“Ölkədə dövlətə problem yaradacaq Mehdiyevə bənzər şəxslər var” –Fəzail Ağamalı

Dünən, fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev nəhayət istefa verdi. Ölkənin əsas gündəm hadisəsinə çevrilən bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, deputatlar, siyasətçilər, elm adamları mediada davamlı olaraq çıxışlar edərək onu istefaya səsləyirdilər.

Maraqlıdır, bundan sonra Azərbaycan elmində, siyasətində nələr dəyişəcək?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a deyib ki, R.Mehdiyev amili cəmiyyətdə həmişə birmənalı qarşılanmayıb: “Daha çox tənqid hədəfinə çevrilib. Cəmiyyətin bütün seqmentləri Ramiz Mehdiyev amilinə tənqidi mövqe göstərib. Bu, heç kəsin günahı deyil, bu özünün əməllərindən doğan yanaşmalardır”.

Onun fikrincə, R.Mehdiyev baş vermiş hadisələrdən nəticə çıxarmalıdır: “Bundan sonra kitab, memuar da yaza bilər. Amma bu kitablarda Azərbaycan dövlətçiliyinə təhlükə törədə biləcək fikirlərdən uzaq olmalıdır. Yaxşı olardı ki, o, bundan sonrakı həyatını sakit, qalmaqaldan uzaq bir ömür yaşasın və nə özünü narahat etsin, nə də cəmiyyətin əsəbləri ilə oynasın”.

Deputat qeyd edib ki, ona bənzər Azərbaycan dövləti üçün problem yarada biləcək şəxslər var: “Onlar da bundan nəticə çıxarmalıdırlar. Sözdə deyil, həm də əməldə cənab prezidentimizə, onun dəst-xəttinə sədaqətlə xidmət etməlidirlər”.

Deputatın deməsinə görə, indi Elmlər Akademiyasına gənclərin gəlişi yasaqlanıb, bəzi alimlər onlara göstərilən münasibətlə bağlı küsüb gediblər.

O hesab edir ki, alimlərin yetişdirilməsi ənənəsi bərpa olunmalıdır: “Bunun üçün Elmlər Akademiyasının rəhbərliyinə yüksək peşəkar, olduqca milli, həm də innovator düşüncəli alim gəlməlidir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Merkelin Rusiya ilə Ukrayna arasında vasitəçi olması təklif edilir

Sonrakı məqalə

Ramiz Mehdiyevin köməkçisi polisə müqavimətə görə həbs olunub