

Pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb. Bu məqsədlər üçün böyük vəsait ayrılıb, bütün imkanlar səfərbər edilib. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılıb”.

Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edərkən deyib.

Dövlət başçısı bildirib ki, yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub: “Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər.

COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar icra edilir, vaxtında və yüksək keyfiyyətlə. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”.

“Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Prinsip etibarilə, səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir və həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub”-deyə dövlət başçısı bildirib.

O bildirib ki, görülən bütün işlər öz səmərəsini verir: “Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaq. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət verib və Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi, bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, birgə səylərlə biz bu məsələni – COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik”.