Azərbaycanda 10 ildən çox istismar müddəti olan minik maşınlarının parkda xüsusi çəkisi isə 62 faizdən 85 faizə yüksəlib. Bu yaşda minik avtomibillərinin sayı isə 2 dəfəyə yaxın artaraq 682 mindən 1,262 milyon ədədə çatıb.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
Ekspertin sözlərinə görə, 2014-cü ildə Azərbaycanda bütün minik avtomobillərinin 17%-i (yəni hər 100 avtomobildən 17-i) 5 ilə qədər istismar müddəti olan nəqliyyat vasitələri idi. Hazırda bu göstərici 5% ətrafındadır.
“Mütləq ifadədə 5 yaşa qədər olan minik maşınlarının sayı 2,3 dəfə azalaraq 186 mindən 81 min ədədə enib. Bu dövrdə istismar müddəti 5-10 il arasında olan minik avtomobillərinin parkda xüsusi çəkisi 2 dəfədən çox azalaraq 21%-dən 10%-ə enib. Mütləq ifadədə 5-10 yaş intervalında olan minik maşınlarının sayı 35% azalaraq 232 mindən 152 min ədədə enib”-deyə ekspert açıqlayıb.
R.Ağayev deyib ki, təzə maşınların, xüsusən 5-10 yaş intervalında nəqliyyat vasitələrinin sayının sürətlə azalması ölkədə orta təbəqənin maddi imkanlarının azalmasının əlamətlərindən biri kimi də baxıla bilər.