Ölkədə kitab biznesinin hansı problemləri var?

Ölkəmizdə ənənə halını almaqda olan kitab satışı, yarmarkaları getdikcə daha çox oxucu cəlb etməklə kitab bayramına çevrilir.

Satış məkanlarında yerli və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin nəfis çap olunmuş kitabları düzülmüş rəflər həm də ədəbi müzakirə meydanı, oxucu ilə yazıçı arasında canlı təmas məkanıdır.

Amma ölkədə kitab biznesinin bu günkü vəziyyəti o qədər də ürəkaçan deyil. Hökumət bu vacib sahənin inkişafı üçün bir sıra addımlar atmaqla bu intellektual biznesə yeni nəfəs verməyə  çalışır. Elə Nazir Kabinetinin kitap çapı üzərindən 18 faizlik ƏDV-nin lığv etməsi haqqında qərarı naşirlərin çoxdan gözlədikləri addım olub.

Ölkəmizdə sahibkarlığa dəstəklə bağlı dövlət proqramlarından özündə maarifçilik mesajı daşıyan kitab biznesinin də faydalanması və uğurlu bazar münasibətlərinə daxil olması vacib məsələdir.

Məlum olduğu kimi kitab dövrün sosial, siyasi, mədəni reallıqlarını əks etdirən yaradıcılığın nəticəsini əks etdirir. Digər tərəfdən kitab əmtəədir, kitab biznesinin istehsal məqsədi satışdır.

Ölkəmizdə yazıçı və naşir “zəncirinin” formalaşmasında, “ədəbi agent” institutunun yaradılmasında ciddi problemlər var. 90-cı illərdən bəri fəaliyyət göstərən özəl mətbəələr kitab çapına ehtiyatlı münasibəti nəticəsində daha çox kitabın estetik –bədii formasına yox, məhdud sayda özəl sifarişlərə üstünlük verirdilər. Kitab mağazalarının çox məhdud olması, kitab yayımı şəbəkəsinin dağılması bu biznesin qarşısını kəsən amillərdən saymaq olar.

Azərbaycanda kitab biznesinin uğuru daha çox naşirin və yazıçının çiynindədir.

Kitab biznesində sahibkarlıq mahiyyətcə yenilikçidir. Onun özəlliyi nədir? Naşir hər zaman eyni adlı kitabı istehsal edib sata bilməz. Kitabların məzmunu ətraf aləmin daim dəyişən reallıqlarını əks etdirir, ona görə də kitab bazarı daim yeni nəşrlər almalıdır. Yenilik, innovativlik kitab biznesində sahibkarlığın xarakterik xüsusiyyətidir, bu, yeni məhsulların istehsalına və paylanmasına daimi ehtiyac və artan risk ilə əlaqələndirilir.

Azərbaycanda kitab biznesinin dövlət inhisarından çıxması və özəl sektora keçidi nəticəsində bazar münasibətlərinə xas olan problemləri kəskinləşib.

Kitabın orta satış qiymətinin müəyyən edilməsi ilə bağlı  istehsalçılar arasında rəqabət güclənir. Bu isə nəşriyyatları elə oxucuları cəlb edəcək fərali təşviq sistemi qurmağa vadar edir. Bu sistem bir tərəfdən kitab satışının istehsal xərclərini ödəməli, mənfəəti artırmalı, eyni zamanda  mədəni-maarifçilik missiyasını yerinə yetirmək imkanı verməlidir. Belə rəqabət isə nəşriyyatları daim yeni mövzular, nəşrlərin yeni formatları, yeni yayım formaları axtarmağa, media nəşrlərinin inkişafına sərmayə qoyaraq istehsalı genişləndirməyə məcbur edir.

Belə vəziyyətdə investisiya istiqamətinin seçilməsi, marketinq strategiyasının hazırlanması və risklərin qiymətləndirilməsi ilə bağlı problemlər nəşriyyat işi üçün ən aktual məsələlərə çevrilir.

 

Kitab biznesində naşir əsas rol oynayır, o nəşriyyat işində əsas investordur. Çünki müəllifə, orijinal maketin hazırlanmasına, çap materiallarına və xidmətlərə, kitab ticarətinə sərmayə qoyur. Kitabın tirajını, fiziki və bədii xüsusiyyətlərini, satış qiymətini nəşriyyat müəyyən edir. Biznes prosesi nəşriyyatda cəmləşmiş hazır məhsulların intellektual istehsalına, marketinqinə bölünür.

Bu isə topdan və pərakəndə satış kanalları vasitəsilə kitab biznesində sahibkarlıq, istehlak bazarı ilə əlaqəni təmin edir.

Ölkədə kitab bazarının əsas xüsusiyyətləri hansıdır?

Mərkəzləşmə- Kitablar əsasən paytaxtda nəşr olunur. Regionalara çatdırılmasında əlçatanlıq, əhalinin ödəniş tələbi baxımından fərqlilik, tələbatın mövsümiliyi, vergi, kredit dərəcələri, icarə, enerji xərcləri sistemi vasitəsilə dolayı dövlət tənzimlənməsi – bunlar ən qabarıq gözə çarpan xüsusiyyətlərdir.

Kitab ticarətinin özəlləşdirilməsi kitab mağazalarının sayının xeyli azaldıb. Əhalinin gəlirlərinin azlığı, topdansatış əlaqənin olmaması, pərakəndə qiymətlər sisteminin qeyri-müəyyənliyi kitab istehlakçılarının dairəsini kəskin şəkildə daraldır, nəşriyyat məhsullarının azalmasına səbəb olur.

İnformasiya texnologiyaları da kitab biznesinin əhatə dariəsinin genişlənməsinə yol açır. İnternet, kitab-poçt, kitab klubları və s. kimi paylama kanalları istehlakçıların dairəsini genişləndirir.

Buna baxmayaraq kitab ticarətində mağaza forması sahibkarlar üçün aparıcı olaraq qalır, lakin indi o, müasir informasiya texnologiyalarına, maddi axınların idarə olunmasında logistika üsullarından istifadəyə əsaslanır. Sahibkarın uğuru getdikcə daha çox onun marketinq strategiyasından, rəqabət üstünlüklərini tapmaq və istifadə etmək bacarığından asılıdır.

İnkişaf etmiş ölkələrdən nümunə götürərək çap, nəşriyyat və kitab satışı şirkətləri arasında qiymət məsələsini gündəmə gətirir.

Kitab biznesi  arasında vahid qarşılıqlı əlaqə formatı məsələsi çox vacibdir. Yayım şəbəkəsinin zəif imkanları kitab biznesinin gələcək inkişafı yolunda əsas maneə olaraq qalır.

Bəs naşirlərin, ekspertlərin kitab biznesinin perpsektivləri barədə hansı qənaətləri var?

Onların fikrincə, kitab satışını tənzimləyən bir təşkilat olmalıdır. Kitab mağazalarının yaranması kommersiya işidir. Mədəniyyət Nazirliyi problemin həlli kimi imza günlərini aktivləşdirməyinin, mövcud kitab mağazalarının öz gücündən çox istifadə etməyinin, o cümlədən bölgələrdə kitab satış məntəqələrini daha genişləndirməyin tərəfdarıdır.

Dünya statistikasına görə, kitab mağazalarında kitabların yalnız 15 faizinin satıldığını bildirən «Altun» kitab nəşriyyatının direktoru Rafiq İsmayılov kitab satışının müxtəlif yolları olduğunu bildirir. Belə ki, təhsil ocaqlarında satışı təşkil etmək, kitabları kitabxanalar vasitəsilə və ya internet üzərindən satmaq olar.

Ekspertləin fikirncə, müəllifin özünün kitab nəşr etdirməsi və onun satışı ilə məşğul olması doğru deyil. Burada yazıçı və naşir arasında əlaqəni yaradan “ədəbi agent” sisteminin formalaşması mühümdür.

Yazar Varis Yolçuyev hesab edir ki, ölkədə kitab mağazaları çox azdır. Sahibkarlar kitaba sərfəli əmtəə gözü ilə baxmadıqlarından bu biznes sahəsinə maraq da çox azdır. Onun fikrincə, heç bir hökumət direktivləri ilə bu sahəni qaldırmaq olmaz. Yalnız yaxşı kitablar yazılmalı, oxucu kütləsi artmalıdır.

Şair Qismət Rüstəmovun fikrincə, Azərbaycanda kitab satışı deyəndə daha çox Bakıdakı kitab dükanlarının yaydığı statistikalara istinad edilir. “Min tirajla kitabı çıxan müəllifin kitabı alınmırsa, normal bazardan və oxucu kütləsindən danışmaq olmaz”.

Şairin fikrincə, normal kitab bazarının formalaşması üçün nəşriyyatlara faizsiz və uzunmüddətli kreditlər verilsə, onların fəaliyyət dairəsi genişlənər və şəbəkə formalaşa bilər.

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun fikrincə, ölkəmizdə mətbəələr hələ bir o qədər də inkişaf etməyib, onların ilk növbədə böyük, keyfiyyətli avadanlıqları yoxdur, həmçinin bu sektor hələ Avropadakı, Türkiyədəki kimi deyil: “Amma nəşriyyat işində inkişaf var. Yeni nəşriyyatlar yaranır, kitab dükanları açılır ki, bu da sevindirici haldır.

“Əli və Nino” mağazalarının sahibi Nigar Köçərlinin sözlərinə görə, kitab biznesində vəziyyət çox gərgindir və çətin bir dövrü yaşayır. Dünyada, Azərbaycanda da kitab ən vacib məhsul məhsul hesab olunmur. Əgər insanın qida və kitab almaq seçimi prioritetdirsə o zaman insan təbii ki, evə qida almağa üstünlük verəcək.

N.Köçərli həmçinin intenet imkanlarının hələ yeni-yeni inkişaf etdiyi qənaətindədir. Onun sözlərinə görə, Azərbaycanda onlayn satış təcrübəsi demək olar sıfır səviyyəsindədir.

 

Kitab yayımçılığı kitabşünaslığın vacib tərkib hissəsidir. Əgər hər hansı bir kitabın ərsəyə gəlməsi üçün ilk növbədə nəşriyyat fəaliyyətindən keçməsi vacibdirsə, ikinci mərhələdə o, poliqrafik icradan keçir. Anbarlarda toplanıb qalan hazır kitab son ünvana–oxucuya çatdıqdan sonra missiya bitmiş sayılır.

Hər bir nəşriyyat öz məhsullarını yayım etmək məqsədilə bu və ya digər şəkildə fəaliyyət göstərmək məcburiyyətindədir. Bu fəaliyyətin nəzəri əsası çox zaman nəşriyyatın fəaliyyət strategiyasından asılı olur.

Nəşriyyatlar fəaliyyətlərini daha uğurla həyata keçirmək məqsədi ilə müxtəlif üsullardan, metodlardan istifadə etməyə çalışırlar. Kitabın mövzusunu, məzmununu, ideya istiqamətini, oxucuya təsir dairəsini nəzərə almaqla onun təbliği və yayılması üçün ən zəruri vasitələrdən istifadə edilməsi bütövlükdə nəşriyyatın imicinə müsbət təsir göstərir.

Bu gün də nəşriyyatların fəaliyyətində dövlət sifarişlərini almaq və yerinə yetirmək vacib elementdir. Buraya dövlət sifarişlərinin yerinə yetirilməsi və ya dövlət əhəmiyyətli, dövlətin prioritet saydığı mövzularda ədəbiyyatın sifarişini yerinə yetirmək həm nəşriyyatların ictimai nüfuzunu, həm də maddi–texniki bazasını gücləndirir, onları rəqabət qabiliyyətli edir.

Nəşriyyat–oxucu istiqamətində nəşriyyatların fəaliyyəti istehlak bazarının dərindən öyrənilməsini tələb edir. Bazarın öyrənilmə dərəcəsi risklərin faizini müəyyənləşdirir. Əhalisinin sayı az olan ölkələrdə istehlak bazarına xidmət edən nəşriyyatların risk faizi yüksəkdir. Əhalinin sayı, təhsil səviyyəsi, sənayeləşmə və şəhərlərin sayı kitabların tirajını müəyyənləşdirən əsas elementlərdir.

 

Kitab biznesində müasir sahibkarlığın mahiyyətini təkcə cari işləri vaxtında və keyfiyyətli idarə etməyi bacarmaq deyil, həm də hadisələrin inkişafını proqnozlaşdırın və bunlara uyğun olaraq strategiya hazırlamaqdır.

Burada yerli və xarici təcrübəyə əsaslanaraq öyrənmək də vacib məsələdir. Bu məqsədə nail olmaq üçün proqrama mühazirələr, seminar şəklində praktiki məşğələlər, işgüzar oyunlar, müzakirələr, kitab biznesi təşkilatlarında konkret idarəetmə vəziyyətlərinin təhlili, situasiya məsələlərinin həlli və əldə edilmiş biliklərə nəzarət etmək üçün testlərdən istifadə daxildir.

 

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduğlunun fikrincə, 18 faiz ADV-nin ləğvi ümumilikdə ölkədəki kitab mədəniyyətinə çox böyük təsiri olacaq: “Həm kitab çeşidlərinin, həm də tirajlarının artmasına təkan verəcək. Ümumi qiymət isə ən az 20 faizədək aşağı enəcək. Qərarın qəbul olunması kitab sənayesinə, kitab nəşrinə və kitab mədəniyyətinə böyük diqqətin bir hissəsidir və alqışa layiq hərəkətdir”.

“Alatoran” nəşrlər evinin direktoru Rasim Qaraca da bu addımı kitab sahəsi üçün önəmli hadisə sayır. Onun sözlərinə görə, Azərbaycanda kitab qiymətləri baha olduğu üçün geniş oxucu kütlələrinə kitabların çatımlılığında problemlər var. Bu baxımdan qanun həm kitabın qiymətinin ucuzlaşmasına, həm də nəşriyyat işlərinin sürətlənərək daha effektiv olmasına gətirib çıxaracaq.

 

Demokratik cəmiyyətdə də kitab yayımı ictimai fəaliyyətdir və bir sıra ölkələrdə dövlət əhəmiyyətli fəaliyyət sahəsi hesab edilir. Hər hansı bir ölkədə kitab mağazasına girməklə həmin ölkənin elmi və bədii ədəbiyyatının real mənzərəsini, nəşriyyat fəaliyyətinin genişliyini, poliqrafiya imkanlarının keyfiyyətini və kitab yayım mədəniyyətini görmək və qiymətləndirmək olar.

 

R. Vahidqızı

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

“Daşnaksütyun” partiyasının sədri aksiyada saxlanıldı –

Sonrakı məqalə

Azərbaycanın və Litvanın birinci xanımları görüşüb