“2022-ci ilin gömrük statistikasına görə, Azərbaycanda Ai-95 “Premium” markalı benzinin idxalı azalıb”.
Azpost.info bildirir ki, bu sözləri neft üzrə ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, ölkəyə daha çox “yaşlı” maşınlar gətirilməyə başlayıb.
İ.Şaban bildirib ki, Azərbaycan yüksək oktanlı benzinin əsas hissəsini Rusiyadan idxal edir. Bu ölkədə sanksiyalarla bağlı Ai-95 markalı benzinin topdansatış qiymətləri artım əvəzinə azalma nümayiş etdirib. 2022-ci ilin yanvarında Ai-95-in 1 tonunun Sankt-Peterburq birjasında orta qiyməti 55 min rubl olmuşdusa, iyun ayında 40,7 min rubla qədər azalma nümayiş etdirib.
Ekspert qeyd edib ki, sonuncu dəfə Ai-95 və Ai-98 markalı benzinlərin qiyməti 2021-ci ilin 15 sentyabr tarixində dəyişdirilib. O zaman Brent markalı neftin qiyməti $75 ətrafında ticarət edilirdi. Düz 3 ay sonra neft təqribən 4% ucuzuna satılırdı. 2022-ci ilin fevrakın ortasında isə Brent $94-a qədər bahalaşmışdı: “Ukrayna müharibəsi başlayandan sonra neft 100 həddini aşdı və martın 8-də 130 dollara ticarət edilirdi. Yəni bazar qaydalarından çıxış etsəydik, hələ yanvarın sonunda Azərbaycanda idxal benzininin qiymətləri dəyişməli idi. Çünki Rusiyada belə topdansatış qiymətləri maksimuma çatmışdı. Sonrakı iki ayda xam neftin qiymətləri ilin maksimumunu yaşadı. Amma ölkəyə idxal edilən benzinin qiyməti dəyişmədi”.
İ.Şaban hesab edir ki, hökumət Ai-95 və Ai-98 markalı benzinlərin qiymətlərini Tarif Şurasının çətiri altına qaytarmalıdır: “Çünki praktika göstərdi ki, 2014-cü ilin aprelindən bu neft məhsullarının qiymətləri reallıqda dövlət tərəfindən tənzimlənir və bazarla elə də ciddi əlaqəsi yoxdur”.